Liviya xalqı diktatorun cəsədini küçələrdə sürüdü

Devrilmiş polkovnik də Səddam Hüseyn kimi kanalizasiya borusunda gizlənibmiş

Dünya daha bir diktatorun sonuna şahidlik etdi. Liviyanı 42 il dəmir yumruqla idarə edən, bu ilin fevralında başlanan xalq üsyanı nəticəsində devrilməsinə baxmayaraq, gizləndiyi doğma şəhəri Siirtə sığınaraq, müxalifətə qarşı müqavimət göstərən Müəmmər Qəzzafi nəhayət, ötən gün elə doğulduğu şəhərdə də öldürüldü. Özü də Iraqın keçmiş diktatoru Səddam Hüseyn kimi kanalizasiya borusunda gizlənməyə çalışarkən… Xatırlayırsınızsa, Səddam Hüseyn də koalisiya qüvvələrindən qaçaraq, kanalizasiya borusunda gizlənmişdi. Onun 12 yaşlı nəvəsi və 2 oğlu isə koalisiya qüvvələri ilə atışmada ölmüşdü.

Liviyanın yeni hökumətinin rəsmisi Əbdül Məcid bildirib ki, Qəzzafi hər iki ayağından yaralı vəziyyətdə ələ keçirilib. Rəsmilər qeyd edib ki, hökumət qüvvələri Qəzzafinin gizləndiyi yerə yaxınlaşarkən 42 illik diktator “vurmayın, vurmayın”, – deyə yalvarmağa başlayıb.

Liviyalılar öldürülmüş diktatorun meyitini Siirt küçələrində sürüyüblər. Müvəqqəti hökumətin başçısı Mahmud Cibril keçirdiyi mətbuat konfrasında bildirib ki, Liviya xalqı bu anı uzun zamandır gözləyirdi: “Müəmmər Qəzzafi öldürülüb. Liviyanı 42 il dəmir yumruqla idarə edən Qəzzafinin cəsədi Misrata şəhərinə aparılıb”.

Qəzzafinin oğullarının biri məzara, o biri isə həbsə getdi

Liviyanın devrilmiş diktatoruyla yanaşı, onun oğlu Mütəəssim Qəzzafi də öldürülüb. “France Presse” agentliyinin yaydığı məlumata görə, Milli Keçid Şurasının nümayəndəsi onun cəsədinin tapıldığını bildirib. Qəzzafinin digər oğlu, onun varisi hesab edilən Seyfülislamın isə bir neçə gün əvvəl NATO-nun keçirdiyi hava əməliyyatı zamanı Beni-Vəlid şəhəri yaxınlığında öldürüldüyü barədə xəbər yayılsa da, dünən gecə saatlarında onun üsyançılar tərəfindən ələ keçirildiyi haqda məlumat açıqlandı.

42 illik rejimin müdafiə naziri və baş “çekist”i də öldürüldü

Bundan başqa, Qəzzafi qoşunlarının komandanı, devrilmiş rejimin müdafiə naziri Əbu-Bəkr Yunis Cəbr və kəşfiyyat qurumunun rəhbəri Abdulla Sanussinin də öldürüldüyü Liviyanın yeni hökuməti tərəfindən təsdiqlənib: “Keçmiş müdafiə nazirinin cəsədi əlimizdədir. Cəsədlər təcili yardım avtomobilində Misrataya göndərilib”.

Əvvəlcə ayağından yaralandı...

Dünən gün ərzində Müəmmər Qəzzafinin taleyi barədə ziddiyyətli xəbərlər yayıldı. Məlumatlarda deyilirdi ki, Siirt şəhərində döyüşlər zamanı devrilmiş diktatorun olduğu sığınacaq aşkarlanıb. Həmin yerin NATO və üsyançılar tərəfindən bombardman edilməsi nəticəsində Qəzzafi ayağından yaralanıb. Məlumatı Liviya Milli Keçid Şurasının təmsilçisi Əbdül Məcid də təsdiqləyib.

Despotizmin sonu, yeni dönəmin başlanğıcı

Devrilmiş diktatorun öldürülməsinə dünya liderləri münasibət bildirib. Avropa Birliyinin prezidenti Erman Van Rompuy Qəzzafinin ölümünü “despotizm çağının sonu” kimi qiymətləndirib.

Qəzzafinin ölüm xəbəri yayıldıqdan sonra Liviyanın müxtəlif bölgələrində küçələrə axışan insanlar sevinc mitinqi keçiriblər. Insanlar şüarlar səsləndirərək, Liviyada yeni dönəmin başlanmasını qeyd ediblər.

Diktatorun doğma şəhəri də üsyançıların əlinə keçib

Qəzzafi öldürülməmişdən əvvəl onun doğma şəhəri Siirt uğrunda şiddətli döyüşlər gedib. Liviya Milli Keçid Şurasının hərbi qüvvələri Siirt şəhərinə nəzarəti ələ keçirib. “Reuters” agentliyinin yaydığı xəbərə görə, Liviyanın devrilmiş diktatorunun doğulduğu şəhərdə son müqavimət qalası da məhv edilib. Keçid hökuməti qoşunlarının komandanı, polkovnik Yunus əl-Abdali deyib ki, artıq şəhərdə Müəmmər Qəzzafiyə sadiq qüvvələr qalmayıb: “Siirt azad olunub. Indi biz qaçmağa çalışanları taparaq, onların işini bitiririk”.

Bədəvi çadırından hakimiyyət dəhlizlərinə doğru

 1942-ci ildə Siirt şəhəri yaxınlığında bir səhrada doğulan Müəmmər Qəzzafi Misir lideri və Ərəb millətçisi Camal Əbdül Nəsirin heyranı idi. 1956-cı ildə Süveyş böhranı zamanı Israil əleyhinə keçirilən aksiyaların fəallarından biri idi. Qəzzafi hərbi litseydə oxuduğu zaman kralı devirmək planlarını nəzərdən keçirməyə başlayıb. Oxuma və yazması olmayan bir Bədəvi çobanın oğlu olan Müəmmər Qəzzafi 1969-cu ildə ölkənin ilk kralı birinci Idrisə qarşı digər leytenantlarla birlikdə həyata keçirdiyi qansız hərbi çevriliş nəticəsində Liviyanın rəhbəri postuna əyləşib.

27 yaşlı gənc leytenant – krala qarşı
qansız çevrilişin
lideri

Həmin illərdə sadəcə, 27 yaşında olan Qəzzafi Liviya ordusundakı ən yüksək mövqe sayılan polkovnik rütbəsinə yüksəldildi. Bundan sonra ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Liviya dövlətinin lideri elan olundu. Hakimiyyətdə olduğu 42 il ərzində ölkəni dəmir yumruqla idarə edən Qəzzafi Qərb dövlətləri tərəfindən zamanın ən sərt diktatorlarından biri kimi qəbul olunmuşdu.

Və nəhayət...

Tunisdə başlayan, Misirlə alovlanan üsyan dalğası Liviyaya da çatdı. 2011-ci il fevralın 15-də 42 illik diktatura rejimindən bezən liviyalılar küçələrə axışdılar. Liviyada ilk etirazlar bu tarixdən başlasa da, rejim əleyhdarları 17 fevralı Üsyan Günü elan etdilər. Məqsəd isə minlərlə insanı meydanlara toplamaq idi. Xüsusən də ölkənin iri şəhərləri Benqazi, Əcdəbiyyə, Dərnah və Zintanda kütləvi etiraz aksiyaları baş tutdu. Qəzzafi elə ilk gündən dinc nümayişçilərə qarşı silaha əl atdı. Etirazçıların tələblərinə məhəl qoymayacağını açıq çəkildə söyləyən diktator, hətta onları “tarakan”a da bənzətdi.

42 illik rejim 7 aya devrildi

Bütün ölkəni bürüyən üsyan dalğası 42 illik diktatorun vecinə olmadı. O, daxili və xarici təzyiqlərə məhəl qoymadan qanlı əməllərini davam etdirdi. Sonda BMT Təhlükəsizlik Şurası Liviyada Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların keçirilməsini nəzərdə tutan qətnamə qəbul etdi. NATO qırıcıları rejimin hərbi obyektlərini hədəf aldı. Diktator dirəniş göstərmək üçün Afrika ölkələrindən muzdlu əsgərlər gətirtdi. Lakin bütün bunlara baxmayaraq, xalqın etimadını itirmiş Qəzzafi rejimi hər ötən gün sona doğru gedirdi. Özünə sadiq yaraqlıların sayəsində yalnız paytaxt Tripoliyə nəzarəti əlində saxlayan Qəzzafi, nəhayət, avqustun 22-də devrildi.

Tural

http://www.youtube.com/watch?v=PgsOy41tLAo&feature=related

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button