Məni Müşfiq Atakişiyev tutdurdu!

Riyad Əliyev: “Ölkədən çıxmaq üçün Abşeron Rayon Məhkəməsinin icra şöbəsinin məmuru Cavad Həsənova 5 min, Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədova isə 60 min dollar verdim”

 

Riyad Əliyev ölkəni tərk edib siyasi mühacir olanlardandır. Onun maraqlı həbs tarixi var. Dediyinə görə, bu həbsin arxasında “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev dayanır. Əvvəlcə onu payçı edən də, sonra bu payı əllərindən alıb onu həbsə göndərən də rektorun özüdür. Riyad Əliyev hazırda həbsxanada olan MTN generalı Elçin Quliyevin Müşfiq Atakişiyevi himayə etdiyini deyir. Hakimlərə, icraçılara iri məbləğlərdə rüşvət verdiyini iddia edir. Cəzasının yüngülləşdirilməsi üçün yüz minlərlə manatdan keçdiyini deyir. Ağılalmaz iddialardır və adamın oxuduqca başının tükləri ayağa durur.

Normal ölkədə bu tip müsahibələrdən sonra ən azı bir neçə adamın vəzifəsindən uzaqlaşdırılması baş verir, amma bizim ölkədə belə şok iddialara hamı öyrəşib. Hər kəs normal baxır.

O zaman Riyad Əliyevin bu “normal” müsahibəsini Oxuculara təqdim edirik.

Müşfiq Atakişiyevin həyat yoldaşının, dayısı oğlunun adlarına bir milyonluq əmlak keçirdim

 riyad eliyev2

– Həbs olunmağınızın səbəbi nədir?

– Həbsimin səbəbi rektor Müşfiq Atakişiyevdir. Ortaqları aradan yığışdırırdı. İlk olaraq Tariyel Əhmədovu götürdülər, sonra məni şərləyib türməyə saldılar.

– “Təfəkkür” Universiteti ilə sizi nə bağlayırdı və həbsinizdə bu universitetin rəhbərliyinin rolu vardımı?

– 2004-cü ildən 2011-ci ilə qədər “Təfəkkür” Universitetinin Kiyev filialının müdiri işlədim. Bu filialın yaranmasının məqsədi tələbə köçürmələri idi. Bir illik filiala uşaqların adlarını yazıb, bir ildən sonra Bakıya – “Təfəkkür” Universitetinə gətirirdik. Tariyel müəllimin ölümündən sonra mənə payçılıq təklif olundu, mən razılaşdım. 4 milyon pul verdim, bir milyonluq əmlak keçirdim Müşfiq Atakişiyevin həyat yoldaşının, dayısı oğlunun adlarına. Bunun üçün olan bütün notariusdan çıxarışlar məndə var. Pulumu aldılar, müqavilə verdilər. Məni payçı etdilər, sonra da ilişdirdilər. Bir gün çay içməyə dəvət olundum. Məni Müşfiq Atakişiyevin dayısı oğlu çağırdı – Rövşən Məmmədov. Rövşən Məmmədov “Təfəkkür” Universitetinin təsərrüfat işləri üzrə prorektoru idi. Çay içəndə “Bandotdel”in əməkdaşları bizi həbs etdilər. Məni, Rövşəni, bir də köməkçim Xəyalı. Rövşəni idarəyə çatan kimi buraxdılar, bundan bildim ki, bu görüş qurma imiş. Üzümə bir neçə adam qoydular, dedilər, gəl qol çək. O zaman başladılar köməkçimin bədənində siqaret söndürməyə. 33-cü siqareti söndürəndə Xəyalın ağlamağına və qışqırıqlarına dözə bilmədim, qol çəkdim. 178.3.2-ci maddə ilə – külli miqdarda dələduzluq əməli ilə ittiham olundum. 7 ildən 12 ilə qədər iş göstərirdi. Xəyalı bundan sonra buraxdılar. Dediklərimi sübut edə bilərəm. Məndə köməkçim Xəyalın videosu var, orada Xəyal özü danışır, mənə qol çəkdirmək üçün ona hansı işgəncələrin verildiyini özü deyir. Bu, sifarişli həbs idi və bunu məndən polis əməkdaşlarının özləri də gizlətmirdi. Məqsəd mənim payımı əlimdən almaq, məni universitetdən uzaqlaşdırmaq, bir də rəhmətlik prorektorun söhbətinə qayıtmamaq üçün qarantiya almaq idi.

 

250.000 manata üzəduranlar ərizələrini dəyişdirdilər

 

– Həbsdən necə azad olundunuz? Ağır cinayətdə ittiham olunan şəxslərin azad olunması elə-belə olmur? Hakimlərə nə qədər “görüm-baxım” elədiniz?

– İçəridən gündə 20-yə yaxın şikayət yazırdım. 7 aydır həbsdə olmağıma baxmayaraq, müstəntiq hələ də yanıma gəlməmişdi. Bəyəm bu, qəribə deyildimi? İstintaq böyük cinayət işlərini aparmalıdır, müəllimin işini yox. Bu, sübut edir ki, tapşırıq yuxarıdan verilmişdi. Şikayətlərimdən sonra məni Bakı İstintaq Təcridxanasından “etap” elədilər. Dedilər maddəni yüngülləşdirib 178.2.2 və 178.2.4 edirik. Bu, daha yüngül cinayət sayılırdı. Məndən 250 min manat istədilər ki, Nərimanov Rayon Məhkəməsində işi özümüz həll edəcəyik. Belə olarsa, mənə 3 il iş verəcəklərini, gələcəkdə bir az da versəm, yarı müddətlə buraxıla biləcəyimi də əlavə etdilər. Elə də oldu. 250 min manat çatan kimi üzə duranlar ərizələrini dəyişdirdilər. Şikayətdə yazdıqları yüksək məbləğdə tələblərini azaltdılar və iş “külli miqdar”dan çıxarıldı. Beləliklə, cinayətim çevrilib oldu “yüngül”. Bir maraqlı məqam da vardı. Şikayətçilərin əksəriyyəti İmişli rayonundan idilər. Məni tutan əməliyyatçı da İmişlidən idi. İnanmıram ki, bunlar hamısı təsadüf idi. Hamısı əslən İmişlidən olan rektor Müşfiq Atakişiyevin yerliləri çıxdılar. Nəticədə 3 il iş aldım, 1,5 ildən sonra azadlığa çıxdım. Azadlığa çıxmağım üçün yenidən 200 min manat pul verdim.

 

MTN-dən Elçin Quliyev çağırdı və dedi ki, Müşfiq Atakişiyevdən payını istəmə

 

– Həbsdən azad olunandan sonra ölkədən necə çıxdınız?

– Həbsdən sonra məcbur oldum, 40 il yaşadığım Vətəni tərk etməyə. Mənə Müşfiq Atakişiyevin adamları hədə-qorxu gəlirdilər. Məni MTN-dən Elçin Quliyev çağırdı və dedi ki, Müşfiq Atakişiyevdən payını istəmə. Ya susmalısan, ya da rəhmətlik prorektorun aqibəti səni də gözləyir. Mən 3-cü variantı seçdim və respublikanı tərk etdim.

– Ölkəni tərk etməyinizdə hansısa hakimə və məhkəmə içraçısına külli miqdarda pul verərək çıxa bildiyinizi söyləmisiniz, bu, nə dərəcədə doğrudur?

 

İcraçıya 5, hakimə 60.000 dollar rüşvət verib ölkədən çıxdım

 

– Üstümdə şərti işim vardı, çıxa bilməzdim. Yenə Elçin Quliyevə müraciət etdim. Yolladı məni Abşeron Rayon Məhkəməsinin icra şöbəsinin məmuru Cavad Həsənovun yanına. Onunla xəstəlik adı ilə ölkəni tərk etməyin yollarını müzakirə etdik. Bu qərarı almaq üçün imkan vardı və Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədova bunun üçün 60 min dollar verdim. Cavada da 5 min dollar, çünki xəstəlik kağızını “Medcus” klinikasından o düzəltdi. Bu qərarı alıb uçdum Macarıstana. Oradan da Almaniyaya. Almaniyaya çatan kimi, vəkilim Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər üçün mətbuat konfransı keçirdi və bütün məsələləri mətbuata çatdırdıq.

– Sizi mühacirətə getdiyiniz ölkədə necə qarşıladılar?

– Çox gözəl qarşıladılar. Avropa, xüsusilə Almaniya demokratik ölkədir. Təkcə öz vətəndaşlarına yox, hər bir insana əl uzadıb onun dərdinə şərik olurlar. Düzdür, Eynulla Fətullayev yazırdı ki, guya mənə Angela Merkel himayadarlıq edir, amma bu, yalandır. Mənim yerimdə ayrı adam olsaydı, yenə də ona yaxşılıq edəcəkdilər.

– Hazırda hansı ölkədə yaşayırsınız?

– Hazırda Almaniyada yaşayıram, amma Azərbaycan üçün çox darıxıram.

 

Elşad Abdullayevlə TV yaratmaq istəyirik

 

– Nə işlə məşğulsunuz və planlarınız nələrdir?

– Biznesim var burada. Bir də xobbi xarakterli 2 sayt işlədirəm. Çalışırıq ki, Elşad Abdullayevlə birlikdə müstəqil TV yaradaq və bütün acı gerçəkləri TV vasitəsilə ictimaiyyətə çatdıraq.

– Xaricdə təşkilatlanmaq və mübarizə aparmaq fikriniz varmı?

– Mübarizə aparıram. Avropa Azərbaycanlılarının Milli Şurasının sədrinin birinci müavini, Almaniyada temsilçisiyəm. Sədrimiz Qabil Rzayevdir. Mənzil qərargahımız Bazildədir. Məqsədimiz Azərbaycanda demokratik cəmiyyət qurmaqdır.

– Azərbaycanlılar arasında birlik yarada bilirsinizmi?

– Bəli, birlik yaranar, əgər məqsəd hamıda eyni olarsa. Sədrimiz Qabil Rzayev bunun üstündə çox çalışır, amma elə qüvvələr var ki, özlərini müxalifət adlandırmalarına baxmayaraq, işləri hamının arasını vurmaq və birliyə mane olmaqdır.

– Azərbaycan cəmiyyətə nə sözünüz var?

– Azərbaycan cəmiyyətinə onu arzulayıram ki, susmasınlar. Mənim başıma gələn hər bir vətəndaşın başına gələ bilər. Mən bilirəm ki, öz Vətənimdə yaşasam, daha çox xeyir verə bilərəm, sevdiyim işlə məşğul olaram – yəni elmlə. İndi Avropa Məhkəməsinin qərarını gözləyirəm. Mən sübut edəcəyəm ki, günahsızam.

– Müsahibəyə görə sağ olun.

– Minətdaram sizə, Əvəz bəy. Saytınızı hər gün oxuyuram və “Qaynar Qazan” çox xoşuma gəlir.

 

Xural.com

 

Redaksiyadan: Müsahibədə adı dəfələrlə çəkilən və ittiham edilən “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyevlə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Ona və rəhbərlik etdiyi Universitetə dəfələrlə telefon açdıq, bizə yardımçı olan olmadı. Təkcə Müşfiq Atakişiyevin deyil, müsahibədə adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button