Məmurları gəlir bəyannaməsindən “azad edən” səbəblər

Zahid Oruc: “Ötən illər ərzində məmurların fəaliyyətini əhatə edən onlarla qanun işlənib hazırlansa da, bu məsələ hələ açıq qalmaqdadır”

Azərbaycanda işi məhkəmədən keçən yüksək çinli sabiq məmurların vəzifədə olduqları müddətdə nə qədər dövlət vəsaitlərini mənimsəmələri çoxlarına məlumdur. Lakin məsələ burasındadır ki, ölkədə hər hansı bir məmurun gəlirləri yalnız onun həbsindən və ya istintaqa cəlb edilməsindən sonra məlum olur. Vəzifədə olduğu müddətdə isə onun gəlirləri haqqında ictimaiyyətin məlumat alması mümkün deyil. Çünki illərdir ölkədə gəlir deklarasiyası haqqında qanun qüvvəyə minmir. Ekspertlərin fikrincə, elə bu faktorun özü ölkədə korrupsiya hallarına qarşı mübarizəyə də mənfi təsir göstərir.

Xural.com xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Zahid Oruc bildirib ki, gəlirlərin deklarasiyası ilə bağlı məsələ 2000-ci ildən sonra ölkədə geniş şəkildə müzakirə edilib: “Bununla bağlı müxtəlif diskussiyalar gedib. Elə həmin ildən qanun qəbul olunub və qüvvəyə minib. Lakin sonrakı dövrdə Nazirlər Kabineti sözügedən qanunun tətbiqi ilə bağlı müvafiq mexanizmlər hazırlamalı idi. Bu, həm şəffaf idarəçilik üçün çox önəmli olacaqdı, həm də cəmiyyətdə məmura münasibətdə fərqli şəkil alacaqdı. Yəni burada silsilə səbəbləri göstərmək olar. Çünki Avropa ölkələrində bu, geniş yayılmış hüquqi prinsiplərdir. Ancaq açıq deyək ki, müvafiq olaraq, hökumət tərəfindən bu cür addımlar atıla bilmədi. Bu isə müxtəlif səbəblərlə izah olundu. Ötən illər ərzində məmurların fəaliyyətini əhatə edən onlarla qanun işlənib hazırlansa da, bu məsələ hələ də açıq olaraq qalmaqdadır. Əlbəttə, bizimlə eyni sovet məkanından çıxan bəzi ölkələrin nümunəsinə əsasən fikirlər söyləyə bilərik ki, onlar bu yöndə addımlar atdıqları halda nəticələri nə oldu. Məsələn, 2014-cü il Maydan inqilabından sonra Ukrayna hüquqi-siyasi cəhətdən çox kardinal yeniləşmə dövrünə qədəm qoydu. Orada gəlir bəyannaməsi ilə bağlı məsələni gündəmə gətirdilər və bu yöndə Radada qanun qəbul olundu. Tətbiq zamanı isə çoxlu problemlər meydana çıxdı. Bəlli oldu ki, kimsə 17-18-ci əsrdən qalmış çox qiymətli antikvar əşyalarını da qeyd edir və bunun da qiymətini təyin etmək asan deyil. Eyni zamanda məlum oldu ki, kimlərsə öz mülkünü başqa şəxslərin adına rəsmiləşdiriblər. Bəziləri də öz imkanlarını qat-qat artıq göstərmiş oldular. Nəticədə konkret şəxsləri sorğulamaq istiqamətində addımlar atmaq mümkün olmadı. Oliqarxlar öz biznes gəlirlərini çox şişirdilmiş təqdim edib, necə deyərlər, özləri üçün ”yer” saxlamışdılar. Nəticədə söyləmək olar ki, məsələ çox da sadə deyil. Bir qanunla nəticə almaq çətindir və ümumilikdə götürəndə, bu, çoxşaxəli bir prosesdir. Bütün məsələlər kompleks şəkildə aparılmalıdır. Belə olan təqdirdə qanunla dürüst çalışan məmur obrazı cəmiyyətdə möhkəmlənər. Bu isə hökumətin, icra orqanlarının xeyrinə olar. Eyni zamanda vətəndaşla məmur münasibətlərini də yeni bir səviyyəyə keçirər”.

Deputat bildirib ki, burada ictimai rəy məsələsi də çox önəmlidir: “Son illər idarəetmə sistemində aparılan islahat fonunda qeyd etdiyimiz yöndə də mexanizmin hazırlanacağına ümid edirəm. Məsələn, seçkilər dövründə hər kəs çox rahatlıqla öz imkanlarını, əmlak, mülkiyyət, gəlirini deklarasiya olaraq təqdim edir. Ancaq bunu hamıya şamil etdikdə, mürəkkəbliyin olduğunu da inkar etmək olar. İş ondadır ki, ictimai rəy də çox önəmli bir fenomendir. Çünki hər bir halda biz cəmiyyətdə dürüst çinovniklər məfhumunu formalaşdırmalıyıq. Ötən illər ərzində bu cür sabit əqidəsi, peşəkarlığı ilə seçilən və dövlət idarəetmə orqanlarında prezidentin komandasında, hökumət sistemində qanunlar çərçivəsində yüksək ləyaqətlə millətimizə xidmət edən insanlar da yetərincə çoxdur. Ancaq bunun paralelində cəzasını almış, həmçinin fəaliyyətlərinə görə hökumət sistemindən və yaxud da digər orqanlardan kənarlaşdırılmış insanlar da var. Açığı demək lazımdır ki, bu məsələdə bəzən biz ən mühüm mühakimə vasitəsi olan vətəndaş qınağının güclü bir şəkildə silah kimi onların əleyhinə yönəlməsini görmürük. İkili bir mövqe var-bəzən qədərindən artıq məhkəmələrin qurulduğunun şahidi oluruq, lakin sonrakı dövrdə situasiya yeni yaranır. Elə bilin ki, vurğular yerini dəyişir və dünənə qədər əsas fiqur kimi təqdim olunan adamı sonradan mücahid kimi təqdim edirlər və onun timsalında talesiz, bəxtsiz cavan obrazı yaradırlar.

Yaxud da onların vəzifədən qovulduqları təqdirdə əldə etdikləri pul kütlələri sanki hansısa xeyirxah məqsədlərə yönəldiyi halda təmizlənmiş olur, legitimləşir. Ona görə də qınaq mexanizmi güclü bir qüvvədir. Məsələn, Finlandiyada olduğunuz zaman görəcəksiniz ki, adamlar ictimai məclislərdə badə qaldırıb, kiməsə vəzifə arzulamırlar. Çünki bu, onlar üçün yetərincə məsuliyyət, çərçivə içərisində fəaliyyət anlamına gəlir. Onlar düşünmürlər ki, bu, hansısa böyük, fərqli həyata qədəm qoymaqdır. Yəni vəzifə onların gələcəyinin təminatı sayılmaz. Ümid edirəm zamanla bizdə də hansısa mənfi tendensiyalar arxada qalacaq. Nəhayətində, məsuliyyətlilik, cavabdehlik, peşəkarlıq, ad, reputasiya məsələləri daha öndə olacaq. Ölkəmizin hazırkı idarəetmə sistemində yetərincə bu cür insanlar var. Onlar ötən dövr ərzində dövlətin, siyasi-iqtisadi proqramların icrasında ölkə başçısına yaxından kömək edib, bu prosesdə iştirak ediblər.

Əks halda, bu cür kardinal dəyişikliklərə nail olmaq mümkün deyildi. Azərbaycan proqramlı idarəçilik dövrünü 2005-ci ildən fəal bir şəkildə yaşamaqdadır. Çünki ölkə rəhbəri hakimiyyətə gələndən qısa bir zaman sonra bütün sahələrlə bağlı ambisiyalı planları qarşıya qoydu. Onların hər birinin yol xəritəsini hazırlamaq isə dediyimiz komanda üzvlərinin üzərinə düşdü. Çünki onlar etibarı üzərilərində saxlayıblar və bu gün də çalışmaqdadırlar. Lakin gördüyünüz kimi, bir qisim şəxslər artıq vəzifələrində çalışmırlar, bu da mühüm bir göstəricidir. Ona görə də gəlir deklarasiyasından danışarkən, hər birimizin cəmiyyət qarşısında fəaliyyətinin hesabatı haqqında düşünməliyik. Bu, bütün hakimiyyət qollarına şamil olunan məsələdir və ümid edirəm ki, Azərbaycanda gələcək dönəmdə idarəetmə sisteminin üzərindəki ən mühüm məsələlərdən biri elə bu olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button