Leyla Yunus Seymur və Nigardan yazdı

Artıq bir neçə aydır ruhumda “tutqun səhər”, bədənimdə ağrılar (həkimlər bir ağızdan deyirlər: “səbr et, daha betər ola bilərdi”), ağlımda isə Petr Todorovskinin şeiri: “Şəhərlərimizi tərk edirdik, qəlblərimiz isə orada qalırdı…”, növbəti sətri isə dilimə gətirə bilmirəm, çünki bizim həqiqətlərə uyğun deyil.

Və birdən xəbər gəldi ki, Nigar və Seymur birlikdə olacaqlar, həyatı əl-ələ, çiyin-çiyinə yaşayacaqlar.

2014-cü il gözümün qabağındadır. Aprelin 28-də bizi aeroportda saxladılar, 40 polis evimizə gecə basqını təşkil etdi, Arifi mikroinsultla “Təcili yardım” apardı, məni isə 9 saat dindirdikdən sonra valideynlərimin evinə gətirdilər. Necə olmuşdu ki, məni gətirdikləri saatda orada idi? Amma məhz o – Seymur Həzi maşından enməyimə kömək etdi və əlimi buraxmadı. Küçədə, dik pilləkənlərimizdə, mənzildə məni o gəzdirirdi. O, heç nə soruşmurdu, jurnalist kimi heç bir sual vermirdi, sadəcə əlimdən tuturdu və axtarış başa çatana qədər, axşamacan yanımda oldu… Daha sonra iyulun 30-da həbsimə qədər də Seymur yanımızda oldu.

İyunda Bakıda Azneftdə “Four seasons” otelində NATO-nun tədbiri keçirilirdi. Mənim dəvətnaməm var idi və NATO tədbirindəcə “vicdan məhbuslarımızı” müdafiə aksiyası təşkil etməyi qərara aldım. Məhbuslarımızın şəkillərini əks etdirən plakatlar hazırladım. Amma mən toplaşanlara müraciət edərkən, qanunsuz həbs olunanların azad edilməsinə çağırarkən bu plakatları saxlamağa köməkçi lazım idi. Müxtəlif qadınlara müraciət etdim: birinin həyat yoldaşı həbsdə idi, plakatda onun şəkli də var idi, o, cürət etmədi, qardaşı həbsdə olan digər qadın da NATO tədbirində qardaşının şəkli olan plakatı tutmaqdan qorxdu. Nigar Yaqublu dərhal razılaşdı. O, özünə köməkçilər də tapdı. O, təkcə plakatları saxlamadı, mən repressiyalar haqqında hayqırarkən o, mənim “arxa cəbhəm” oldu, aksiyamızın bütün texniki detallarını əlaqələndirdi. O olmasa heç nə alınmadı…

Bu iki gözəl, cəsur insanın birlikdə olmaq qərarına gəldiyini oxuduqda bu çətin, ağır zamanda ilk dəfə ümidim deyil, əminliyim yarandı ki, Petr Todorovskinin şeiri bizə də aiddir. O günə qədər yaşayacağımdan əmin deyiləm. Amma tamamilə əminəm ki, Nigar və Seymurun “Heç nəyə baxmayaraq, biz qalib gəldik!” deyə oxumaq üçün hər cür əsası olacaq.

Və həmin vaxt onlar hiss edəcəklər ki, mən onların yanındayam və cəsur əllərini sıxıram.

Leyla Yunus

P.S. Seymur, əzizim, o, həm də qeyri-adi gözəldir.

P.S.S. Tofiq, əzizim, sənə can sağlığı və uzun ömür arzu edirəm!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button