Məmməd Səid Ordubadinin Androniklə müsahibəsi…

“Osmanlı məmləkətinin yabançısı, bəlkə də xaini oldum”
Andronik: “Ölkədə görüb öyrəndiyim adətlərin heç birindən əl çəkə bilmərəm”
Ömrü siyasi, ədəbi mübarizələrlə dolu olan Məmməd Səid Ordubadi “Həyatım və mühitim” adlı memuarında tək Azərbaycanda deyil, Cənubi Qafqazda, Rusiyada baş verən hadisələri qələmə alıb. Maraqlı, həmçinin təzadlı bir ömrün timsalında baş verən proseslər sanki XX əsrin əvvəllərinin siyasi tarixidir. Sosial demokratlara qoşulması, həbsxana həyatı, Bakı qoçularının onunla eyni kamerada olması, “Hümmət” firqəsinə qoşulması, Naxçıvan hadisələri demək olar ki, M.S.Ordubadinin memuarında hərtərəfli yer alıb.
Ən maraqlısı odur ki, M.S.Ordubadi 1918-ci ildə Andronikin Osmanlı Türkiyəsindən Naxçıvana keçib, orada qırğınlara hazırlanmasını da qələmə alıb. Hətta “Səda”, “Sədayi-həqq” kimi bir sıra qəzetlər nəşr etdirən Haşım bəy Vəzirovun verdiyi jurnalist vəsiqəsi əsasında Naxçıvanda olan Androniklə görüşüb müsahibə alıb. Vaxtilə qəzetdə çap olunmayan həmin müsahibəni memuarına daxil edib. Qərara gəldik ki, həmin müsahibəni “Söz odası”nın oxucularına çatdıraq.
* * *
Dünya müharibəsi hələ başlanmamışdı. Çar orduları İrana və Türkiyə hüdudunda vaqe Xoy şəhərinə sel kimi axışıb gedirdi. Türkiyə hüduduna göndərilənlərin əksəriyyəti erməni könüllülərindən ibarət idi. Culfada olan erməni gənclərindən də könüllü yazılanlar var idi. İran ilə həmhüdud olan şəhərlərdə yenə də 6-cı illərdə baş verən erməni-müsəlman ixtilafının və milli vuruşmaların qoxusu gəlməyə başlamışdı. Çar hökuməti Türkiyəyə qarşı açacağı müharibədə yerli müsəlmanların Türkiyə lehinə işləyəcəklərindən qorxurdu. Buna görə də yerli ermənilərdən müsəlmanlara qarşı istifadəyə hazırlanırdı. Daşnaqlar Naxçıvan ilə Culfa arasında, Ordubad ilə Naxçıvan arasında yenə də yol ilə gedən müsəlmanları söyür, döyür və təhqir edirdi. Hələ Türkiyə hüduduna göndərilən erməni könüllülərinin rastına keçən müsəlmanın dinini və müqəddəs şeylərini söyməsi də bura əlavə olunarsa, çar hökuməti, demək olar ki, yenə də mütəşəkkil bir avantyura hazırlayırdı. Erməni xuliqanları tərəfindən zərərdidə olanlara və Culfa pristavı Yeşşolta şikayətdə bulunanlara heç də əhəmiyyət verilmirdi. Milli ixtilafın alovlanmasına az qalırdı. Bizim yoldaşlar çar siyasətinin dəyişdiyini əllərində ünvan tutub hökumətin bir daha milli ixtilafa səbəb olmamasına inanmırdılar.
* * *
Sərnişin qatarının islığı eşidilən kimi birinci dərəcəli vaqon duran yer faytonların yanına qədər polis və jandarm tərəfindən əhatə edilmişdi. Kimsə buraxılmırdı. Mən müsafirin vağzaldan düşəcəyi pilləkənin qarşısında duran ikinci faytonda onu görməyə tələsirdim. Müsafir vağzaldan çıxdı. Bu zat məşhur erməni çitehçisi Andronik idi. Müsafir vağzaldan çıxar-çıxmaz daşnaqlar əski erməni padşahları vaxtının milli bayrağını qaldırdılar. “Yaşasın! Yaşasın!” səslərinə rus jandarm və zabitlərinin səsi qarışmışdı. Müsafir hərbi avtomobildə oturub Abramovun evində hazırlanmış mənzilinə getdi.
Biz yarın bu məsələni müzakirəyə qoyduq. İclasda Nəsrulla Şeyxov, Baxşəli ağa Şaxtaxtlı, Ağa Məhəmmədhüseyn Sahibov, İsmayıl Bolqanlı, Arsen və Aleksandr iştirak etdilər. Bu iki erməninin əvvəlincisi Culfa kəndlisi, ikincisi isə İrəvandan Culfaya ticarət üçün gəlmiş neft taciri idi. İclasda bədbəxt hadisəyə imkan verməmək üçün geniş müzakirə açılmışdı. Müzakirədən sonra Andronik ilə görüşmək, ondan erməni-müsəlman ixtilafına yol verilməməsi üçün rica etmək, ermənilərlə müsəlmanları qandırmaq, daşnaqların fitnələrinə soyuqqanlıqla baxmaq üçün müsəlmanları başa salmaq və s. bu kimi məsələlər qərara alındı.
* * *
Mühüm müsafirlər ilə müsahibə etmək üçün Haşım bəy Vəzirov mənə müxbirlik vəsiqəsi göndərmişdi. Mən həmin vəsiqə ilə Andronik ilə müsahibə üçün Abramovun mülkünə getdim. Qapının qabağında dərzi Karapet fəxri qaravul durmuşdu. Karapet məni çox yaxşı tanıyırdı. Mən ona Andronik paşanı görmək və qəzet üçün müsahibə etmək istədiyimi söyləyərək vəsiqəmi göstərdim. Karapet nədənsə özünü itirmiş kimi nə deyəcəyini bilmədi. Azdan sonra:
– Yanında mühüm bir adam vardır. Gedin, yarım saatdan sonra gəlin.
– Eybi yoxdur, gözləyərəm. Qorxuram mən gedənlən sonra başqası gəlsin.
– Sizi əmin edirəm ki, elə iş olmaz. Mən özüm gəlib sizə xəbər verərəm.
– Yox, sizin zəhmətinizə razı deyiləm. Bir az gözləməklə insan ölməz ki, – dedim.
Mən dedikcə Karapet də bəhanə gətirib məni kabinetin qabağından uzaqlaşdırmaq istəyirdi. Nəhayət, mən heç vəcdlə qapıdan uzaqlaşmadım. Çünki içəridə olanlar ilə maraqlanırdım. Çox bəhanə və üzrlərdən sonra Karapet yenə mənə müraciət etdi:
– Elə isə gəlin otaqda oturub bir çay için. Andronik paşa sizi qapıda saxladığımı bilsə, bəlkə də, razı qalmaz.
– Şübhəsizdir ki, bunu paşaya bildirməməlisiniz, – dedim.
Biz bu danışıqda ikən Haykın qadını, yəni məşhur Culfa taciri Safrazyansın qızı rəngi qızarmış bir halda Andronik paşanın otağından çıxdı. Qadın 10 dəqiqə idi ki, getmişdi. Mən hələ qapıda durmuşdum. Yan otaqda erməni aristokrat qadınlarından daha bir neçəsinin oturduğunun və paşanı ziyarət etmək istədiklərini gördüm. Karapet içəri girdi. Qəzet müxbirinin gəldiyini söylədi. Mən içəri girdim. Furaşkamı götürdüm. Sözümü nə ilə başlamağım haqqında düşünərkən Andronik “Mərhəba”, – deyərək yumşaq bir səndəldə oturmağımı rica etdi. Özü də əlini çiynimə qoyub bərabərimdə əyləşdi:
– Söhbətə başlamazdan əvvəl bir qəhvə içsək olmazmı?
– Zəhmətinizə razı deyiləm.
– Burada Türkiyə qəhvəsi hazırlamırlar. Bzüm hazırlamışam. Türkiyə qəhvəsinə adətiniz yoxsa, yenə də arkadaşlıq etməyinizi arzu edirəm.
– Məmnuniyyətlə bu arkadaşlığı qəbul edirəm.
Andronik ayağa qalxdı. Spirt ilə qaynayan qəhvədandan iki fincan qəhvə töküb gətirdə və əyləşdi:
– Türkiyədə bu vəziyyətləri yaradanların Allah bəlasını versin. Mən ən sevdiyim Osmanlı məmləkətinin yabançısı, kim bilir, bəlkə də, xaini kəsildim. Ölkədə görüb öyrəndiyim adətlərin heç birisindən əl çəkə bilmərəm. Qəhvədən, qəlyandan heç əl götürə bilmərəm.
Mən gülümsünərək:
– Osmanlı məmləkətini çoxmu sevirsiniz?
– Sevirəm. Orada seviləcək bir şey yoxdursa, mən yenə də sevirəm. Zira mənim cocuqluğum, gəncliyim orada keçmişdir.
Mən qəhvəni əlimə aldıqda o:
– Əfv edərsiniz. Əcəmmisiniz? Qafqazlımısınız?
– Qafqazlıyam, qafqazlı olduğum üçün də yanınıza gəlmişəm.
– Qafqaz hüduduna keçdiyimdən bəri birinci olaraq görüşümə bir türkün gəldiyindən ziyadəsilə məmnunəm. Bununla bərabər, etdiyimiz müsahibənin qəzetə göndərilməməsini də arzu edirəm. Söhbətimizdə mətbuata yarayacaq bir mahiyyət olmadığı bəllidir.
– Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı?
– İştə mənim dediyim budur. Mühüm söhbətlərin mətbuat səhifəsinə girməyin vaxtı hələ yetişməmişdir.
Mən söhbəti uzatmaq istəmədim. Çünki Karapet içəri girib pristavın görüşə gəlmək istədiyini bildirdi və nə vaxt təyin edəcəyini soruşdu. Andronik isə bir saatdan sonra qəbul edəcəyini söylədi. Demək, mənim oturmaq vaxtım azalırdı. Ona görə də dedim:
– Andronik paşa! Mən qəzet müxbiriyəm. Lakin sizinlə yalnız qəzet müsahibəsi üçün deyil, mühüm bir iş üçün gəlmişəm.
Andronik özünü yığışdıraraq mənə diqqətlə baxdı.
– Dinləyirəm! Dinləyirəm!
– Mən bu yerlərdə çoxdan bəri yaşayıram. 1905-1906-cı illərdə baş verən erməni-müsəlman ixtilafından törənmiş faciələrin bir çoxunu öz gözümlə görmüşəm. Mən hər iki tərəfdə dağılan kəndlər, yanan evlər, günahsız öldürülən sürülərlə cocuqlar və qadınlar görmüşəm. İndi də onları düşünərkən ürəyim ağrıyır. Hazırda Osmanlı-Rusiya münasibətinin pozulması nəticəsində əski faciələrin yenidən başlanması qorxusu meydandadır. Bu faciələrin zəmini hazırlanır. Zənnimcə, bunların qarşısını almış olarsınızsa, öz xalqınıza da böyük bir atalıq etmiş olarsınız.
– Nə olmuşdur? Hələ ki, bir hadisə baş verməmişdir.
Mən Naxçıvan, Culfa, Ordubad arasında olan bütün xırda hadisələri saydım. Paşa gözlərimin içinə baxırdı. Əlini çiynimə qoyub sözə başladı:
– Yavrum! Mənim saçlarım mübarizədə ağarmışdır. Mən mübarizəsih yaşaya bilmərəm. Mübarizədə bir çox səhvlər də buraxmışam. Bir çox hadisələrdə isə bilərkən aldanmışam. Artıq ixtiyarlaşdım. Daha səhv etməməyə çalışacağam. Bu mübarizə “İttihadi-tərəqqi” firqəsilə başladığım son mübarizədir. Bu mübarizənin planı bir dövlətin, yaxud bir diplomatın planı deyildir. Bu planı şəxsən mən özüm düzəltmişəm. Bunun üçün siz məhəlli türkləri, bəlkə də, tanışınız olursa, ağıllı bildiyiniz erməniləri əmin edə bilərsiniz. Bu mübarizə türklər əleyhinə deyil, Osmanlı dövləti, daha açığı ittihadi-tərəqqiçilərin əleyhinədir. Əleyhimə çıxmayan hər bir türkün gözünü bağlayan erməni bizim hazırkı məqsədimizin düşmənidir. Mən bunu sözdə yox, işdə də göstərəcəyəm. Lakin siz türklərlə danışın. Onlar da oraq-tüfəng işlərə əhəmiyyət verməsinlər. Düşüncəm sizi qane etdimi?
– Siyasətlə işimiz yoxdur. Bizim üçün “İttihadi-tərəqqi” firqəsi də, daşnaksütyun firqəsi də fərqsizdir. Çünki onların hər ikisi bir sözü deyir. Bu firqələr ətrafıda toplananların hər ikisi bir millət olsaydı, bu iki firqənin kölgəsində sərvət qazanan burjuaziya birləşə bilsəydi, bu iki firqənin cəbhədən işləyəcəyi şübhəsiz idi. Çünki dedikləri, düşüncələri birdir. Hər birisi bir milləti hakim çıxarmağa çalışır. Halbuki bu xalqın hər ikisi birlikdə başqa bir vasitə ilə də hakim çıxa bilərdi.
– Doğrudur, arkadaş, məsləkiniz müqəddəsdir. Lakin onu xəyal şəklindən çıxarıb həyata keçirmək olsaydı, bəlkə, mən sizinlə razılaşa bilərdim. Lakin bu müqəddəs düşüncəni Anadolu kürdlərinin başına yerləşdirmək və erməni ailələrini onların pəncəsindən qurtarmaq mümkün deyildir.
Mən qalxdım. O, əlimi sıxaraq:
– Bu əvvəlinci və son görüşdür. Axşam getməliyəm, yenə də söhbət edərik. Lakin siz əmin olun ki, keçmiş xətaların təkrar olunmamasına çalışacağam. Bilirəm, fikriniz bir cəmiyyətin fikridir. Onlara salam söyləyin.
Paşa bu sözləri dedikdən sonra qalxdım. Əllərini belinə qoydu. Alnının qırışıqları yuxarı qalxdı, kaman şəklini aldı. Gözlərindən dərin bir düşüncə parladı…(moderator.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button