Məhəmməd Talıblı: “Kredit çatışmazlığı tənəzzül gətirəcək”

İqtisadçı ekspert Məhəmməd Talıblının Mərkəzi Bankın İdarə Heyətinin 14 sentyabr 2016-cı il tarixli qərarını şərhi

Bildiyimiz kimi Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Əgər bir neçə aydır ki, MB-ın uçot dərəcəsi 3 faiz səviyyəsində müəyyənləşirdisə, son bir ay ərzində 9,5% səviyyəsinə qədər qaldırmışdı. Üç gündən sonra isə bu hədd 15% səviyyəsinə qədər qaldırılacaq. Bu isə o deməkdir ki, bir neçə ay ərzində MB-ın uçot dərəcəsini 5 dəfədən çox artmış oldu. Demək, MB digər üsullarla kredit tələbini təmin etməyin başqa yollarındansa, yalnız uçot dərəcəsini yüksəltməklə tələbi aşağı salmaq yolunu seçir.
Bilirsiniz ki, banklarda kredit təklifi xeyli azalıb, limitlərlə kredit verən banklar qalıb. Şərtlər bankların xeyrinə ağırlaşıb. Kredit tələbi artıb, bankların isə kredit təklifi məhdudlaşıb. Bu qeyri-müəyyənlik isə banklarla bağlı ajiotajın əsas səbəblərindəndir. Nəzəriyyədən məlumdur ki, tənzimləyici monetar qurum (bizdə MB) uçot dərəclərini artırmaqla kreditə tələbi azaltmaq, banklara əmanətlə yığımlarını isə artırmaq məqsədinə nail olmaq istəyirlər. MB-nin belə “bahalı” pul siyasəti bankların maliyyə imkanlarını çətinləşdirəcək. Bank kreditlərinə tələbi aşağı salacaq. Amma nəzərə alaq ki, bazar iştirakçıları kredit resurslarını əldə etmək imkanları çətinləşəndə bu, eyni zamanda mal və xidmətlərin istehsalı tempini də aşağı düşməyə başlayacaq.
Bankların daxili ehtiyatları tükənir. Xarici öhdəliklərini icra etmək çətinləşir. Verdikləri kreditlərin geriyədönüşündə ciddi problemlər yaranır. Başqa sözlə, problemli kreditlərin toplam kredit portfelində xüsusi çəkisi artır. Belə bir vəziyyətdə bank ehtiyatlarının 65-70%-i kreditləşmə hesabına həyata keçirən bankların kreditlərsiz fəaliyyətini necə həyata keçirəcəkləri çox müəmmalıdır. Bu addım isə kredit təklifini azaltmaq məqsədilə edilir. O zaman bankların imkanlarının artırılmasının alternativləri düzgün müəyyənləşməlidir.
Valyuta bazarında psixoloji təzyiqləri də unutmaq olmaz. Çünki valyuta bazarında dollar qıtlığı və manat artırlığı açıq hiss olunur. Dollar tələbinin artması eyni zaman bazarın yaratdığı ajiotajı da stimullaşdırır. Dollar kanalının daralması dollarla yığıma həvəsi psixoloji olaraq gücləndirir.
Bütün bunları nəzərə alanda, əslində, MB bankların resursla təminatına nail olmalıdır ki, həmin kredit resurslarının dövriyyə sürəti daha da artsın. Həmin sürəti artırmaqla daha çox dəyər formalaşdırmaq mümkün olacaq. Əksi olacağı halda kredit çatışmazlığı artıq iqtisadi dinamizm yox, süstlük, onun ardınca isə tənəzzül gətirmiş olacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button