Məmməd İbrahimə hökm oxundu – 3 il… FOTO VİDEO

Məmməd İbrahim

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

***

«Hakimiyyətdəkilər rahat yataqlarında səksəkə içində yatdığı halda, mən təcridxanada daş kimi yataqda çox rahat yatıram…»

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin məhkəməsi yekunlaşır. Martın 14-də Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Rizvan Sultanov çıxış edib. Məmməd İbrahimə qarşı ittihamın məhkəmədə də sübuta yetirildiyini deyən prokuror onun dörd il azadlıqdan məhrum edilməsini istəyib. Rizvan Sultanovun məhkəmədən daha bir xahişi isə ittiham tərəfin şahidləri haqda olub. Şahidlərin dördü də məhkəmədə ifadə verərkən Məmməd İbrahimin iş üzrə zərəəkmiş Mikayıl Quliyevi vurmadığını və təhqir etmədiyini, digər iki zərəəkmiş Məhəmməd Qurbanov və Oruc Vəliyevin isə ümumiyyətlə, hadisə yerində olmadığını bildirmişdilər.

Hökumət doğru danışanları da qorxutmaq istəyir

Dövlət ittihamçısı şahidlərdən birinin AXCP üzvü olduğunu vurğulayaraq, onların dördünün də barəsində yalan ifadə verməyə görə xüsusi qərar çıxarılıb, prokurorluğa göndərilməsini istəyib.

Ardınca Məmməd İbrahimin vəkili Yalçın İmanov isə müdafiə çıxışında bildirib ki, ittiham tərəfin şahidlərinin məhkəmədə dedikləri istintaqa ifadələrilə tamamilə eynidir. Belə olan halda, yalan ifadə verməkdən söhbət gedə bilməz.

Usubov öz imzası ilə bu işdəki saxtakarlığı sübut etdi

Vəkil deyib ki, bu məhkəmə prosesi Məmməd İbrahimin nəinki cinayət törətdiyini, əksinə, onun özünün cinayət əməlinin qurbanı olduğunu sübut etdi.

Şahidlərin ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmaları barədə məhkəmədə dediklərini yada salan vəkil müstəntiqin yol verdiyi qanun pozuntularına da diqqət çəkib.

Nərimanov rayonu, 18-ci polis bölməsinin rəisi Hikmət Usubovun məhkəməyə məktubunda yazılıb ki, Oruc Vəliyev 5 oktyabrda bölməyə ümraciət edib. Amma iş materiallarında onun 1 oktyabrda müraciət etdiyi, 3 oktyabrda isə barəsində məhkəmə-tibb ekspertizası təyin edildiyi, 5 oktyabrda artıq ekspert rəyi alındığı göstərilib. Bölmə rəisinin məktubu bir daha onu təsdiq edir ki, Oruc Vəliyev məhkəməyə yalan ifadə verib, o, Mikayıl Quliyevlə Məmməd İbrahim arasında mübahisə baş verən yerdə olmayıb, müstəntiq cinayət işinin materiallarını saxtalaşdırıb. Məqsəd də zərəəkmişlərin sayını artırıb, Məmməd İbrahimə qarşı ittihamı ağırlaşdırmaq olub”, – deyə müdafiəçi bildirib.

Müstəntiq saxtakarlığa görə cəzalandırılsın!

Yalçın İmanov qeyd edib ki, bu cinayət işi siyasi sifarişlə qondarılıb, standart üzəduranlar və saxta sübutların nəticəsi olaraq, Məmməd İbrahim 6 aydır ki, həbsdədir: “Bu həbsin səbəbi isə Məmməd İbrahimin siyasi mənsubiyyəti, AXCP sədrinin müşaviri kimi fəaliyyətidir. Hesab edirəm ki, özünə hörmət eləyən məhkəmə Məmməd İbrahim barəsində bəraət hökmü çıxarmalıdır. Həmçinin Mikayıl Quliyev və müstəntiq Mübariz Süleymanovun əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərar çıxarmağınızı xahiş edirəm”.

Mən haqsızlıq qarşısında susa bilmərəm!”

Məmməd İbrahim özü də son sözündə siyasi baxışlarına görə saxta ittihamla həbs olunduğunu vurğulayıb: “Həbs olunandan sonra həbsxanada yüksək vəzifəlilərdən biri məni fərdi söhbətə dəvət edib soruşdu ki, ”nə vaxtdan bu yoldasan?” Dedim ki, 1988-ci ildən hərəkatdayam, 1989-cu ildə AXC yarandıqdan sonra onun sıralarındayam. Soruşdu ki, həmin dövrə qayıtsaq, yenə bu yolu seçərdin? Bu, mənim özümdən asılı olan bir şey deyil, istəsəm də, haqsızlığa, ədalətsizliyə qarşı susa bilmərəm, çünki belə görüb, belə tərbiyə almışam. Mənim ata-anam 1988-ci ildə rayondan Bakıda oxuyan 2 oğlunu görməyə gələndə birbaşa Azadlıq meydanına gəlmişdilər, bilirdilər ki, oğulları orada olacaq. Onlara deyəndə ki, Məmməd təhlükəli yoldadır, onu döyəcək, söyəcək, həbs edəcəklər, cavab vermişdilər ki, Məmməd nə etdiyini gözəl bilir. Mən bütün bunları sual verən yüksək vəzifəli şəxsə anlatmağa çalışdım. İzah eləməyə çalışdım ki, xalqın, dövlətin milyardları talandığı, hüquqları pozulduğu, 1000-2000 manat kredit borcuna görə intihar edən vətəndaşların sayının hər gün artdığı bir vaxtda milyardlarla xərc çəkilib mahnı müsabiqələri, Avropa oyunları, Formula-1 yarışlarının keçirilməsinə necə susa bilərəm? Bütün bunlara görə mən də bu yolda olmalı idim.

AXCP-ni ona görə seçdim ki…”

Tək mübarizə aparmağın çətin və əhəmiyyətsiz olduğunu bildiyim üçün də hansısa təşkilatın sıralarında olmalı idim. Elə bir təşkilat ki, güclü rəhbəri və dönməz, əyilməz üzvləri olsun. Bütün bu kriteriyalara cavab verən yeganə partiya AXCP olduğu üçün mən də onun sıralarındayam. Azərbaycanı bir dəniz kimi təsəvvür etsək, mən AXCP-ni o dənizdə hüquqi, demokratik dövlət olan sahilə üzən üzgüçüyə bənzədərdim. Bu yolda bir çoxları yorulub çəkilsələr də, bəziləri tiranın gəmisinə minsələr də, mən və əqidədaşlarım üzməkdə davam edirik. İndiyə qədər o sahildən uzaq olsaq da, yorulmadan ora doğru üzmüşük. Artıq o sahil çox yaxındır və bu gün-sabah bizim üzüb ora çatacağımıza qəti əminəm”.

Bundan əvvəl də dəfələrlə inzibati qaydada həbs olunduğunu, cərimələndiyini deyən Məmməd İbrahimin sözlərinə görə, son həbsdən öncə ona qarşı təzyiqlər güclənmişdi: “Bu 27 ildə çox təhdidlər, təhqirlər, həbslər, döyülmələr gördük, geri çəkilmədik. Qərargahımız əlimizdən alındı, sədrimizin xaricə çıxışı yasaqlandı, dəfələrlə həbs olunduq və mən bəzən cərimə, bəzən sutka ilə cəzamı çəkib qurtardım. Ancaq budəfəki həbsimdən əvvəl vəziyyət dəyişdi. Mənə qarşı başqa təzyiq vasitələri işə düşdü. İzləmələr, polisə çağrılmalar, işlətdiyim mağazanın vergi ilə sınağa çəkilməsi, mağaza sahibinin təzyiq nəticəsində məni mağazadan çıxartması təsadüfi deyildi.

Mənə böyük pullar təklif olunurdu…”

Əslində, hər şey ondan başladı ki, hakimiyyətin gündəminə AXCP-ni bölmək planı gəldi. Bu məqsədlə külli miqdarda pul ayrıldı və onun bir hissəsi də AXCP-dən ifşa edilərək qovulmuş Razi Nurullayevə verildi. Mənim xüsusi hədəfə alınmağım də, hər bir AXCP üzvü kimi, hakimiyyətin Razi maskasını cırmaqla, onları ifşa etməklə bağlı fəaliyyətim oldu. Bundan sonra internetdə sosial şəbəkələr vasitəsilə ünvanıma anonim söyüşlər, təhdidlər, təhqirlər gəlməyə başladı. Məni nalayiq söyüşlərlə təhqir edir, oğlumun başını kəsəcəklərilə hədələyirdilər. Bu barədə 17-ci polis bölməsinə yazılı ərizə versəm də, heç bir tədbir görülmədi. Bundan başqa, mesaj çatdırmışdılar ki, həbs növbəsi mənim və Fuad Qəhrəmanlınındır. Bəzi dostların da bildiyi kimi, AXCP-dən istefa verəcəyim təqdirdə mənə böyük məbləğdə pul təklif olunurdu. Bütün bunların səmərəsiz olduğunu görüb Mikayıl Quliyev adlı şəxs vasitəsi ilə məni təxribata çəkməyə başladılar. Mən bu təhqir və təhdidlərin surətini çıxararaq istintaqa təqdim etmişəm. Bilirdim ki, Mikayıl bunu öz istəyi ilə etmir, o kimlərinsə əlində alətdir. Düşündüyüm kimi də oldu. Onu öyrədib üstümə göndərdilər. Dava etmək istəmədiyimi görüncə, özü üzərimə hücuma keçib, yumruq atıb aranı qarışdırdı”.

Bəraətdən başqa bütün hökmlər qərəz, böhtan, sifarişdi…

Məmməd İbrahim qeyd edib ki, həbs yolu ilə onu susdurmaq mümkün deyil: “Mən bu yola bütün məhrumiyyətləri gözə alaraq çıxmışam. Heç bir həbs və ya təzyiq, hətta ölüm qorxusu belə məni yolumdan döndərə bilməz. Hakimiyyətdəkilər öz rahat yataqlarında hər gecə səksəkə içində yatdıqları halda, mən Şüvəlan təcridxanasında daş kimi yataqda çox rahat yatıram. Çünki mən doğru yoldayam, mənin mübarizəm haqq, ədalət, hüquqi cəmiyyət mübarizəsidir. Çünki mənim arxamda AXCP ordusu və onun arxasında da xalq dayanıb. Biz bu ölkədə, kimliyindən asılı olmadan, hər kəsin qanun qarşısında bərabər olduğu bir cəmiyyət uğrunda mübarizə aparırıq və ona görə hədəfdəyik. Mənim həbsimi sifariş verənlər MTN generallarının acı aqibətindən sonra hər gecə qapılarının döyüləcəyini gözlədikləri halda, mən bu yolda AXCP sıralarında, liderim Əli Kərimli ilə çiyin-çiyinə sona qədər varam. Bütün istintaq və məhkəmə prosesi sübut etdi ki, bu həbs sifarişdir. İndi buyurun, hökmünüzü oxuyun. Bu başdan deyirəm, bəraətdən başqa bütün qərarları özümə qarşı qərəz, böhtan və sifariş hesab edəcəyəm”.

Hakim Turqay Hüseynov hökmü martın 15-də saat 11.00-da elan edəcək.

***

Prosesi izləmək üçün AXCP sədri Əli Kərimli və partiyanın onlarla funksioner və fəalı da məhkəməyə gəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button