«Mən danışsam, sonu yaxşı olmayacaq» – FOTOLAR

3319.02.2015

«AMAY»ın rəhbəri hakimə «məni heç «yuxarıdakılar»la da müqayisə eləməyin» dedi

Vəkil Osman Kazımov: «İttiham aktında göstərilir ki, pullar İranda istintaqa məlum olmayan fəaliyyət növünə sərf olunub…»

Abdulla Abdullayev: «25 il əziyyət çək, xidmət elə, axırda da adını dələduz qoysunlar?!»

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə «AMAY» Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, saat 11.00-a təyin edilən proses təqsirləndirilən şəxslərdən ikisinin vəklinin iştirak etməməsi səbəbilə saat 12.30-dək təxirə salınıb. Hakim təqsirləndirilən şəxslərə bildirib ki, dövlət hesabına təyin olunmuş vəkillər iştirak etmədiyi üçün proses baş tuta bilməz. “Danışın vəkillərinizlə, 5 manatlarını verin, gəlib prosesdə iştirak etsinlər. Onların gəlməməmsinə görə proses ləngiyir. Dövlət tərəfindən təyin edildikləri üçün vəkillərin də iştirak etmək marağı yoxdur. Hamının çörək qazanmağa ehtiyacı var. Pulunu verin ki, gəlib iştirak etsinlər” – deyə prosesə sədrlik edən hakim əsəbi halda bildirdi. Lakin saat 12:30-da həmin vəkillər- Yunis Vəliyev və Şöhrət Allahmanov gəlmədiyi üçün proses yenidən saat 14.00-dək təxirə salındı. Abdulla Abdullayev əsəbi halda digər təqsirilənlərə iradını bildirdi. “Nəyə görə dövlət tərəfindən təyin olunmuş vəkildən istifadə edirsiniz? Pulsuz olanda bax, belə olur. Hansı vəkil gəlmirsə, imtina edin və yeni vəkillə müqavilə bağlayın. Bunlara görə, bizim işimiz burda ləngiyir”. Nəhayət saat 14.00-da proses başladı.

Prosesdə ilk olaraq A.Abdullayevin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, hazırlıq iclasında müvəkkilinin müdafiəçiləri ilə bir masa arxasında oturması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, sübutlar siyahısının təqdim edilməsi, zərəçəkmişlərin notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən, zərərçəkmişlər siyahısından çıxarılması ilə bağlı vəsatətlər verdiyini xatırlatdı.

 «Bu vəsatətlərin heç biri təmin edilmədi. Hazırlıq iclasının qərarında isə vəsatətlərin rədd edilməsi ilə bağlı heç bir əsaslandırma yoxdur. Bundan başqa, sübutlar siyahısının müdafiə tərəfinə təqdim edilməsi, zərərməkmiş şəxslərin statusunun ləğv edilməsi və zərəçəkmişlər siyahısından çıxarılması ilə bağlı vəsatətlərin baxılmamış saxlanılması barədə qərar verildiyini elan etsəniz də, hazırlıq iclasının qərarında vəsatətlərin rədd edildiyi göstərilib. Ancaq Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, bu vəsatətlər rədd edilə bilməz. Sübutlar siyahısını müdafiə tərəfinə təqdim etmək ittiham tərəfinin borcudur. Sübutlar siyahısının olmaması səbəbilə irəli sürülmüş ittihamların mahiyyəti də aydın olmur. İttiham aktında göstərilir ki, “pullar İran İslam Respublikasında istintaqa məlum olmayan fəaliyyət növünə sərf olunub”. Ancaq bununla bağlı cinayət işində heç bir sübut yoxdur. Əgər bəzlərinin də dediyi kimi, “istintaqa məlum olmayan” məsələ ilə bağlı necə ittiham verilir? Ona görə də, bütün epizodlar üzrə sübutlar siyahısı olmalıdır.

 Yaxud, qanunvericiliyə görə, müqavilə öhdəlikləri mülki məsələdir və cinayət işinin predmeti sayıla bilməz. Bu cinayət işində isə müqavilə öhdəliklərinə görə ittiham irəli sürülüb və hansı sübuta əsaslanıldığı da aydın deyil. Həmçinin, həmin mülki müqavilələrə görə, mənzil almış şəxslər istintaqa ifadələrində bildiriblər ki, aldıqları mənzil onlara verilib və hətta mənzildə təmir işləri də aparırlar. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir iddialarının olmaması və özlərini zərərçəkmiş şəxs hesab etməmələri barədə notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət ediblər. Yəni, “Xudafərin” MMC-nin tikdiyi binadan ev alanlarla bağlı müavilə öhdəliyi yeribə yetirilib”. Vəkil sübutlar siyahısının müdafiə tərəfinə təqdim olunması və zərəçəkmiş şəxs qismində tanınmış şəxslərini statusunun ləğv edilməsi barədə təkrar vəsatətlə çıxış edib.

Qeyd edək ki, məhkəmə prosesində zərəçəkmiş şəxs qismində tanınanlardan heç biri iştirak etmirdi.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı bildirdi ki, sübutlar siyahısı cinayət işinin materiallarında məhkəməyə və tərəflərə təqdim edilib. “Mən başa düşürəm ki, vəkil Osman Kazımov bu iş üzrə Avropa Məhkəməsinə şikayət etmək üçün indidən zəmin hazırlayır. Ancaq ittiham tərəfi sübutları təqdim edib. Müdafiə tərəfinin bunları sübut siyahısı kimi qəbul edib-etməməsindəın asılı olmayaraq, o sübutlar cinayət işinin materiallarında var. Bildirirsiniz ki, sübutlar ittiham üçün əsaslı deyil. Burada narahat olmalı hal yoxdur. Əgər sübutlar yetərsiz olarsa, məhkəmə təqsirləndirilən şəxsə bəraət verə bilər. Zərəçəkmiş şəxslərin ərizələrimə əsasən, zərəçəkmişlər siyahısından çıxarılması ilə bağlı vəsatətə gəlincə, o şəxslər məhkəmədə dindirildikdən sonra zərərçəkmiş olub-olmadıqları aydınlaşa bilər. Bu səbəbdən statuslarının ləğv edilməsi mümkün deyil” – deyə prokuror bildirdi.

Osman Kazımov isə bildirdi ki, Avropa Məhkəməsinə şikayət etmək onun hüququdur və artıq bu işi bu instansiya üçün hazırlayır.

Hakimlər yerində müzakirə etdikdən sonra vəsatətlərin təmin edilməməsi ilə bağlı qərar verdiklərini elan etdilər.

Abdulla Abdullayev də oxşar vəsatətlə çıxış etdi. O, bildirdi ki, mülki xarakterli işlərdə cinayətlər fiziki şəxslərə şamil edilir. “Müqavilə öhdəlikləri cinayət sayıla bilməz. Korrupsiyaya qarşı Mübarizə Baş  İdarəsi bu öhdəlikləri cinayət əməli hesab edərək, mənə qarşı ittiham verib”. Hakim ondan vəsatətlə bağlı çıxış etməyi tələb edərkən Abdulla Abdullayev əsəbi halda “məni başqalarıyla qarışdırmayın. Məni heç «yuxarıdakılarla» da müqayisə etməyin. Mən danışsam, sonu yaxşı olmayacaq. Məni bütün dünya tanıyır. Mən hüquqlarımı müdafiə etməyi və haqqımı almağı bilirəm. İstəsəm, bu gün Avropa Məhkəməsindən qərar alaram, sadəcə Azərbaycan dövlətçiliyinə hörmət edirəm. Amma başqa əlacım qalmasa, haqqımı orada axtarmalı olacağam. 25 il əziyyət çək, xidmət elə, axırda da adını dələduz qoysunlar?! Mənim hansı əməlimdə dələduzluq var? Ev tikmişəm, sahiblərinə vermişəm də. Leqallaşma ilə bağlı ittiham irəli sürülüb. Mənim leqallaşma ilə bağlı əməlimi göstəri görək!” – deyə hakimə bildirdi.

 Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən, A.Abdullayev “Xudafərin” MMC-nin tikdiyi 262 mənzilli və 3146 m/kv qeyri yaşayış sahəsi olan bina üçün 11 milyon 218 min 675 manat alıb, bundan 7 milyon 712 mni 913 manat tikintiyə sərf edib və 3 milyon 505 min 762 manatı dələduzluq yolu ilə mənimsəyib.  Həmçinin, ittiham aktında qeyd edilir ki, A. Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondundan alınmış 40 milyon 150 min manatı mənimsəyib. İtiham aktına əsasən, iş üzrə 48 milyon 473 min 241 manat mənimsənilib və bu məbləğin 43 milyon 546 min manatı ödənilib. Mənimsənilmiş hesab edilən məbləğ ümumilikdə 4 milyon 927 min 240 manatdır.

 İttiham aktının elan edilməsindən sonra digər təqsirləndirilən şəxslər – Nəzərov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna ittihamın mahiyyətinin aydın olduğunu, lakin özlərini təqsirli bilmədiklərini bildiriblər. Abdulla Abdullayev isə qeyd edib ki, ittihamın mahiyyəti ona aydın deyil və özünün təqsirli bilmir. Növbəti məhkəmə prosesi fevralın 26-a saat 10.00-a təyin edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə   dələduzluq, mənimsəmə və ya israf etmədə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Anar İsmayılov/xural.com

10643250_809232695797900_890946089_n 11007524_809232835797886_2005819889_n

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button