Leyla Şıxliniskaya məhkəməyə gəlməsə də, işçiləri ifadə veriblər

Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmada ittiham edilirlər.

Təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində Leyla Eynullayeva şahid qismində ifadə verib. O, klinikanın qeydiyyat şöbəsində işlədiyini söyləyib. L.Eynullayeva maksimum aylıq 700 manat əmək haqqı aldığını bildirib.

Digər şahid, klinikanın keçmiş əməkdaşı Leyla İsmiyeva da ifadə verib. O, deyib ki, istintaqda ondan maaş alması və işə necə düzəlməsi ilə bağlı sualllar verilib. L.İsmiyeva işə düzələrkən Leyla Şıxlinskaya ilə görüşdüyünü və işə qəbul edildiyini bildirib. O, əmək haqqısını gördüyü işin qarşılığında faiz olaraq aldığını qeyd edib.

Şahid Hüseyn Əliyev də klinikanın keçmiş əməkdaşı olub. H.Əliyev iş üzrə təqsirləndirilən şəxslərin dördünü tanıdığını deyib. O, bildirib ki, 2003-cü ilin dekabr ayında işə qəbul edilib. 2006-cı ilə qədər klinikada işlədiyini deyən H.Əliyev qeyd edib ki, işi klinikada internet, komputer və proqram sisteminə nəzarət olub.

Digər şahid klinikanın əməkdaşı Səyalə Salmanova olub. Laboratoriyada işlədiyini deyən Səyalə Salamanova istintaqda klinikaya gələn xəstələrin ödəniş etməsi ilə bağlı danışdığını deyib.

“Soruşdular ki, xəstələr necə ödəniş edir. Biz də dedik. Ödənişi kassaya edirdilər. Biz də qəbzlə qəbul edirdik” – deyən şahid söyləyib ki, maaşı kartla alıb.

Sonuncu prosesdə Leyla Şıxliniskayaya məhkəməyə gəlməsi ilə bağlı xəbərdarlıq edilsə də, o, məhkəməyə gəlməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi. Bu ittiham Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button