Mən nə adam, nə insanam…

Zaur Məlikzadə

(Cizgilər…)

Mən nə adam, nə insanam… Tez–tez sual verir dost–tanışım: – Bəs, sən nəsən?! Mən adamlar, insanlar içində gəzən bir ruham. Qaçırılan Qarabağ adlı bir gəlinin fəryad səsi, onun şəhid ərinin yaralanmış qəlbiyəm mən. Həmin şəhid olan ərin anasının gözlərindən axan yaşı, dilindəki ağısıyam mən.

Mən nə adam, nə insanam… Mən yolam… Dilsiz, ağızsız, dərdli yol… Qoca şəhərdə, üzərində düşməni də dost tək gəzən yol… Göydələnlər şəhərində gizlənən Qız Qalasının qədim divarlarından ağlayan göz yaşıyam. Mavi Xəzərin hirslənəndə, dalğası, şırıltılı səsiyəm mən.

Mən nə adam, nə insanam… Mən küləyəm, dəli külək… Yoldan ötən gözəl qızın uzun qara saçlarını dağıdıb, içində dəli ehtiras oyadan külək…

Mən nə adam, nə insanam… Mən payızın yağış oğlu, mən payızın kötük ağac atasının əzabla xışıldayan, lakin səsinə səs verilməyən, sarı yarpaq qızının fəryad səsiyəm.

Mən nə adam, nə insanam… Hər qışda yolların günahını donduran qaram… bəyaz qar, qırmızı qar…

Mən nə adam, nə insanam… Səhərləri açan Günəş, gecələri işıqlandıran Ayam mən. Min–min ulduz içində yetim qalan dan ulduzuyam…

Mən nə adam, nə insanam… Mən daşam. Vətənində yadlaşan, vətən daşı, qaya daşı, çınqıl daşı… Birinə sinə, birinə baş daşıyam. Üzərində erməni bayrağını saxlayan Şuşanın qala daşlarının göz yaşıyam…

Mən nə adam, nə insanam… Doğma vətənimdə insanların ögey baxdığı, ordan–ora, burdan–bura daş atılıb qovulan, daha sonra barmaqlıqlar arasında saxlanılan qurdam… Boğazına zəncir salınan köpəyəm. Qorxur məndən cavanı da, yaşlısı da… Nədi–nədi buraxanda üzü Qarabağa sarı qaçan köpək qurduyam…

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button