KXCP-də siyasi qalmaqal: Oqtay Gülalıyev Milli Şuraya görə müavinlikdən kənarlaşdırıldı

M. Mirəlioğlu; “…Dedim seçim et; ya Milli Şura, ya müavinlik”
rrKlassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, 01 noyabrda keçirilmiş seçkilər, partiyanın mövcud durumu və digər məsələlər müzakirə olunub. xural.com-a daxil olan məlumatlara görə sessiya gərgin müzakirələr və qarşıdurma səviyyəsində keçib. Bəzi məclis üzvləri partiyanın son zamanlar sərgilədiyi ugursuz siyasətə və seçkilərdəki iştirakına toxunaraq vəziyyətin dəyişdirilməsi təklifi ilə çıxış ediblər. Sessiyada diqqət çəkən məqamlardan biri sədrin siyasi məsələlər üzrə müavini Oqtay Gülalıyevin tənqidi sərt çıxışı və partiya sədrinin bu çıxışdan sonra atdığı addım olub.
KXCP sədrinin müavini, hüquq müdafiəçisi O.Gülalıyev öz çıxışında partiyanın hazırkı siyasi kursunu kəskin və sərt formada tənqid edib. O, 01 noyabrda Azərbaycanda seçki olmadığını, dövləti cinayətin baş verdiyini, hakimiyyətin növbəti dəfə qəsb olunduğunu bildirərək partiyanın nəticəsi öncədən bəlli olan bir prosesdə ugursuz iştirakının qeyri-məqbul olduğunu bildirib; “Seçkidə iştirak tərəfdarları deyirdi ki, seçki kampaniyasında iştirak edib mübarizə aparacayıq. Amma bu mübarizənin şahidi olmadıq. Deyirdilər ki, 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə edib sözümüzü deyəcəyik. Bu da olmadı. Deyirdilər ki, seçkidə iştirak edib saxtakarlıqları üzə çıxaracayıq, bu da baş vermədi. Digər tərəfdən, axı bu saxtakarlıq kim üçün aşkara çıxarlacaqdı. Bəyəm Azərbaycan xalqı və beynəlxalq təşkilatlar bu saxtakarlığı bilmir və ya görmür”. Daha sonra çıxışında O.Gülalıyev Azərbaycanda hakimiyyət dəyişikliyi üçün ciddi əsasların olduğunu bildirib; “MTN-lə bağlı baş verənlər göstərdi ki, bunlar daxildən bir- birilərini qırırlar, xalqın narazılığı artan xətt üzrə davam edir. Avropa Parlamentinin 10 sentyabr tarixli məlum qətnaməsi ölkəmizdə demokratik hərəkata həm də dəstəyin ifadəsidir. Hakimiyyət dəyişkənliyi üçün yalnız bir şey çatışmır. Müxalifətin mübarizəsini gücləndirmək və xalqın dəstəyini artırmaq… Əgər biz hakimiyyətin yalançı dialoq oyununda iştirak ediriksə, xalqın cibindən oğurlanaraq başa gələn, başdan-ayağa korrupsiya layihəsi olan Avropa Oyunlarına dəstək üçün gedib stadionda selfi çəkdiririksə, Əbülfəz Elçibəyi, cəhbəçiləri təhqir edən, hökümətdən paket alan, müxalifəti əzmək və ələ almaq üçün prezident aparatına “donos” yazan şəxslərlə birləşib hakimiyyətə qarşı mübarizə aparmaq görüntüsü yaradırıqsa xalq bizi dəstəkləyərmi? Təbii ki, yox. Ona görə də vəziyyətdən çıxış yolu odur ki, biz KXCP olaraq xalqımızın mənafeyinə uyğun prinsipial mövqe, ardıcıl siyasi iradə nümayiş etdirməliyik”. O daha sonra partiyanın seçkilərdə ugursuz iştirakını topladığı səslərlə ifadə edib; “Müsavat partiyası seçkilərdən çəkilməsinə baxmayaraq, 25 min civarında, yeni yaradılan REAL Hərəkatı 11.260, KXCP isə 10 min civarında səs toplayıb. Bu bizə lazım idimi? Niyə bu təşkilat belə aşağılayırıq? Biz bu təşkilatı hara aparırıq?”
Müavininin çıxışından sonra kürsüyə qalxan KXCP sədri Mirəlioğlu ittihamları və sualları cavablandırmaq əvəzinə, Milli Şuranı sərt tənqid edib. O, adı çəkilən qurumun xaricdən maliyyələşdiyini, xaricdən də sahibi və dəstəkçisi olduğunu bildirərək onun müavinin belə qurumda təmsil olunmasının mümkünsüzlüyünü bildirib: “Mən qurultaydan sonra dəfələrlə siyasi məsələlər üzrə müavinim Oqtay Gülalıyevlə müzakirələr apardım və ona bildirdim ki, seçimini etsin. Ya Milli Şura, ya da müavinlik. O seçim etmədi və Milli Şurada fəaliyyətini davam etdirdi. Mən bu gün onu müavinlikdən azad edirəm, bu gündən o müavin deyil”.
O.Gülalıyev çıxış üçün söz istəsə də, ona söz verilməyib. Əldə etdiyimiz məlumata görə, Milli Şurada fəaliyyətini və hakimiyyətə tənqidlərini davam etdirəcəyi halda keçmiş siyasi məhbusun KXCP sıralarından çıxarılacağı gözlənilir. Görünən odur ki, hakimiyyətlə dialoq və əməkdaşlıq yolunu seçən Mirəlioğlu Milli Şuradan məsafə saxlamaq istəyir. KXCP Ali Məclisinin sessiyasında baş verənlərlə bağlı Oqtay Gülalıyevə müraciət etdik. O, müavinlikdən azad olunması ilə bağlı xəbəri təsdiqləsə də, əlavə danışmaq istəmədi: “Mən sözümü Ali Məclisdə dedim. Sədr də mövqeyini o cür ifadə etdi. Müavin olaraq kiminlə işləyib-işləməmək sədrin hüququdur. Partiyadaxili məsələnin mətbuatda müzakirəsini doğru hesab etmirəm”
Xatırladaq ki, Oqtay Gülalıyev AXCP-nin mərhum sədri Elçibəy tərəfindən etimad göstərilərək partiyanın və BAB-ın Gənclər Təşkilatının sədri olub. 2000-ci ildə partiya parçalananda qurumun “klassiklər” qanadında fəaliyyətini davam etdirib. KXCP Ali Məclisinin katibi, İdarə Heyətinin üzvü və siyasi məsələlər üzrə müavin vəzifərində çalışıb. Hüquq-müdafiə fəaliyyəti ilə məşğuldur. 2012-ci ildə Sabirabadda şərlənərək həbs olunub. Cinayət Məcəlləsinin 220.2-ci maddəsi (iğtişaşlara çağırış) ilə ittiham olunub. “Amnesty İnternational” təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib. Sabirabad rayon məhkəməsinin 13 iyun 2012-ci il tarixli qərarı ilə polis nəzarəti altında olmaqla ev dustağıdır, ölkədən çıxışı yasaqdır. Bu gün də üzərində açıq cinayət işi var. 2013-cü ildə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat katibi olub. Hazırda qurumun Koordinasiya Mərkəzinin üzvüdür, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatorudur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button