Məktəbdə şairlərlə görüş

İnsan kamilləşdikcə yaşadığı cəmiyyətdə yeni-yeni adət-ənənələr formalaşdırır. Bu adət-ənənələr də zaman–zaman insanların tələbatına, istəyinə çevrilir və yaşayır. Bəzən də müəyyən səbəblər üzündən yaddan çıxarılır, unudulur. Sevindiyiniz, təəssüfləndiyiniz hallar da olur.
Sovet dönəmində yaşayan adamların yaxşı yadında olar. O illər yazıçı və şairlərlə görüşlər, onların əsərlərinin geniş müzakirələri ali və orta məktəblərdə, müəssisələrdə, mədəniyyət evlərində, kitabxanalarda yüksək səviyyidə keçirilərdi. Bu görüşlərdən, müzakirələrdən hər iki tərəf – yazıçı-şairlər də, Oxucular da qazanardılar. Hər kəs mənəvi zövq alardı. Uzun müddət belə görüşləri, müzakirələri yaddan çıxarmazdı.

Zaman gəldi, hər şey dəyişdi. Və insanları belə şeylər qətiyyən maraqlandırmadı. Dəyişmiş quruluş insanların boynuna elə bir ağır yük qoydu ki, onları bu yükü daşımaqdan başqa heç bir əlavə şey maraqlandırmadı. Və beləcə şairə, yazıçıya və onların yazıb nəşr etdirdikləri kitablara münasibət dəyişdi. Onlar özləri yazdıqlarını özləri də oxudu. Geniş Oxucu mütaliəsində qatı bir durgunluq yarandı.

Çox-çox şükürlər olsun ki, bu durğunluq yavaş-yavaş yox olmaqdadır. Bu da hər birimizin xeyrinədir. Artıq o keçmiş gözəl adət-ənənə yavaş-yavaş da olsa geri dönməkdədir. Bu günlərdə Nəsimi rayonundakı şəhid Samir Hacıyev adına 5 saylı orta məktəbdə bunun canlı şahidi oldum. Məktəbin kitabxanaçıları Kəmalə Məmmədova, Səbinə Allahverdiyeva və ibtidai sinif müəllimlərinin birgə təşəbbüsü, səyiylə şairlərlə şagirdlərin çox maraqli görüşü keçirildi. Tədbir 4-cü sinif şagirdi Zeynəb Quluzadənin özünə məxsus şirin dillə qonaqları salamlamağı ilə başladı. Onun sinif yoldaşları Aqil Manaflı, Qənirə Ağamalıyeva və İsmayıl İsmayılovun iştirakı ilə hazırlanmış kompozisiya hami tərəfindən maraqla qarşılandı.

4a sinfinin şagirdləri Sevinc, Fidan, Səma, Bahar, 3-cü sinifdən Ətirə, Zəhra, Səidə, 2b-dən Fəridə, Rahib, Tural, Emin, Vüsalə, Nərgiz, Hüseyn, Rəvan, Elçin, Aysel, Xəyalə, Bəhram və basqaları sanki yarışırmışlar kimi bir-birini əvəz edərək şairlərin məhz onlar üçün yazdıqları şeirləri deyirdilər. Tədbirin sonunda şairlərdən Vaqif Nəsib, Telman Dəmir, Məhərrəm Şəmkirli, Ramiz Kərəm şagirdlər qarşısında öz şeirlərini oxumuş, şagirdləri maraqlandıran suallara cavab vermişlər. Şagirdlər qonaqları maraqla dinləmiş, onları hərarətlə alqışlamışlar.

Görüşün sonunda təşkilatçılardan olan 2b sinfinin müəlliməsi Ş.Mehdiyeva şagirdlərlə görüşə vaxt tapıb gəldiklərinə görə hər bir qonaga ayrı-ayrılıqda təşəkkür etmiş, onlara yaradıcılıqlarında ugurlar arzulamışdır.

Tədbirin axırında şairlər məktəbin zəngin kitabxanasına baş çəkmiş, öz kitablarını kitabxanaya hədiyyə vermişlər.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button