Məcburam bunları deməyə…

Paşa Qəlbinur: “Mən uşaq deyiləm ki, məni aldadıb aparsınlar”

Ağalar Bayramov: “Sabir bəy buradan İran prezidentinə məktub yazıb, yalançı qəhrəmanlıqla məşğul olanda, Ağaların ömrü-günü səngərlərdə keçirdi”

Sabir bəy narahatdır, çünki belə şeylərin üstü əvvəl-axır açılır, kimsə bunun üstünü açmalı idi – Ağalar Bayramov açdı…

Ağalar Bayramovun müsahibəsi sözün bütün mənalarında rezonans doğurub. Dünya Azərbaycanlıları Konqresi kimi həssas bir mövzunu gündəliyə çıxarması və bu məsələnin bu günlərə gəlməsində xalq şairi Sabir Rüstəmxanlını ittiham etməsi qarşı tərəfin də hərəkətə keçməsinə səbəb olub. Beləliklə, DAK məsələsi ölkə mətbuatının gündəminə oturub. İki ayrı DAK-a sahib olan və ictimai rəydə «Paşa Qəlbinurun rəhbərlik etdiyi DAK» və «Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK» kimi yerləşən təşkilatların nə işlə məşğul olduqlarını cəmiyyətə çatdırmaqla xeyirli iş gördüyümüz qənaətindəyik. Biz məsələni ümumi bir dəyirmi masada müzakirə etməyə hazırlaşarkən, DAK-ın Paşa Qəlbinur qanadı tam heyət redaksiyamıza təşrif buyurdu. Fürsəti fövtə vermədik və dərhal diktofonlarımızı işə saldıq. Həm DAK-ın sədri, professor Paşa Qəlbinur, həm DAK İdarə Heyətinin üzvü, əməkdar qiraət ustası Ağalar Bayramov, həm də DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Nadir Orucov baş verən məsələlər və DAK-ın Londonda keçirilən qurultayı haqqında danışdılar.
Buyurun, Əziz Oxucular, məsələdən siz də hali olun…

Dünya Azərbaycanlilari Konqresinin Nizamnaməsi


1. Ümumi prinsiplər
1.1.Dünya Azərbaycanlıları Konqresi (bundan sonra DAK) Azərbaycanda və ondan kənarda yaşayan Azərbaycanlıların milli hüquqlarının bərpası və bir xalq kimi öz müqəddəratını özünün təyin etməsi uğrunda mübarizə aparan müstəqil ictimai təşkilatdır.
1.2. DAK BMT nizamnaməsini ve ümumdünya insan haqları bəyannaməsini rəhbər prinsip kimi qəbul edir. “İctimai Birliklər haqqında” qəbul edilmiş beynəlxalq normalar, könüllülük ve üzvlərinin hüquq bərabərliyi əsasında öz fəaliyyətini bu Nizamnaməyə uygun şəkildə qurur.
1.3. DAK beynəlxalq ictimai birliklərə daxil olur, birbaşa əlaqələr saxlayır, müvafiq sazişlər bağlayır.
1.4. DAK öz fəaliyyətini Azərbaycanda, həmçinin azərbaycanlıların yaşadıgı digər ölkələrdə həyata keçirir.
– Dünya Azərbaycanlıları Konqresi (DAK) yaranarkən hər birimiz sevindik ki, artıq millətimizi birləşdirəcək, onun problemlərini dərindən çözə biləcək, onların həllinə çalışacaq bir qurum yarandı. Lakin vəziyyət elə gətirdi ki, bir deyil, iki DAK fəaliyyət göstərməli oldu. Bu dublikatlığın ağır nəticələri artıq Azərbaycan üçün tanışdır. Parçalanmalar hər zaman millətimizin böyük amallara doğru irəliləməyə mane olub. Çox təəssüf ki, Azərbaycan üçün çox ağır olan günlərdə yaranmış partiyalar var idi ki, onlar da sonradan bir, iki, hətta 3-4 yerə parçalanaraq, ayrılıqda fəaliyyət göstərmək istədilər, lakin sonunda qarşıya qoyulan məqsədlərin heç birinə nail olmadılar. Bu gün də belə bir hadisə DAK-ın başına gətirildi. Artıq iki DAK fəaliyyət göstərir – Sabir Rüstəmxanılının rəhbərlik etdiyi DAK və Paşa Qəlbinurun rəhbərlik etdiyi DAK… Azərbaycan insanı bunu sizdən gözləmirdi. Necə fikirləşirsiniz, yenidən birləşməyiniz mümkündürmü?

Paşa Qəlbinur
DAK sədri:

Qısa məlumat: Paşa İsmayıl oğlu Musayev (Paşa Qəlbinur) 1952-ci il, martın 30-da Şəmkirin Çinarlı kəndində anadan olub. 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həmin ildən Gəncə və Bakı şəhərlərində göz həkimi işləyib. 1981-ci ildə Azərbaycan Tibb İnstitutunun Oftalmologiya kafedrasının assistenti, 1988-ci ildən professoru, 1990-cı ildən isə həmin kafedranın müdiridir. 1987-ci ildən tibb elmləri doktorudur. 1989-cu ildən Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin üzvü, 1994-cü ildən Amerika Oftalmologiya Akedemiyasının həqiqi üzvü, 1997-ci ildən Amerika və Türk Dünya Cümhuriyyətləri Oftalmoloji Birliyi İdarə Heyətinin üzvü seçilib. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Paşa Qəlbinur “Ay bir əlçim buluddur” (1984), “Payız məktubu” (1987), “Rəngli göz yaşları” (1990), “İtmiş həsrət kimi” (1996) şeir kitablarının müəllifidir. 2008-ci ildə DAK-ın X qurultayında qurumun həmsədri seçilib.

– Mən sizə xırda informasiya verim. 1997-ci ildə DAK ABŞ-da təsis olundu. O zaman onun bir qurum olaraq sənədləri həmin dövlətin Ədliyyə Nazirliyində qeydiyyata alındı. DAK-ın sıxma möhürü mövcuddur. O sənədlər də, o möhür də məndədəir. Yəni artıq XI qurultaydır ki, onlar əlimdədir. Bilirsiniz, yeni sədr təyin olunarkən, təhvil-təslim işləri aparılır və bütün bu əhəmiyyətli şeylər yeni sədrə həvalə olunur. Çünki ən azı artıq təşkilatın da məsuliyyəti yeni sədrin üzərinə düşür. 2008-ci ildə DAK-ın Brüsseldə keçirilən X qurultayında DAK-ın həmsədri seçilərkən Əhməd Obalı bütün bu sənədləri mənə təslim etdi. Əgər bu il mən yenidən həmsədr seçilməsəydim, başqa biri seçilsəydi, təbii ki, bütün bunları həmin adama təslim edəcəkdim. Bu gün fəaliyyət göstərən və mənim də həmsədr olduğum DAK 1997-ci ildə ABŞ-da təsis olunan DAK-ın varisi, davamçısıdır. Bu illər ərzində DAK-ın tərkibindən müəyyən ayrılmalır və sonradan birləşmələr olub. Hal-hazırda iki DAK adlı təşkilat var. Biri Sabir Rüstəmxanlının DAK-ı, digəri isə professor Qulamrza Səbri Təbrizinin fəxri sədr olduğu və mənim də həmsədri olduğum DAK. Onu da qeyd etmək istərdim ki, mənim bu günə qədər nə Sabir bəylə, nə də başqa kimlərləsə heç bir problemim olmayıb və yoxdur da. Onların üzvləri ilə görüşərkən çox mehriban şəkildə görüşürük, hal-əhval tuturuq. Çünki illərdir biz tanışıq. Yəni demək istədiyim odur ki, onlarla bizim aramızda insani problemlər yoxdur. Mətbuat məsələni bəlkə də həddən artıq şişirdir.Mən bu gün də DAK-dan DAK ayrılmasını bir faciə hesab eləmirəm. Ola bilər, hansımızınsa gücü daha çoxdur. Tutaq bizim, ya da onların gücü çoxdur. Bunu xalq görür, xalq hiss edir. Ancaq eyni nöqtəyə vururuqsa, nizamnamələrimiz eynidirsə, Qarabağ dərdi ilə ürəklərimiz döyünürsə, Güney Azərbaycan faciəsi qarşımızda durursa, soydaşlarımız zorakılıqla qarşılanaraq bütün dünyaya səpələniblərsə, Qazaxıstanda, Orta Asiyada, Gürcüstanda, Avropada, ABŞ-da yaşayan soydaşlarımızın taleyi hər birimizin ürək ağrısıdırsa, deməli, ortada əsaslı bir faciəyə çevriləcək məsələ yoxdur. Təsəvvür edin ki, bütün bu sadaladığım məsələlərlə bağlı böyük bir qoşun bir tərəfdə dayanıb mübarizə aparır, kiçik bir qrup da bu biri tərəfdə dayanıb. Hədəflər eynidir. Amma təbii ki, birlik olsa daha artıq nəticələr əldə etmək olar. Düşmənimiz, dərdimiz birdir. Bu da bizi birləşdirməlidir.

– Bu mübahisələr işərisində DAK-ın XI qurultayı keçirildi…

– Bu qurultayda 20 ölkədən 200-dən artıq nyümayəndə heyəti qoşulmuşdu. Bu nümayəndələr çox demokratik bir şəkildə iki həmsədr seçdilər. Əvvəl 19 nəfər İdarə heyətinin üzvü seçildi. Dünyanın müxtəlif ölkələrindən olan 3 nəfər MTK-ya üzv seçildi. Azərbaycandan da İdarə Heyətinə mən, prof Vaqif Sultanlı və Ağalar Bayramov seçildik. İki həmsədr – mən və ABŞ-dan «Günaz» TV-nin rəhbəri Əhməd Obalı elə bu vəzifədə saxlanıldıq… Azərbaycan nümayəndəliyinin başçısı kimi də Nadir Orucov seçildi. Qadınlar Şurasının sədri Əsmayə Cavadova seçildi. O, millət vəkili Ərəstun Cavadovun həyat yoldaşıdır. Qurultayda nəzərə alındı ki, strateji araşdırmalar üçün bir bölmə yaradılsın və ona başçılığı da Əmir Pəhləvan etsin. Qazaxıstandan, İsveçdən, İngiltərədən olan soydaşlarımız da müvafiq vəzifələrə seçildilər. Təklif olundu, 5 nəfər İdarə Heyətindən ibarət komissiya yaradılsın. Mən orada həmin komissiyanın sədriyəm. Bizim üzərimizə vəzifə qoyuldu ki, biz ikinci DAK-la, Sabir Rüstəmxanlı ilə danışıqlar aparaq və birləşmə yollarını birgə arayaq.

– Bunun özü çox müsbət haldır ki, siz tərəfdən belə bir mühüm addım atılıb.

– İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, bu komissiya yaradıldı. Biz danışıqların müvəffəqiyyətlə alınacağına ümid edirik. Oturub bir masa arxasında bütün problem görünən məsələləri müzakirə edəcəyik. Mənə elə gəlir ki, ümumi razılıq əldə edə biləcəyik. Əgər edə bilməsək, daha başqa yollar axtarılacaq…

– Necə birgə masa arxasında əyləşəcəksiniz, əgər tərəflərdən biri bundan imtina edirsə…

– Necə imtina edir? Biz axı bu haqda müəyyən qərarlar qəbul etmişik…

– Mən sizdən soruşanda ki, Sabir Rüstəmxanqlıgildə bir dəyirmi masa olsaydı, qatılarsınızmı? Siz bildirdiniz ki, biz onlarla bir masa arxasına oturmarıq…

– Bilirsinizmi, məsələ nə cürdür?

– Bəlkə təşkilat olaraq bir masa arxasında oturmaq istəməmisiniz?


– Bir təşkilatın hamısı masaya oturmaq istəmir ki… Söhbət 5 nəfərdən gedir. İlkin olaraq onlarla görüşlərimiz, söhbətlərimiz olacaq.

– Yəni sizə həvalə olunub ki, Sabir Rüstəmxanılının başçılıq etdiyi DAK-la birləşmə məsələlərini müzakirə edəsiniz?

– Bəli… Müzakirə edək ki, ortaq bir qənaətə gələk. Birləşməni yaxınlaşdıraq. Bunun üçün də vaxt lazımdır. Çünki dünyanın hər bir nöqtəsindən olan insanlar ümumi qənaətə gəlməlidirlər. Bu da toplantısız mümkün deyil.

– Sabir bəy deyir ki, sizi aldadaraq ora aparıblar.

– Mən uşaq deyiləm ki, məni aldadıb aparsınlar. Artıq iki ildir oradayam. Əgər bu gün getsəydim, bəlkə də bunu ehtimal kimi qəbul etmək olardı. Ancaq 2 ildən artıq bir müddət keçib. Bu gün də DAK-ın həmsədriyəm. Ondan əvvəl də uzun müddət DAK-ın üzvü olmuşam. Bir müddət də DAK-ın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri olmuşam. Yəni neçə illərdir ki, mən bu təşkilatın fəallarından biriyəm. Bu gün gəlməmişəm ki? İstənilən adamı bəlkə də aldatmaq olar, ancaq yaşlı-başlı bir adamı aldatmaq nə qədər düzdür. Məsələ belədir.

– Sabir bəy deyir ki, Ağalar Bayramov bizim tədbirlərdə şeir oxuyurdu. DAK-ın NTK-nin sədri Samir Əsədov da deyir ki, Ağalar Bayramov kim pul verirsə, onun tərəfinə keçıb, qarşı tərəfi tənqid edir…

Ağalar Bayramov
DAK İdarə Heyətinin üzvü:

– Adını xalq şairi qoyan adam qatığı öz rəngində görməyi də bacarmalıdır. Şeir söyləmək nə vaxtdan yasaq, ya da ayıb olub? «Dəlilərim, bu gün dava günüdür» deyirdi Koroğlu, «Bir gün ələ almaz olsam sazım, Ərşə dirəy-dirəy qalxar avazım» deyirdi Şah babamız Xətai. Sabir bəyin öz dililə deyirəm. Deyirdi ki, “biz şeirin qanadlarında dünyaya gəlmişik”. Bəli, mən şeiri tək demirəm, mən şeirlə yaşayıram. İndi müğənni də çoxdur, xanəndə də çoxdur, meyxanaçı da çoxdur, şou aləmində at çapanlar da çoxdur. Ancaq bədii qiraətlə məşğul olan çox az adam qalıb. Mikayıl Mirzədən, Həsən Əblucdan sonra Əminə Yusifqızı, Nadir Hüseynov, İlham Əsgərov və bir də mən – Ağalar Bayramov… Şeir demək nə vaxtdan qəbahətdir? Bəyəm Sabir bəy şeirə dodaq büzür? Mən başa düşə bilmirəm. Xalqın şairi belə sözü ümumiyyətlə, ağzına alıb danışmaz. Məcburam bunu deməyə… Sabir bəy buradan İran prezidentinə məktub yazıb, yalançı qəhrəmanlıqla məşğul olanda, Ağaların ömrü-günü səngərlərdə keçirdi. Bu gün mənə Şəhid Ailələri Cəmiyyətindən zəng vurub deyirlər ki, “Ağalar bəy, Füzuliyə gedirik, sizi istəyirlər”. Günüm səngərlərdə keçir. Mənim saf qəlblə, saf əqidə ilə söylədiyim hər bir şeir böyük bir orduya bərabərdir və mən də bununla qürur duyuram. Sabir bəy 2004-cü il yanvarın 16-da, mənim ad günümdə dedi ki, “Ağaların söylədiyi bitkin bir şeirin təsiri bəzən yazılmış bir dram əsərinin göstərdiyi təsirdən çoxdur. Qaldı Samirin dediklərinə, mən onu yaxından tanımıram, amma deyilənlərə görə cavan bir uşaqdır. Onun günahı yoxdur. Bütün sözlərin sahibi Sabir Rüstəmxanlıdır. Kərbalayi İsmayıl demişkən, «özləri oturub, bunu qabağa veriblər». Sabir bəyin özü ilə oturub söhbət eləmək lazımdır ki, belə olmaz. Haqqın yanında olmaq lazımdır, haqqı itirməklə biz özümüzü itirmiş oluruq. Səhvləri etiraf etmək lazımdır, qatığı öz rəngində görmək lazımdır. Bu atışlar nəyə lazımdır? Sabir bəy narahatdır. Çünki onsuz da belə şeylərin üstü əvvəl-axır açılır. Kimsə bunun üstünü açmalı idi, Ağalar Bayramov açdı. Bu millət bilməlidir ki, separatçı kimdir, əsl yolu ilə gedən kimdir. Millətin hissləri ilə oynamaq lazım deyil. 2007-ci il dekabrın 3-də Sabir Rüstəmxanlı ilə Əhməd Obalı birləşmək haqqında sənəd imzalayıblar. Buyurun, bu da onun şəxsi imzası. Bu adam öz imzasına belə hörmət qoymadı. Buna Sabir bəyin digər yerliləri nə deyirlər? Vətəndaş Həmrəyliyi Partiyasının yaradıcısı vətəndaşların həmrəyliyini dağıtmaqla məşğul olmalı deyil. Camaatın gözünə kül üfürmək olmaz. Məni yandıran bilirsinizmi nədir? İcazəli cəsarət yalançı müxalifət kimi bir şeydir. Belə məqamlarda adam çıxış yolu tapmırsa, ən azı durub etiraf etməlidir ki, mənim yolum icazəli cəsarətdən keçir. Camaat da bilsin. Səməd Mənsur belə şeylərə «həbsirəngidir» deyirdi – rəngləmək, çatlaqları malalamaq nəyə lazımdır? Məni yandıran budur. Oturub başını aşağı salıb, iş-gücü ilə məşğul olsun. Mən bir söz deməzdim, elə sizə müsahibə verəndə də. Paşa müəllimin sözü olmasın, hərə öz yerində «Vətən» desin və işi ilə məşğul olsun. Bəyəm «Vətən» deyənlərə də paxıllıqları tutur? Nəyə lazımdır Britaniya səfirliyinə zəng vurub demək ki, bizim qurultayımız Almaniyada keçiriləcək. Allah rizası üçün keçirin. Bəyəm biz Almaniya səfirliyinə zəng vurub deyirik ki, biz qurultayımızı B.Britaniyada keçiririk? Acı söz göynədər. Amma oğul ona deyirəm ki, həqiqətin gözünə dik baxıb, səhvlərini etiraf etsin. Mən kişi o adama deyərəm. Nəyə lazımdır bütün bunlar? Orda-burda deyirlər ki, Ağalar Bayramov pul alıb.

– Kimlər deyir?

Davamı gələn sayımızda

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button