Mən seçkilərə niyə qatıldım?

azad mursaliyevAzad Mürsəliyev

“Əgər döyüşmək üçün meydan varsa, niyə də savaşa atılmayaq və yaxud mən seçkilərə niyə qatıldım?”

Hakimiyyətin yersiz prinsipiallığı ilə qarşılaşmış əsl müxalifət yönümlü qüvvələr 2015-ci ilin noyabırında Milli Məclisə keçirilməsi nəzərdə tutulmuş seçkilərdə iştirak etməkdən imtina etdilər. Bu isə öz növbəsində insanlar arasında ümumiyyətlə belə seçkilərə gedib-getməmək mövzusunda yeni mübahisə dalğasının qalxmasına səbəb oldu. Hətta kütləvi informasiya vasitələrində, xüsusi ilə internet resurslarında seçkilərə getməmək prinsipini dəstəkləyən bəzi müxalifət nümayəndələri seçkiyə getməyi planlaşdıranlara qarşı emosional çıxışlara yol verdilər, onları hakimiyyətin xeyrinə fəaliyyət göstərməkdə suçladılar. Digərləri isə (söhbət müxalifət düşərgəsindən olmayanlardan gedir) sanki fürsət görmüş və əllərində bayraq edərək bu günə kimi, mənasız ittihamlarına bununla kolorit verməyə çalışmışdırlar. Əslində bu mövzunun üzərində dayanmaq fikirim yoxdur, o səbəbdən ki, tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsində AXCP-nın sədri Əli Kərimli özünəməxsus tərzdə bu məsələyə aydınlıq gətirmişdir və düşünürəm ki, bununla da məsələni çözmüşdür. Əli Kərimli bildirmişdir ki, “Mənə qarşı hökumətin uzun illər ərzində o qədər sistemli kampaniyası gedib ki, bizim tərəfdarlarımız bəzi hallarda səmimi şəkildə bizə qarşı irad bildirənlə sifarişlə bu işi görənləri ayırd etməkdə bəzən çətinlik çəkirlər. “İlan vuran ala çatıdan qorxar” misalında olduğu kimi… Mənim üzərimə o qədər sifarişlə gəlirlər, o qədər böhtan atırlar ki, ona görə də məni istəyən təbəqə ki var – o cümlədən, həm cəmiyyətdə və həm də feysbukda – onlar bir balaca narahat olublar və bu baxımdan gələn iradların hamısını oxşar hesab elədiklərinə görə, hamını da yaxından tanımadıqlarına görə, bəzən mümkün sayıram ki, səmimi şəkildə sual vermək və ya irad bildirmək istəyən insanları sifarişlə bunu edən insandan fərqləndirə bilmirlər. Ola bilər. Əgər bu baxımdan kimlərinsə xatirinə dəyən cəbhəçilər varsa, onların hamısının əvəzindən üzr istəyirəm”.

Mənə elə gəlir ki, əsl siyasi partiya rəhbərinə xas bir gedişdir. Hesab edirəm ki, artıq bundan sonra bu kimi anlaşılmazlıqara yol verilməyəcək. Bir də ki, nədən baş verməlidir, bəyəm Milli Şuranın seçkilərə qatılmamasının səbəblərindən biri kimi hakimiyyətdən “fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulması” tələbi olmamışdırmı? Şəxsən mənə qalanda şükürlər olsun ki, bu günə kimi özümə məxsus fikirlərimə görə belə bir problemlə qarşılaşmamışam. Lakin buna baxmayaraq seçkilərə gedib getməmək məsələsinə münasibət bildirməyi özümə borc bildim. Həqiqətən də son illər ölkədə repressiyaların dayandırılmaması, siyasi məhbusların azad edilməməsi, siyasi rəqiblərə və fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulmaması, real müxalifət qüvvələrinin fəaliyyətinə yaradılan qanunsuz maneələrin aradan qaldırılmaması, siyasi hüquqların məhdudlaşdırılmasına son verilməməsi, sərbəst toplaşmaq azadlığının ölkənin bütün ərazisində təmin edilməməsi, müstəqil mətbuata qarşı təzyiqlərin dayandırılmaması, jurnalistlərin peşə fəaliyyətinə görə üzləşdikləri qanunsuzluqlara (təəssüflər olsun ki, belə jurnalistlər dedikcə azdır) laqeyd yanaşılması kimi mövcud problemlər bir daha əsas verir düşünək ki, bu gerçəkliklə seçkilərə getməyə dəyər və ya dəyməz? Hazırlıqların, vaxtın, vəsaitin artıq xərclənməsinə baxmayaraq “seçkilərə getmək və ya getməmək” sualı ciddi fikir ayrılığına malik düşərgələrin yaranmasına səbəb olub. Hakimiyyət isə nəinki kompromisə getməyi düşünmür, əksinə, sırf seçkilərlə bağlı hər hansı bir yumşaldıcı mövqe nümayiş etdirmir. Ən azından, TV-lərdə azad debatlar üçün şərait yaradılması, müxalif namizədlər üçün ayrılmış pulsuz efir vaxtının artırılması, namizədlər üçün Azərbaycan reallığına uyğun pullu efir vaxtının təmin edilməsi, seçki Komissiyalarının real müxalifətin iştirakı ilə yenidən formalaşdırılması, namizədlərin qeydiyyatı prosedurunun sadələşdirilməsi və bununla bağlı yaradılan süni əngəllərin aradan qaldırılması, depozitlə namizədliyin qeydə alınmasının təmin edilməsi, müşahidəçilərin səslərinin sayılması prosesində iştirakı və protokolların əsli ilə təmin edilməsininə və yaxud yenidən nəzərdən keçirilməsinə dair hakimiyyət rəsmiləri tərəfindən heç bir vədlərin verilməməsi bir daha onu göstərir ki, mövcud hakimiyyət bu seçkilərdə əsl müxalifət yönümlü qüvvələrin iştirakını arzulamır. Bu məsələnin bir tərəfidir.

Digər tərəfdən, bir anlıq son prezident seçkilərində Milli Şuranın sədri professor Cəmil Həsənlinin ifşaedici çıxışlarını xatırlasanız, elə hesab edirəm, mənimlə razılaşarsınız. Aydın məsələdir ki, həmin ajiotajı hakimiyyət bir daha yaşamaq istəmir. İstəmirlər ki, kimsə efirdən debatlar zamanı İsmayıllıda 12 yaşlı körpənin valideynlərinin imkansızlığından çanta və məktəb geyimi ala bilmədikləri üçün intihar etməsi barəsində söz açsın (yüzlərlə misal gətirmək olar). Ən azından elə bu və digər səbəblərdən hətta bu şəraitdə seçkilərdə iştirak etməyə alternativin olmadığını düşünən insanlar az deyil və qətiyyən bu insanları hakimiyyət dəyirmanına su tökənlər kimi qələmə vermək düzgün olmazdı. Gizlətməyəcəm ki, burada da seçkiyə hazırlaşanları istifadəsi bir dəfə üçün nəzərdə tutulmuş şiprislərin aqibəti gözləyə bilər, yəni həmin şəxslərin seçkilərə qatılmaqlararına baxmayaraq seçkilər başlamamış onların qeyri-leqal meydançada oynamaq məcburiyyətində qalmaq ehtimalı da böyükdür. Şəxsən mən hesab edirəm ki, hətta bu kimi oyunların baş vermə ehtimalı böyük olsa belə, seçkilərə gedib seçicilərlə görüşmək lazımdır, hansılar ki, bizi gözləyirlər, dəstək verirlər və çox istəyirlər ki, bu seçkilərdə mövcud hakimiyyətə sağlam alternativ görsünlər. Biz onların ümidlərini qırmamalıyıq, onlara deyə bilmərik “hakimiyyət siyasi məhbusları azad etmədiyi üçün və yaxud da seçkiləri udmaq şansımız sıfıra bərabər olduğu üçün seçkilərə getməyəcəyik”. Bəlkə əksinə, seçkilərə qatılaraq, elə hakimiyyətin özünün məcburiyyət qarşısında bizə yaratdığı minimal belə olsa şəraitdən yararlanaraq Azərbaycan xalqına həqiqəti söyləyək. Milli Şurada təmsil olunan qüvvələrin seçkilərdə iştirak etməmək qərarı şəxsən mənim tərəfimdən yanlış addım kimi də qiymətləndirilmir, əksinə, bu da mübarizənin bir formasıdır, lakin seçkilərdə iştirak edib hakimiyyətin məcburiyyət qarşısında namizədə insanlarla ünsiyyətdə olmağa yaratdığı şəraitdən səmərəli istifadə olunarsa məncə bu daha effektiv mübarizə forması sayıla bilər. Mənə elə gəlir ki, seçkilər özü bir tribunadır, siyasi mübarizənin divident gətirə biləcək real bir formasıdır, özü də qeyd edim ki, ciddi bir mübarizə forması olmaqla yanaşı, leqal, qanuni mübarizə üsuludur. Diqqət yetirin, hətta seçkilərə qatılaraq namizədin qeydiyyata alınıb alınmaması fonunda belə öz mövqeyimizi ortaya qoymaq, kütləyə çatdırmaq şansı qazanırıq. Ancaq seçkilərdə hakimiyyətin əsl simasını effektiv ifşa etmək və öz tərəfdaşlarımızı səfərbər etmək imkanını əldə edə bilərik. Belə olan halda bu mübarizə formasından niyə imtina etməliyik? Təcrübə göstərir ki, bütün dunyada ümumi və rəsmi ictimai təzyiqin reallaşması üçün ən optimal variant seçkilərdir. Seçkilər o tədbirlərdəndir ki, burada geniş kütlə qarşısında hakimiyyətin ümumi özbaşınalığını ifşa etmək olar və bu ifşa prosesi bacarıqla reallaşdığı halda, namizədin ittihamları içtimayyətin diqqət mərkəzində uzun müddət qalacaq. Və inanın ki, hakimiyyətin ədalətsiz prinsiplər üzərində köklənmiş mövqeyinə qarşı narazı kütlənin nifrətinin səfərbər olunması üçün həqiqi müxalifətin seçkilərdə iştirakı dedikcə vacibdir. Amma nədənsə əsaslı-əsassız, bundan imtina etmək təklif olunur. Nə qədər inandırıcı görünməsə də, bugünkü çətin şəraitdə belə seçkilərdə nailiyyət əldə etmək mümkündür. Vacib deyil ki, mandat qazanıb Milli Məclisin bər-bəzəkli salonunda oturasan, necə ki, bəziləri bunu arzulayır, yetər ki, həmin kürsüdə oturarkən bəziləri kimi lal, kor olasan. Seçki kampaniyası fasiləsiz prosesdir və hətta məğlubiyyətinin qaçılmazlığını anladıqda belə elə etməlisən ki, gələcəyə şansını artırasan, potensial seçicinin xatirində onların hüquqları uğrunda mübarizə aparan insan kimi qalasan. Əgər bu baş verərsə ən azından hakimiyyət mənəvi cəhətdən uduzar, zəif cəhətlərini bürüzə verər. Bəzilərimiz belə hesab edirik ki, bugünkü Azərrbaycan hakimiyyəti öz imicinə görə istər daxildə, istrsə də beynəlxalq aləmdə bərk narahatdır. Məncə, “hakimiyyətin yaxşı görünmək və yaxud demokratik normalara, eləcə də siyasi rəqabətə riayət etmək” kimi görüntü yaratmaq istəyi yanlış fərziyyədir. Bu statusda o, kimə görünmək istəyir, bu barədə fikirləşmisinizmi?

Bir müddət öncə Qərb qarşısında demokratik dəyərlərə sahib çıxmağa çan atan bir dövlət görüntüsünü yaratmaq onun üçün bəlkə də vacib idi. Lakin bu gün Avropa Parlamenti Avropa Komisiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlərə, rəsmilərə və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırdığı bir dövrdə və yaxud da “Azadlıq” radiosunun Bakı bürosunun, eləcə də ATƏT-in Bakı ofisinin fəaliyyətlərinin dayandırılması fonunda Azərbaycan hakimiyyətinin Qərbin istəklərinə uyğun imic formalaşdırmaq cəhdi çox gülməli görünərdi. Heç yeri gələndə bu şou Azərbaycan vətandaşına da lazım deyil. Odur ki, oturub gözləyək ki, kimsə kimlərdənsə nə vaxtsa utanacaq, şərtlərin qəbul edəcək və sonda məmləkətdə demokratik islahatların aparılmasına start verəcək heç də inandırıcı görünmür, əksinə, bu gedişlə müxalifət yönümlü qüvvələr gələcəkdə passiv fəaliyyətinə görə ona ümid bağlayanlar tərəfindən qınaq obyektinə çevrilməsi təhlükəsi ilə qarşılaşa bilərlər. Baxın seçkilərə qatılmadığımız halda yenə də Milli Məclisdə beş il müddətinə xalqın seçmədiyi insanlar məskunlaşacaqlar, bəli, sözün əsl mənasında məskunlaşacaqlar və təsəvvür edin, hətta onlarla tribunadan mübahisə edən belə heç kim olmayacaq. Çünki hakimiyyət bir vaxtlar elə müxalifətin özünün yetişdirib ortalığa çıxartdığı, bu gün isə oyuncaq müxalifət simasında “fəaliyyət” göstərən şəxsləri Milli Məclisə “müxalifət” qismində gətirəcək. Bunun nəticəsi olaraq çoxlu sayda Azərbaycan vətəndaşı Milli Məclisdə siyasi nümayəndələrinin təmsil olunmasından məhrum olacaqlar. Nəticədə belə durumun davam etməsi isə bütövlükdə Azərbaycan üçün təhlükəlidir. Belə sual verilə bilər ki, “xalqını sevən əsl vətənpərvər insanların Milli Məclisə düşməyi mümkün deyil”. Mən bu arqumentlə razılaşıram, hətta bir qədər də irəliyə gedib bildirirəm ki, iş o yerə gəlib çatıb ki, çox uzaq olmayan keçmişimizdə baş verən məlum “Mandat alveri” ilə bağlı ictimailəşmiş video çəkilişlərdə adları hallanan insanlar heç bir maneə olmadan bu gün yenidən öz namizədliklərini irəli sürüblər (bunun günahı o səbəbdən özümüzdədir ki, susduq və ya susmağa tay olaraq əhəmiyyətsiz açıqlamalarda bulunduq ki, bunun da nəticəsi olaraq cinayətkarlar qəhrəman, qəhrəmanlar isə cinayətkar obrazında xalqa təqdim edildi) və çox güman ki, artıq Milli Məclisdə yerləri də hazırdır. Amma bu bizə əsas vermir ki, deyək ki, seçkiyə getməyin nə mənası var? Sizləri qeyri-qanuni yolla seçkilərdən uzaqlaşdıranda, səslər saxtalaşdırıldıqda, istər-istəməz narazılıqlar olacaq, səs-küy qalxacaq, bəziləriniz saxta olsa belə məhkəmələrə üz tutacaqsınız, ədalətsiz məhkəmə qərarlarından Avropa İnsan Haqları məhkəmələrinə qədər gedəcəksiniz. Diqqət yetirin, seçkilərə qatılmadığımız halda gələcək fəaliyyətimiz nədən ibarət olacaq? Kimdən və nədən şikayətçi olacağıq? Hakimiyyəti prinsipial və ardıcıl şəkildə tənqid edən şəxslərin leqal siyasətdən sıxışdırılaraq çıxarılmaları real müxalifətə zərbə deyil, bu siyasi sistem altına qoyulmuş bir partlayıcıdır, hansı ki, nəticədə onu dövlətlə birlikdə məhv edəcək. Əldə nə edəcəyik? Demək olar ki, heç nə. Növbəti dəfə yüzlərlə, minlərlə gənc, enerjili və düzgün yolda olan insanlar o fakt qarşısında qalacaqlar ki, qanunlara riayət olunması çərçivəsində, leqal meydanda şəffav və saf prosedurlarla xalqın rifahı uğrunda mübarizə aparmaq vaxt itkisidir, alçaldıcıdır və ən əsası təmamilə effektiv deyil. Axı onsu zda biz sanksiyasız yürüşlərdə iştirak etməkdən imtina etmişik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button