Mərkəzi Bank xalis valyuta satışlarının həcmini açıqlayıb

MB

“Üzən məzənnə” rejiminin tətbiqindən sonra Mərkəzi Bankın valyuta bazarına müdaxilələri əhəmiyyətli azalıb. Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları 8.4 mlrd. ABŞ dolları təşkil edib.

Xural.com report.az-ın Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən verdiyi xəbərə görə, 2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90,3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub.

Qeyd edək ki, 21 dekabr 2015-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilib. Bu qərar manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun yeni səviyyədə formalaşmasını şərtləndirib. Qeyd edək ki, yeni məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son qoyulub. 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb.

Məlumatda xatırladılıb ki, hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir.

“Mərkəzi Bankın məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur. Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib. Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür. “Üzən məzənnə” rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir.”

Qeyd olunur ki, 2015-ci ildə manat əksər valyutalara nəzərən ucuzlaşıb. 2015-ci il ərzində manata qarşı ABŞ dolları 98.8%, Avro isə 79% bahalaşıb.

Qeyri-neft sektoru üzrə manatın nominal effektiv məzənnəsi indeksi 23.3% aşağı düşüb.

Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 23.5% aşağı düşüb. Qiymət fərqləri real effektiv məzənnəyə 0.2% azaldıcı təsir göstərib. Qeyd edək ki, real effektiv məzənnənin aşağı düşməsi qeyri-neft ixracının inkişafına və idxalın əvəzlənməsinə müsbət təsir göstərən amildir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button