Lətafət Məlikova: “Mən heç zaman satılası adam deyiləm”

Hakimiyyət lap yaxşı bilir ki, məni pulla ələ almaq mümkün deyil
Dünən saytımızda gedən “Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün” başlıqlı yazı rezonans yaradıb. Yazıda adı çəkilən bəzi QHT nümayəndələri zəng edib öz narazılıqlarını bildiriblər. xural.com olaraq hər kəsə bəyan etmişik ki, göndərəcəkləri təqdirdə cavab haqları mütləq yayınlanacaq. Yazı-xəbərdə adı çəkilən “Regional İnsan Hüquqları və Maarifləndirmə” İctimai Birliyinin sədri Lətafət Məlikova xural.com-a özünün münasibətini göndərib. Lətafət xanımın cavab haqqını dərc edirik:

“Düz bir aydır ki, Oqtay Gülalıyevdən xahiş edirəm ki, üzr istəyin, Koalisiya öz yoluna davam etsin. Seçkidən bircə pozuntu belə qeydə alınmayıb. Hakimiyyət ümumiyyətlə, koalisiyanı götürmək marağında olmayıb. Azad və ədalətli seçki keçirilib. Bəli, mənim dostlarımın bir çoxu seçilməyib. Sosial şəbəkədə yazdım. Uduzmağı qəbul etmək lazımdır. Sadəcə, Oqtay bəyin statusu koalisiyanın fəaliyyətini ləngitdi. 3 seçkidir ki, Monitorinq Qrupuna yüksək səslə seçilmişəm. 2010-cu ildə məhkəmə yolu ilə qeydiyyata alınmışıq. 6 ildə 2 dəfə layihə almışıq. Hakimiyyət lap yaxşı bilir ki, məni pulla ələ almaq mümkün deyil. Təsisçilərimiz də müsavatçılardır. İllərdir, mübarizə yolu tutub əksikliyə qarşı mübarizə aparmışıq, bu, belə də olacaq. Qaldı ki, layihə qazanmağımıza, bu, təşkilatımızın haqqıdır. Bu pul dövlətindir. Heç kimin şəxsi bankından maliyyələşmirik. Dövlətin borcudur ki, qeydiyyatdan keçən təşkilatları maliyyələşdirsin. Min 7.000 qrant alsaq da, bu rejimə müxalifətik və belə də qalacaq.
MQ qərarı tövsiyə xarakteri daşıyır. Heç bir gücü yoxdur. Qərarı Şura verəcək. O Şura ki, Oqtay bəy də oranın üzvüdür. Bizim tövsiyəmiz düşünürəm ki, sərt olmadı. Ümid edirəm ki, bu qovğalar yatacaq. Koalisiya yoluna davam edəcək. Elə Oqtay bəylə birgə. Qaldı ki mən heç zaman satılası adam deyiləm. Bunu bütün həyatımla sübut etmişəm. Allah qoysa, seçkilərdə Sizi Kürdəmirə dəvət edirəm. Gələrsiniz, birgə mübarizəmizə şahid olarsınız.”
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button