MƏHKUMUN FİKRİ DƏ QANDALLANA BİLƏRMİ?

Vəkil: “Xüsusi diqqətdə olan şəxslərin məktubları müsadirə olunur”

Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilən ruhani Fəramiz Abbasovun “Yeni Müsavat” qəzetinə göndərmək istədiyi məqaləni Bakı İstintaq Təcridxanasının rəhbərliyi müsadirə edib. Vəkil Mənsum Bayramov “Media forum” saytına açıqlamasında deyib ki, məqalə Azərbaycan radiosunda yayımlanan verilişlə bağlı olub: “Fəramiz Abbasov Azərbaycan radiosunda politoloqlar Mübariz Əhmədoğlu ilə Qabil Hüseynlinin debatına qulaq asıb. Mövzu Azərbaycanda dini vəziyyət olub. Fəramiz Abbasov həmin debatda deyilənlərə öz etirazını qələmə almış, öz əsaslarını gətirmişdi. Fevralın 21-də görüş zamanı məktubu tam oxuya bilmədim. Amma Fəramiz bəy yazdıqlarının məğzi haqqında mənə danışdı. Bu məktub barədə nəzarətçilərə məlumat verdim, onlar da müəssisə rəhbərliyinə məruzə etdilər”.

Vəkilin sözlərinə görə, müəssisə rəhbərliyi həmin məktubu müsadirə edib və qəzetə göndərilməsinin qarşısını alıb: “Nəzarətçilər mənə bildirdilər ki, təcridxana rəhbərliyi bu məktubun yayılmasına icazə vermir”.

M.Bayramov onu da qeyd edib ki, hüquqlarını müdafiə etdiyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə də bağlı oxşar hadisə baş verib: “Əvəz bəy digər vəkili Elçin Sadıqovla görüşən zaman onun da məktubu müsadirə olunmuşdu. Elçin bəy mətbuat konfransında bu barədə məlumat verdi. Sonra isə Əvəz Zeynallı bununla bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə də müraciət etdi”.

Vəkil hesab edir ki, bu kimi hallar bütün məhbuslara, yaxud təqsirləndirilən şəxslərə şamil edilmir: “Bu tendensiyanın özünə etiraz olaraq problemin ictimailəşməsini istəyirəm. Bu cür hallar, məktubların müsadirə edilməsi xüsusi diqqətdə olan şəxslərə qarşı aparılır. Fəramiz Abbasov azadlıqdan məhrum edilib, mətbuata yazı yazmaqdan məhrum edilməyib ki…”

Penitensiar Xidmətin sözçüsü: “Müəssisə rəhbərliyi məktubları oxuya bilər”

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına açıqlamasında deyib ki, müəssisə rəhbərliyi həm daxili əsasnaməyə, həm də Cəzaların İcrası Məcəlləsinə görə məktubları oxuya bilər: “Bir qayda olaraq məhkumların yazdığı yazılara nəzarət olunur. Əgər bu məktublar yuxarı instansiyalara ünvanlanırsa, bir qayda olaraq yoxlanmır. Digər instansiyalara yollanan məktublar mütləq senzuradan keçirilməli və oxunmalıdır.

Cəzaların İcrası Məcəlləsinin 83.2-ci maddəsində göstərilir ki, məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla onlar tərəfindən alınan və göndərilən yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyat və təhlükəsizliyini təmin etmək məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilə bilər. Yazışmadakı məlumatların cinayətlərin törədilməsinə yönəlməsi barədə cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslı məlumata malik olduğu hallarda məhkumların yazışmaları üzərində nəzarət cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə həyata keçirilir.

Qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə məhkumların adına gələn və onlar tərəfindən göndərilən məktublar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir”.

Media hüquqçusu: “Məktub ictimaiyyətə ünvanlanıbsa, müsadirə edilə bilməz”

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı “Media forum”a açıqlamasında deyib ki, buna bənzər hadisələr əvvəllər də olub: “Jurnalist Eynulla Fətullayev həbsdə olarkən onun da məktubları dəfələrlə müsadirə olunmuşdu. Eləcə də “Azadlıq” qəzetinin baş redkatoru Qənimət Zahidin həbsxanada qələmə aldığı kitabın əlyazması müsadirə edilmişdi. Hətta bu halla bağlı məsələ hazırda Avropa İnsan Hüquqları Məhkəməsindədir”.

R.Hacılı qeyd edib ki, bütün hallarda cəzaçəkmə müəssisələrindən göndərilən məktublar oxunur: “Çünki daxili rejim qaydaları ilə bağlı məlumatların kənara göndərilməsi qadağandır. Lakin məktub hər hansı qəzetə, ictimaiyyətə ünvanlanıbsa, o, müsadirə edilə bilməz. Qəzetdə dərc olunmaq üçün göndərilən məktubun müsadirə olunması ifadə azadlığınını pozulması deməkdir”.

Yeni qanun saxlanılan şəxslərin hüquqlarını artıracaq

Milli Məclisdə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi müzakirə olunur. Qanun layihəsi tutulmuş və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələləri qanuniləşdirir. Layihədə nəzərdə tutulub ki, saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər. Bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur. Həmçinin saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi qanuniləşdirilir. Qanun qəbul olunarsa, saxlanılan şəxslərin həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdiriləcək.

Layihəyə əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.

Yeni qanunla saxlanılan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq. Bundan başqa yeni qanunla saxlanılan şəxs istənilən qəzetə abunə ola bilər.

MEDİAFORUM

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button