Leyla Yunusla Arif Yunusa görüşmək imkanı yaradılmalıdır

əvəz

Əvəz Zeynallı

Qanundakı boşluq doldurulmalıdır…

Leyla Yunusun məhkəməsində iştirak edə bildim. Apellyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsindən demokrat çıxdı. Arif Yunus normaldır, amma Leyla xanım çox dəyişib. Əsa ilə gəzir, sanki çox-çox qocalıb… Hakimlər Apellyasiya şikayətinin ruscasının təqdim edildiyi üçün, onunla tanış olmağa vaxt verdilər və prosesi təxirə saldılar. Ayın 15-də saat 15.00-da proses davam edəcək.
Məni başqa şey düşündürür. Qanunda boşluq var. Qanun həbs olunanların ailələri və yaxınları ilə görüşü tənzimləyir. Ağır Cinayətlərdə 4 aydan bir, xüsusilə ağır cinayətlərdə 6 aydan bir ailəvi görüşə icazə verilir. Amma ailə üzvünün ikisi də, ya da bir neçəsi azadlıqdan məhrum olunarsa, bu görüş halları nəzərdə tutulmayıb. Mən o zaman Kürdəxanıda idim. Tofiq Yaqublu da orada idi, qızı Nigar Yaqublu da. Onları faktiki bir neçə metr ayırırdı, amma görüşə bilmirdilər. Qanun yol vermirdi…
İndi də vəziyyət eynidir. Leyla Yunusla Arif Yunus həyat yoldaşıdırlar və hər ikisi də həbs olunublar. Onlara görüş imkanı yaratmağı qanun nəzərdə tutmayıb. Çünki hətta qanunqoyucu ərlə arvadın ikisinin də birdən həbs olunmasını təxmin etməyib. Qanunda boşluq var. O boşluğu aradan qaldırmalı, Leyla Yunusla Arif Yunusa həbsdə görüşmək imkanı tanınmalıdır. İndi cəmiyyətin tərəqqipərvər kəsiminin üstündə mübarizə aparacağı hədəflərdən biri də bu olmalıdır. Ən azından, hər kəs öz taleyini düşünməlidir. Leyla Yunusla Arif Yunusun taleyini aktiv və fəal olan hər ailə yaşaya bilər. O zaman necə olacaq?!
Məsələ geniş ictimai çevrələrdə müzakirə olunmalı və gərəkirsə Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. İnsanlara həbsdə olsalar da, ailələri ilə görüşmək imkanı tanınmalıdır. Lap ildə bir dəfə olsa belə. 3 gün o qədər böyük müddətdir ki, ailə 3 gün ərzində tam motivasiya ola bilir. Düşünün ki, Leyla Yunus və Arif Yunusa 3 gün görüşmək imkanı verilir. Motivasiya üçün yetməzmi? Yetər də artar!
Mən həbsxanada belə adamlarla qarşılaşmışam. Məşhur Hacı Məmmədov da, həyat yoldaşı da həbsdədirlər. Onlar illərdir görüşmürlər. Həbsdə olanda MTN-in bir ailəni – ana, qardaşlar, gəlinlər – həbs etdiyinin şahidi olmuşdum. Daha doğrusu, onlarla bir zamanda bir məkanda idim. İndi hamısına uzun müddətli həbslər veriblər. Təbii ki, onlar da görüşmürlər güman ki. Lap son olaraq Sirac və Fərəc Kərimli qardaşlarını bilirik. İki qardaşın zaman-zaman qanunun imkan verdiyi ölçüdə görüşmələri lazımdır. Amma görüşə bilmirlər…
Hesab edirəm ki, bu ağrılı problemin ortadan qaldırılması üçün qollarımızı çırmalamalıyıq…
İşə vəkillərin vəsatətlərindən başlamaq olar…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button