Lenin də “Wikileaks” imiş…

ABŞ diplomatlarının gizli yazışmalarını yayımlayaraq dünyanın diqqətini cəlb edən “Wikileaks” saytından əvvəl 1917-ci il oktyabr çevrilişinin memarı Vladimir İliç Leninin də belə bir addım atdığı məlum olub. SİA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Lenin Çar Rusiyası və müvəqqəti hökumətə aid gizli sənədləri mətbuata ötürməklə onları ifşa etmək istəyib. Bolşevik liderin açıqladığı sənədlər arasında İngiltərə-Rusiya-Fransa üçlüyünün Osmanlı İmperatorluğunun torpaqlarını bölməsini nəzərdə tutan gizli razılaşması da var.

Sovet diplomatı Vladimir Potyomkinin yazdığı və 1945-ci ildə çap etdiyi “Diplomatıya tarixi” adlı kitaba görə, Lenin keçmiş hökumətləri ifşa etmək üçün onlardan qalan gizli sənədlərin yayımlanmasını tələb edib. V.Potyemkin “Leninin yayımladığı gizli sənədlər bütün dünyanı sarsıtdı” ifadəsini işlədib. Sovet diplomatına görə, 1917-ci il oktyabr çevrilişindən sonra gizli sənəd, yazışma və müqavilələrin yayımlanması üçün Xarici İşlər Nazirliyinin tərkibində komissiya yaradılıb.

İlk günlər Çar Rusiyası dövrünün diplomatları yeni hökumətin arxivlərlə bağlı addımlarına qarşı çıxsa da, fasilələrlə həmin sənədlər çap edilib. Sovet rəhbərliyi 100-ü razılaşma olmaqla minlərlə gizli sənədi 1917-ci ilin noyabr-dekabr “Pravda” və “İzvestia” qəzetlərində yayımlayıb. Sonralar yayımlanan sənədlər 7 kitaba toplanaraq çap olunub.

Leninin yaydığı gizli sənədlər arasında Osmanlı torpaqlarının bölünməsini nəzərdə tutan “Sayks-Piko” razılaşması da var. “Sayks-Piko” sazişi 1916-cı ilin may ayının 18-də İngiltrə və Fransanın xarici işlər nazirləri Sayks və Piko arasında imzalanıb və razılaşma Orta Şərqin böyük bir hissəsinin onların nüfuz dairəsinə salınmasını nəzərdə tutub. Razılaşmaya daha sonra Rusiya da qatılıb. Gizli razılaşma bütünlüklə “Pravda” qəzetində 1917-ci il noyabrın 23-də verilib. Saziş daha sonra İngiltərənin “Manchester Guardian” qəzetində çap olunduğu zaman ərəb dünyası şoka düşüb. Çünki ingilislər daha əvvəl ərəblərə müstəqil ərəb dövlətinin yaradılması ilə bağlı vəd vermişdi. Bunun əvəzində isə ərəblər İngiltərənin tərəfində Osmanlıya qarşı müqavimət hərəkatına başlamışdı.

Leninin yayımladığı gizli sənədlər arasında Çar Rusiyasının Yaponiya ilə 3 iyul 1916-cı il tarixində imzaladığı gizli müqavilə də var. Müqaviləyə görə, hər iki dövlət Çində nüfuzunu gücləndirmək istəyən üçüncü ölkəyə qarşı birgə mübarizə aparmalı idi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button