Məhbəsə gedən yol

Yaxud gözlənilən bir həbsin tarixçəsi

Heydər Əliyevin hakimiyyəti zorla qəsb etməsindən sonra yalnız siyasilərin deyil, jurnalistlərin də qara günləri olmuşdusa, İlham Əliyevin hakimiyyəti ələ keçirməsi ilə azad sözə qarşı repressiyalar daha da sərtləşdirildi. İ.Əliyevin hakimiyyəti dönəmində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirildi, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev qəddarcasına döyülüb şikəst edildi, “Azadlıq” qəzetinin əməkdaşı Aqilin Xəlililə sui-qəsd təşkil edildi, onlarla jurnalist polis və hakimiyyətin qeyri- qanuni dəstələri tərəfindən zorakılığa məruz qaldı. B.Həziyev və A. Xəlil xoş təsadüf nəticəsində sağ qaldılar. Rafiq Tağı isə bıçaqlanmadan qurtula bilmədi.
Əliyevlər hakimiyyəti dövründə onlarla tənqidçi jurnalist qondarma ittihamlarla həbsə alındı. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli, “Azadlıq” qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit və adını sadalamadığımız onlarla jurnalist zindan həyatı yaşamalı oldu. 1993-cü ildən keçən bu dövr ərzində Azərbaycan cəmiyyəti jurnalist həbslərinə alışdı.
Eynulla Fətullayev həbsdən azad edildikdən sonra, mətbu camiəni düşündürən bir sual vardı: növbə kimindir? Növbənin kimdə olmasını çox gözləmək lazım gəlmədi. Növbədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı imiş. Azərbaycan hakimiyyəti bir ay gündəlik nəşr olunan qəzetə dözümlü münasibət göstərə bilmədi. Hər nömrəsində siyasi hakimiyyəti, konkret olaraq, ölkə başçısı İlham Əliyevi tənqid edən qəzetin baş redaktorunun həbsi, əslində, gözlənilən idi.

Dinləmə qurğusu

Daxili senzuradan uzaq olan Ə.Zeynallı hakimiyyətlə yanaşı, müxalifəti də tənqid edib. Amma müxalifətdən fərqli olaraq, Azərbaycan hakimiyyəti jurnalist tənqidlərinə dözümsüz münasibət sərgiləyib. “Xural” qəzeti fəaliyyət göstərdiyi müddət ərzində dəfələrlə hakimiyyətin təzyiqlərinə məruz qalıb, məhkəmələrə verilib. Eyni zamanda, qəzetin redaksiyası və əməkdaşları mütəmadi olaraq hakimiyyət tərəfindən izlənilib, “Xural”ın ofisinə, Ə.Zeynallının masası üzərinə dinləmə qurğusu quraşdırılıb:
2010-cu ilin may ayında Ə.Zeynallıya hədiyyə edilmiş masaüstü saatın içərisinə quraşdırılmış dinləmə qurğusu aşkarlanır. Həmin qurğu jurnalistlərin iştirakı ilə Daxili İşlər Nazirliyinə təhvil verilir. Ölkəyə video-kameralalı qələmlər gətirən şəxslər barədə cinayət işi qaldıran Azərbaycan hakimiyyəti radioverici ilə təhçiz edilmiş dinləmə qurğusunun kim tərəfindən quraşdırılmasını aşkarlamaq üçün tədbirlər həyata keçirmədi. Əksinə, Daxili İşlər Nazirliyi çox ciddi cinayət sayılan bu hadisəni ört-basdır etdi. Faktla bağlı cinayət işi qaldırılmadı. Ən acınacaqlı hal odur ki, Daxili İşlər Nazirliyi dinləmə qurğusu və qurğunun kim tərəfindən quraşdırılması barədə “Xural” qəzetinə məlumat verməyi belə lazım bilmədi. DİN-in susması belə deməyə əsas verir ki, dinləmə qurğusu hakimiyyətin güc strukturlarının biri tərəfindən quraşdırılıb. Bu dinləmə qurğusu Ə.Zeynallının həbsinə hazırlığın ilk mərhələsi də hesab edilə bilər.

Döyüşə qocalar gedir

Redaksiyadan dinləmə qurğusu aşkarlandıqdan az sonra “Xural”a və Ə.Zeynalıya qarşı əsl səlib yürüşü başladı:
Qəzetinin 2010-cu il 23 may tarixli sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə plani!” başlıqlı məqalə dərc edilir. Məqalə dərc edildikdən sonra Azərbaycanda görünməmiş hadisə baş verir. “Boz kardinal” vəzifədə olduğu uzun illər ərzində ilk dəfə məhkəməyə müraciət edərək “Xural” qəzetinə və Ə.Zeynallıya qarşı mülki iddia qaldırır və kasıb qəzetin 10 min manat cərimələnməsini tələb edir. R.Mehdiyev “humanistlik” nümayiş etdirərək, 10 min manatın “Ümid yeri” uşaq evinə köçürülməsini məhkəmədən xahiş edir.
Faktiki olaraq Azərbaycan dövlətini idarə edən R.Mehdiyevin sifarişini, təbii ki, Nərimanov rayon Məhkəməsi çox qısa müddətdə yerinə yetirir. Məhkəmə zamanı diqqət çəkən məqamlardan biri isə R. Mehdiyevin vəkili ilə Ə. Zeynallı arasında əldə edilən razılaşma olur. Razılaşmaya əsasən, “Xural” qəzeti rəsmi şəkildə R.Mehdiyevdən üzr istəyir. Lakin sonradan R.Mehdiyev razılaşmanı pozur və iddasında israrlı olduğunu bəyan edir.
R.Mehdiyevin sifarişi ilə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə “Xural” qəzetinin əleyhinə çıxarılmış hökmü qüvvədə saxlayır.
Daha sonra «Boz kardinal» dövlətin bütün gücünü səfərbər edərək “Xural” qəzetinin üzərinə yeriyir. R.Mehdiyevin məhkəməyə müraciətindən sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iddia qaldırır. V.Səfərli “Xural”qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc edilən “İlham Əliyev “Xural”ın prezidenti deyil?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini iddia edərək, Ə.Zeynallının 10 min manat məbləğində cərimə edilməsini tələb edir. Nərimanov rayon Məhkəməsi V.Səfərlinin iddiasını qismən təmin edərək “Xural” qəzetini 500 manat məbləğində cərimələdiyi halda, Bakı Apellasiya Məhkəməsi cərimənin məbləğini 5 min manata qaldırır.
Mehdiyevin göstərişi ilə əvvəlki illərdə məhkəmələrdə Ə.Zeynallıya qarşı qaldırılan iddialar da yenilənir. Prezident yanında “Azərbaycan” Dövlət Nəşriyyatının direktoru Ağabəy Əsgərovun 2008-ci ildə, mügənni Nüşabə Ələsgərlinin 2007-ci ildə qaldırmış iddiaları ilə kəsilmiş cərimələr yenidən gündəmə gəlir.
Nərimanov Məhkəməsi də R.Mehdiyevin sifarişlərini durmadan icra edərək “Xural” qəzetinin çökdürülməsi planını həyata keçirir. Və nəhayət, məhkəmə “Xural” qəzetinin əmlakı üzərinə həbs qoyulması barədə qərar çıxarır.

Mətbuat Şurası jandarm rolunda

Ə.Zeynallı isə basqılar qarşısında bir addım belə geri çəkilmir, məhkəmələr vasitəsi ilə haqqının müdafiəsinə qalxır. Ə.Zeynallının təşəbbüsü ilə uzun illər ərzində fəaliyyətini dayandıran Redaktorlar Birliyi bərpa edilir və «toxunulmaz sayılan» «Xan yurduna» – Naxçıvan Muxtar Respublikasına səfər təşkil edir. Uzun illərdən sonra jurnalistlərdən və hüquq müdafiəçilərindən ibarət 20 nəfərlik qrupun bu səfəri böyük rezonansa səbəb olur. Vasif Talıbovun zülmü altında inləyən Naxçıvan əhalisi nümayəndə heyətinə ümidlə baxır. Səfər yerli hakimiyyətin qəzəbinə səbəb olur. Naxçıvan Daxili İşlər Nazirliyinin şöbə rəisi nümayəndə heyətindən dərhal Bakıya qayıtmalarını tələb edir. Hədə-qorxulara baxmayaraq, nümayəndə heyəti üzərinə götürdüyü missiyanı tam yerinə yetirdikdən sonra Bakıya dönür.
Naxçıvan səfərinin ardınca Redaktorlar Birliyi jurnalist Aydın Canıyevin həbsini araşdırmaq məqsədi ilə Lənkəran şəhərinə jurnalist qrupu göndərir. Redaktorlar Birliyi mətbuat yayımı ilə bağlı yaranmış problemləri geniş müzakirə edir və dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayır. Bu müraciət isə Prezident Aparatının şöbə müdiri Əli Həsənovun maraqlarına toxunur. Ə.Zeynallıya qarşı növbəti cəbhə açılır. Redaktorlar Birliyinin durmadan artan nüfuzu, Ə.Zeynallının fəaliyyəti hakimiyyəti ciddi şəkildə narahat edir. Redaktorlar Birliyinə qarşı kompaniyaya start verilir. Qarayaxma kompaniyasına Mətbuat Şurası rəhbərlik edir. “Xural” qəzeti gündəlik nəşrə başlayacağını bəyan etdikdən sonra təzyiqlər artır. Eyni zamanda, Ə.Zeynallıya müxtəlif vasitələrlə gündəlik nəşrdən əl çəkməsi barədə xəbərdarlıqlar olunur.
R.Mehdiyevin ssenarisinə əsasən, 16 sentyabr 2011-ci ildə Mətbuat Şurasının Şikayətlər üzrə və Reket jurnalistikaya qarşı mübarizə komissiyalarının birgə (?) iclasında “Xural” qəzeti barədə “şikayətlərə baxılır”. Mətbuat Şurasının yaydığı rəsmi xəbərdə bildirilir ki, “Xural” qəzeti barədə Lənkəran Dövlət Universitetinin rektoru, “Azərbaycan’ Nəşriyyatının direktoru, Bilgəh Kardioloji Sanatoriyasının direktoru, Ağdam rayon Prokurorluğu, Sabirabad rayon İcra Hakimiyyəti başçısı və Bərdə rayon İcra Hakimiyyəti şikayət edib. Ə.Zeynallı “Xural” qəzetinin Mətbuat Şurasının üzvü olmadığını xatırladaraq, Mətbuat Şurasının qəzetlərlə bağlı şikayətlərin araşdırılması səlahiyyətinə malik olmadığını bildirir və müzakirələrdə iştirak etməkdən imtina edir.
“Xural” qəzeti gündəlik nəşrə start verdiyi gün – 19 sentyabr 2011-ci ildə Mətbuat Şurasının İdarə Heyəti “Xural”ı “qara siyahı”ya salır. Diqqət çəkən məqam qəzet barədə Mətbuat Şurasına şikayət edən şəxslərin hamısının büdcə təşkilatlarının rəhbərləri olmasıdır. Qeyd etmək lazımdır ki, Mətbuat Şurasına müraciət edən “Azərbaycan” Nəşriyyatının direktoru, Sabirabad və Bərdə rayon icra hakimiyyətlərinin başçıları bir-başa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tabeçiliyində olan şəxslərdir.
Göründüyü kimi, R.Mehdiyev “Xural” qəzetinin ictimai nüfuzuna zərbə vurmaq məqsədi ilə birbaşa tabeçiliyində olan qurumlardan və şəxslərdən istifadə edib. Mehdiyevin nəzarəti altında, Ə.Həsənovun kurasiyasında olan Mətbuat Şurası səlahiyyət həddini aşaraq “Xural” qəzetini Cinayət Məcələsində əksini tapan cinayətdə («reketlikdə») suçlaması da siyasi sifarişin nəticəsi idi.

“Xural” qəzeti “tərksilah” edilir

Dövlət aparatının var gücü ilə “Xural” qəzetinin üstünə gəlməsi yenə də Ə.Zeynallını söz azadlığı və müstəqil mətbuat yolundan döndərə bilmir. 20 sentyabrdan etibarən qəzet gündəlik nəşrə başlayır.
Gündəlik «Xural»da tənqidi materialların həcmi artır. Ölkənin tanınmış jurnalistləri, yazıçıları və siyasətçiləri “Xural” qəzeti ilə əməkdaşlığa başlayırlar. Azad sözə, dolğun informasiyaya, tənqidi analizlərə ehtiyac duyan Azərbaycan cəmiyyətində qəzetin nüfuzu sürətlə artır. Qəzetin tirajının və nüfuzunun artması, şübhəsiz ki, siyasi hakimiyyəti narahat edir. Dövlət resuslarından “Xural” qəzetinin məhv edilməsi üçün istifadə edən R.Mehdiyev bu dəfə dövriyyəyə Məhkəmə İcraçılarını buraxır. Gündəlik nəşrin düz 1 ayının tamamında – oktyabr 19-da, saat 9:00-da Nərimanov rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsinin əməkdaşları “Xural” qəzetinin redaksiyasının önünü kəsdirir.
İcra Şöbəsinin bütün əməkdaşları “Xural” qəzetinin əmlakının yenidən siyahıya alınması üçün səfərbərliyə alınır. İcraçılarla birgə redaksiyanın yerləşdiyi Nərimanov rayonu Arif Hacıyev küçəsi silahlı polislər tərəfindən nəzarətə götürülür. Silahlı polis dəstələri zorla vətəndaşlara məxsus həyətlərə soxularaq, hücum siqnalı gözləyir. Lakin polisin və R.Mehdiyevin arzusu gözündə qalır. “Xural” qəzetinin əməkdaşları vətəndaşlar tərəfindən xəbərdar edilir və jurnalistlər hakimiyyətin provokasiyasına getmirlər. Sonradan redaksiyaya etibarlı mənbədən daxil olan məlumata görə, hakimiyyət tərəfindən tərtib edilən plana əsasən, əmlakın yenidən siyahıya alınması zamanı icraçılar təxribat törətməli idi. Bunun ardıca silahlı polislər redaksiyaya daxil olaraq “Xural”ın əməkdaşlarını həbs etməli və Ə.Zeynallı daxil olmaqla bir necə əməkdaşa qarşı polisə silahlı müqavimət maddəsi ilə cinayət işi açılmalıydı.
Təxribata cəhd edildi, amma redaksiya əməkdaşları əsəblərinə hakim ola bildilər. Saat 11: 00-da başlayan yenidən siyahıya alma zamanı “Xural” qəzeti ilə eyni binada yerləşən “Liberal.az” saytının texniki avadanlığı da siyahıya daxil edildi. Saat 14:00-da siyahıya alma başa çatdı və akt tərtib edildi. İş icraçılarından 3 nəfəri redaksiyanın qarşısında keşik çəkdi. İki saat sonra icraçılar əllərində Nərimanov rayon Məhkəməsi tərəfindən “Xural” qəzetinin əmlakının müsadirə edilməsi barədə qərarla yenidən redaksiyaya daxil oldular. Qərarın hüquqi qüvvəyə minməsinə verilən 10 gün müddətinə baxmayaraq və icra vərəqəsi təqdim edilmədən qəzetin əmlakı müsadirə edildi. İcraçılar özləri ilə qəzetin bütün texniki avadanlığını apardılar.
Azərbaycanda hər cür qanunsuzluq adi haldır. Bununla belə, icra vərəqəsi təqdim edilmədən və saxta məhkəmə hökmünün qüvvəyə minməsini gözləmədən əmlakın müsadirə edilməsi halına ilk dəfə rast gəlinirdi.

“Xural”ı çap etməyin!

Oktyabrın 19-da, saat 22:00-da qəzetin bütün əmlakı «Qazel» maşınına yüklənərək daşındı. Lakin qəzeti yolundan döndərmək mümkün olmadı. “Xural”ın əməkdaşları, bütün texniki əmlakın müsadirə edilməsinə baxmayaraq, gecə saat 23:00-da növbəti nömrənin buraxılmasına qərar verdilər. Şəxsi kompüterləri ilə bir neçə saat ərzində növbəti nömrəni hazırladılar.
Məzhəkə səhəri gün başladı. “Xural”ın növbəti – hələlik sonuncu nömrəsinin işıq üzü görməsi hakimiyyətin şoka düşməsinə səbəb oldu. Nərimanov rayon məhkəmə icraçıları isterika içində qəzetin çap olunduğu “Ekspress-Service” mətbəəsinə sözün əsl mənasında basqın etdilər. İcraçılar “Xural”ın hansı avadanlıqla çap edilməsi ilə maraqlanırdılar. Onları şoka salan texniki əmlakı müsadirə olunan qəzetin bir neçə saat ərzində ərsəyə gəlməsi imiş.
İcra əməkdaşları dərhal “Xural”ın çap edilməsinin dayandırılmasını mətbəədən tələb ediblər. Az sonra mətbəəyə Prezident Administrasiyasından zəng gəlib. Həmin tarixdən etibarən “Azərbaycan” nəşriyyatı da daxil olmaqla mətbəələrin hamısına “Xural” qəzetinin çap edilməsinə qeyri-rəsmi qadağa qoyuldu.
Mətbəə rəhbərləri qadağanın Əli Həsənov tərəfindən qoyulduğunu bildirirlər.

İlham Əliyevi əndişəyə salan nə idi?

“Xural” qəzetinin ölkə daxilində və beynəlxalq təşkilatlar tərəfindən müdafiə edilməsi hakimiyyətin əsəblərini son dərəcə tarıma çəkdi. Əsəbləri tarıma çəkilən, “oqoniya”da olan hakimiyyət Ə.Zeynallı ilə birdəfəlik haqq-hesab çəkmək qərarına gəldi.
Oktyabrın 28-də Ə.Zeynallı “Kanal 13” internet televiziyası qarşısında 2 nəfər naməlum şəxs tərəfindən oğurlandı. Uzun çəkən axtarışdan sonra onun həbs edildiyi məlum oldu. Ə.Zeynallının həbs edilməsi barədə göstərişi şübhəsiz ki, ölkə başçısı İlham Əliyevin özü verib. Jurnalist həbsinin ölkə başçısının inhisarında olması hamıya məlum həqiqətdir. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili həbs edilərkən, İlham Əliyev “Jurnalist tutulur, mənim xəbərim yoxdur” deyərək məsələyə sərt reaksiya göstərməsi də yaddaşlardan silinməyib. Bu baxımdan, Ə.Zeynallının da həbsinin İ.Əliyevə «xəbər edildikdən» və razılığı alındıqdan sonra həyata keçirildiyi şübhə doğurmur.
İ.Əliyevin “Xural” qəzetinə və Ə. Zeynallıya qarşı kəskin münasibətinin isə iki önəmli səbəbi var. Səbəblərdən biri Ramiz Mehdiyevdir. Digər səbəb isə qəzetdə İ.Əliyevin özünün sərt tənqidə məruz qalmasıdır.
İ.Əliyevin tənqid edilməsindən doğan narahatlıqları daxili işlər naziri Ramil Usubovda dilə gətirmişdi. R.Usubov iyun ayının 29-da Ə.Zeynallı ilə görüşündə İ.Əliyevin və R.Mehdiyevin tənqid edilməsinə son qoyulmasını istəmişdi. Lakin Ə.Zeynallı ən yüksək səviyyədə olunan bu təklifi qəbul etməmişdi.
Ə.Zeynallı nazirin təklifləri barədə mətbuatda açıq-açığına məqalə də yazdı və “Xural” qəzeti ölkədə korrupsiyanın çiçəklənməsində, demokratiyanın boğulmasında, siyasi müxalifətin təqib edilməsində müstəsna rolu olan İ.Əliyevin sərt tənqidini davam etdirdi.
İ.Əliyevin “Əl Cəzirə” kanalına verdiyi qüsurlu müsahibəsinə Ə.Zeynallının “İlham Əliyev müstəqilliyə qarşı” və “Uduzmağa məhkumsunuz” başlıqlı yazı, deyəsən, son zərbənin təməlini qoydu.
İ.Əliyevə şübhəsiz ki, “Xural” qəzetində dövlət başçısını tənqid edən Anar Mahmudoğlunun, Mirzə Sakitin, Bakir Həsənbəylinin, Nurəddin Xocanın, nəhayət, bu sətirlərin müəllifinin köşə yazılarını da təqdim ediblər. Tənqidə adət etməyən əlahəzrətin əsəbi şəkildə Ə.Zeynallının həbsinə qərar verməsinə isə şübhə etmirik. G.Əhmədova isə bu oyunda ən xırda və əslində, ən çox zərbə alan fiqurlardan biridir. G.Əhmədovaya Ə.Zeynallının həbsə alınması əməliyyatında Sevqiladə və Tatyana Caladzenin rolu həvalə edilmişdi. O, tapşırığa bacardığı qədər əməl etdi. Lakin istedad sarıdan korluq çəkən şəxs hər sahədə tapşırığa sona qədər əməl edə bilmir. G.Əhmədova da qarşısına qoyulan tapşırığa tam əməl edə bilmədi. Bununla da həm istintaqı, həm də R.Mehdiyevi çətin durumda qoydu.

Əfqan MUXTARLI

ASİ-Xural

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button