Məleykə Abbaszadə:”Ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır”

Azərbaycanın bəzi rayonlarında qızlar 9-cu sinfədək təhsil ala bilmirlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1-ci sinfə getdikdə oğlan və qızların nisbəti təxminən yarıbayarı olur: “Amma bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlandır. Bu isə təbii amillərlə bağlı deyil. Bu, o deməkdir ki, qızlar 9-cu sinfə gəlib çatmayıblar. Müəyyən rayonlarda isə oğlan məzunların sayı 48 faizdən azdır. Bu, o deməkdir ki, oğlanlar 13-14 yaşlarından təsərrüfat işlərinə və s. cəlb olunur və artıq 9-cu sinfə gəlib çatmırlar”.

M.Abbaszadə qeyd edib ki, icbari təhsil başa çatdıqdan sonra 9-cu sinfi bitirən məzunların 30-35 faizi təhsilini davam etdirmir:

“Onlar kolleclərə qəbul üçün sənəd vermirlər. Ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar. Çünki peşələri də yoxdur”.

M.Abbaszadə qeyd edib ki, bu səbəbdən gələcəkdə rayonlarında sosial-iqtisadi, demoqrafik həyatında müəyyən problemlər yarana bilər.

Direktorlar Şurasının sədri bildirib ki, sadalanan gender məsələləri ilə əlaqədar ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır.

M.Abbaszadə onu da əlavə edib ki, bu il 9-cu sinfi təxminən 110 min, 11-ci sinfi isə 80 min məzun bitirib.(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button