“Mənim cinayət işlərim ehtimallar üzərində qurulub” – gozetci.az

Baş redaktor: “Siz əvvəl incəsənətlə məşğul olmamısınız ki? Bu instrumental incəsənətə aid olan bir məsələdir. Sizdən əvvəl ifadə verən ekspert deyəsən şou-biznesdə işləyib”

Baş  instrumentalist ekspert Lətif Əliyev: “Yox, incəsətən sahəsində işləməmişəm”

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Gozetci.az portalının məlumatına görə, proses saat 14:00-a təyin edilsə də, 20 dəqiqə gec başlayıb. Prosesdə şahidi qismində “Ümid” Partiyasının sədr müavini, jurnalist Aynur İmranova ifadə verib. Onun sözlərindən məlum oldu ki, baş redaktor həbs olunan gün, yəni 2011-ci il oktyabrın 28-də onu “Kanal 13” İnternet Televiziyasına qonaq qismində dəvət edib. Saat 17:00 radələrində canlı yayında verilişin başlanmasına baxmayaraq Əvəz Zeynallı  saat 16.50-də Aynur İmranovaya zəng vuraraq redaksiyanın ünvanını soruşub. Bundan cəmi 2 dəqiqə sonra isə A.İmranova Ə.Zeynallıya zəng vurarkən, baş redaktor “məni mülki geyimli adamlar aparırlar, hara apardıqlarını da bilmirəm…” deyib. A.İmranova bunun bir zarafat olduğunu düşünsə də, sonradan Ə.Zeynallının səsinin getdikcə uzaqlaşmasından başa düşüb ki, onun əlindən mobil telefonunu kimlərsə alıb: “Mən canlı yayında verilişin aparıcısı olduğum üçün, verilişdən sonra araşdırma apardıq və Ə.Zeynallının həbs olunduğunu öyrəndik”.
Bundan sonra Ə.Zeynallı A.İmranovaya suallar verib. Verilən suallardan məlum olub ki, Ə.Zeynallı həbs olunan zaman ona məxsus mobil telelefonlar yanında olub. Halbuki artıq bir neçə məhkəmə prosesidir ki, baş redaktorun mobil telefonlarının həbs olunarkən əlindən alınması ilə bağlı qaldırdığı vəsatətlər açıq qalır.
Məlumat üçün bildirək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) məsul şəxslərinin məhkəməyə təqdim etdikləri arayışda göstərilir ki, Ə.Zeynallı həbs olunarkən onun üzərində mobil telefon olmayıb. Baş redaktor isə ona məxsus Nokio və Blackberry markalı telefonların “oğurlanarkən əlindən alındığını və bir daha geri qaytarılmadığını” dəfələrə məhkəmədə bildirib və bununla bağlı vəsatət qaldırıb: “Həyasızlığın bu həddini də gördük. Necə olur ki, məni həbs edəndən sonra, həbsimlə bağlı ilk informasiyanı mobil telefonumla özüm vermişəm? Əlimdən telefonlarımı alan Rəsulov Fuad Mirmehdi oğlu haqqında da KQMİ-nin rəhbərliyinə, Baş Prokurorluğa şikayət etmişəm. Hətta bu adamı həmin an müstəntiqə göstərib demişəm ki, mənim telefonlarımı bunun əlindən alın. Müstəntiq Qabil Qasımov da deyib ki, onun buna səlahiyyəti çatmır – Səlahiyyəti çatmadığı üçündür ki, adamın vəzifəsini qaldırdılar. Bu qədər də ağ yalan olar?  Utanmadan deyirlər ki, telefonlarımı bunlar götürməyiblər. Onlar istintaqa saldıqları saxta SMS-lərə görə telefonları qaytarmaq istəmirlər. Saxtalıqlarının üstünün açılmasını istəmirlər.”
Şahid Aynur İmranova ifadə verərkən Ə.Zeynallının həbs olunarkən mobil telefonların onun özündə olduğunu bir daha təsdiqlədi: “Hiss etdim ki, telefonu onun əlindən aldılar, sözü ağzında qaldı”.
Bundan sonra Ə.Zeynallının vəsatətləri əsasında məhkəmə prosesinə çağırılmış Ədliyyə Nazirliyinin  Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlhamə Quliyeva ifadə verdi.
Onun sözlərindən məlum oldu ki, o, 2011-ci ilin aprel ayından qeyd olunan mərkəzdə ekspert işləyir və ixtisasca rus dili və ədəbiyyatı müəlliməsidir.  Bundan sonra Ə.Zeynallı və vəkili Elçin Sadıqov ona suallar verdi.
E.Sadıqov:

– Əvvəl harda işləmisiniz?

İlhamə Quliyeva:

– Bu işimdən əvvəl incəsənət sahəsində çalışmışam.

Ə.Zeynallı:

– Diskdəki küyləri necə tənzimləmisiniz?

İ.Quliyeva:

– Onu insturmentalist ekspert edib.

Ə.Zeynallı:

– Axı rəydə sizin imzanız var.

İ.Quliyeva:

–  İnstrumentalist ekspert Lətif müəllim burdadır, gəlib aydınlıq gətirər.

Şahidin ifadəsindən bəlli oldu ki,  onların ekspertiza etdikləri səsyazısı original deyil, səs yazısı mp3  formatında konvetə köçürülüb.
Sonra Ə.Zeynallı şahidə daha üç sualla müraciət etdi:
1. Gülər Əhmədovanın istintaqa təqdim etdiyi səsyazısına rəy verərkən, ekspertin “onlar arasında razılaşma hiss olundu” ifadəsi nəyə əsaslanaraq sənədə daxil edilib?
2. Ekspert rəyində göstərilir ki, “q diktor, yəni Gülər Əhmədova haqqında qəzetdə dərc oluncaq şantaj yazıların dayandırılması üçün baş redaktorla anlaşır” cümləsini yazarkən “şantaj” deyəndə nəyi nəzərdə tutub?
3. Ekspert İ.Quliyeva səsyazısında Ə.Zeynallının səsi ilə deyil, G.Əhmədova tərəfindən deyilən “10 min manat” kəlməsini nəyə əsaslanaraq onun adından təqdim edib?
İ.Quliyeva səsyazısında Ə.Zeynallı ilə G.Əhmədova arasında gedən söhbətin müaliyim olduğunu təsdiqlədi, lakin ekspert rəyində hansı dəlilə əsasən baş redaktorun deputatı şantaj etdiyini əsaslandıra bilmədi. “Şantaj yazıları” məsələsinə gəlincə isə İ.Quliyeva hər iki şəxs arasında gedən danışıqlarda hansısa anonsdan söhbət getdiyini anladığını və buna əsaslanaraq ortada şantaj olması qənaətinə gəldiyini bildirdi.
Ə.Zeynallı ekspertlərin rəyində səhvlərin olduğunu hakimlərin diqqətinə çatdırdı.

Ə.Zeynallı:

– Ekspertin rəyində yazılıb ki, Əhmədova Gülər Tapdıq qızı. Tapdıq mənim atamın adıdır. Vallah atamın Gülər adlı qızı yoxdur.

İ.Quliyeva:

– Texniki səhvdir.

Ə.Zeynallı:

– Görün Ədliyyə Nazirliyinin ekspertizası nə gündədir.

Hakim:

– Yaxşı də yəqin texniki səhv olub.

Ə.Zeynallı:

– Mənim bütün cinayət işim ehtimallar üzərində qurulub. Müstəntiq yazıb ki, ehtimal olunur ki, Əvəz cinayət törədib. Ekspertdə rəyində yazıb ki, deyəsən Əvəzlə Gülər əvvəllər danışıb.  İlhamə xanım siz mətbuatda çalışmısınızmı?

İ.Quliyeva:

–  Yox.

Ə.Zeynallı:

 – O zaman söhbətin hansısa anonsdan gedir? Özü də anons məsələsinə burada artıq aydınlıq gətirilib. Mən Gülər Əhmədovanı narahat edəcək heç bir anons dərc etməmişəm, etmişəmsə, 9 ayda ittihamçı tərəf bunu təqdim edərdi – G.Əhmədovanın xahişindən getdiyini bilərdiniz. G.Əhmədova həmin səsyazısında mənə yalvarırki, qardaş sənə məndən nə gətirsələr dərc etmə, hətta müsbət nə olsa da dərc etmə. Mən o zaman bunun nə demək olduğunu bilmirdim. Amma E.Abdullayevin açıqlamalarından məlum olur ki, o məşhur “mandat alveri” videoçarxlarını məhz həmin ərəfədə müvafiq orqanlara göndərib. Gülər də qorxub ki, həmin videolar mənə də müstəqil mətbu orqan kimi göndərilə bilər və mən onu dərhal dərc edərəm. Hörmətli xanım, indi bildinizmi, söhbət nədən gedib? Siz bilmədiyiniz şeylər haqda nə cür cəsarət edib, quru ehtimallara əsaslanıb rəy yaza bilirsiniz? Mən bilirəm ki, sizə əmr veriblər ki, ekspert rəyi məhz bu cür hazırlanmalıdır. O zaman siz niyə etiraz etmədiniz ki, məni cinayətə sövq etməyin? İnsanların taleyilə oynamaq bu qədər asandır sizə?”

İ.Quliyeva Ə.Zeynallının sualına konkret cavab verə bilmədi.  Ə.Zeynallı üzünü şahidə tutaraq “İlhamə xanım yazı necə hazırlanır? Müsahibə necə götürülür?  Yazı necə redaktə olunur? Sizin bunlardan anlayışınız var?” deyərək ona suallar ünvanladı. Şahid isə yenə cavab verə bilmədi. Bu zaman Ə.Zeynallı üzünü hakimlərə tutaraq  “Niyə bura mətbuatdan anlayışı olan ekspert gətirmirsiniz? Görün, hələ deyirələr ki, Əvəz Zeynallı Gülərlə razılaşıb. Gülər Əhmədovadan pul aldığımı desəydilər, prokuror Ramazan müəllim bizi burda qırardı” dedi.
İ.Quliyeva dedi ki Ə.Zeynallı ilə Gülər Əhmədovanın səsyazısındakı danışıqda heç bir gərginlik, mübahisə yoxdur. Bu zaman Ə.Zeynallı yenidən ona sual ünvanladı.

Ə.Zeynallı:

–  Bəs şantaj hardan gəlib beyninizə, bəs bura niyə yazmısınız?

Prokuror:

– Ekspert yazır ki, o danışıqda Gülər Əhmədova ilə sizin aranızda şantaj yoxdur, şantajın qarşısının alınması üçün danışıq aparılır.

Ə.Zeynallı:

– Əgər hər şey normaldırsa, şantaj xarakterli söhbəti hardan atmısınız ortaya?

İ.Quliyeva:

– Danışığın məzmunundan belə qənaətə gəldik.

Ə.Zeynallı:

– Bəs burda 10 min söhbətini hardan çıxartmısınız? Axı mən belə söz deməmişəm. Siz mənim danışığımın məzmunundan belə qənaətə gəlmisiniz? Siz Ramiz Mehdiyevin qohumu, Əli Həsənovun işçisi olmamısınız?
Ə.Zeynallının bu dediklərinin qarşısında şahid susur. O səsyazısının sintaktik və linqvistik təhlilini verdiyini söyləsə də, rəyə daxil etdiyini ümumi nəticələrin nəyə əsaslanaraq qeyd olunduğunu izah edə bilmədi. Ə.Zeynallı ekspertin Azərbaycan dilini hansı səviyyədə bilməsini müəyyən etmək üçün ondan “Sakit axan çay kənarında çadırları qurun” cümləsini sintaktik təhlil etməyi xahiş etdi. Şahid ekspert isə bundan imtina etdi. Şahidin pis vəziyyətə düşdüyünü görən prokuror “Sonra mən təhlil edərəm” deyərək şahidi pis durumdan çıxartmağa çalışdı. İ.Quliyeva ifadəsini yekunlaşdırandan sonra zalı tərk etdi.
Bundan sonra Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti Lətif Əliyev ifadə verdi. O, Ə.Zeynallının “Sizə 2 səsyazısı təqdim olunub. Onarın hansı birinci, hansı ikinci olub?” sualını cavablandıra bilmədi. L.Əliyev qeyd etdi ki, bunu bilmək üçün mütləq səsyazısının original variantı olmalıdır ki, onlara təqdim olunan səsyazısı da original olmadığı üçün bunu müəyyənləşdirə bilməyiblər: “Bizə təqdim olunan səsyazısı rəqəmsal avadanlıqda yazılıb, onlardan biri mp3 formatında olub, digəri isə sonradan mp3 formatına konvertə olunub”.
Ə.Zeynallı, “bunu müəyyənləşdirmək üçün mənim özümə də müraciət etmək olardı” dedikdən sonra da baş ekspert bunu etməyə lüzum olmadığını söylədi.
“Siz buna lüzum olmadığı üçün bir altı-üstü bilinməyən ekspert rəyi hazırlamısınız və orada da ağlınıza gələnləri yazmısınız. Bu cür rəy hazırlamaq olar? Bilmirsiniz ki, adam qalxar və bunun hesabını qanun çərçivəsində sizdən soruşar? Siz necə ekspertsiniz ki, Gülərin kabluk səsindən başqa bir şey düşməyən 17 dəqiqəlik səsyazısına cəmi 2 saata ekspert arayışı vermisiniz, amma Gülər Əhmədovanın açıq-aydın heç bir əziyyət çəkmədən, ağı qaradan seçən məşhur videoçarxlarını 4 aydır ki, ekspertizadan keçirib qurtara bilmirsiniz?”, – deyə Ə.Zeynallı ekspertə sual verdi. Bu zaman prokuror  Ramazan Hadıyev müdaxilə edir.

Prokuror:

– Ekspert bu suala cavab verməməlidir.

L.Əliyev:

-Möhtərəm hakim bu sualı çıxardın.

Hakim:

– Ekspert özünün xidməti borcunu yerinə yetirir.

Zaldakılar ekspertin pis vəziyyət düşdüyünü görərək  “ona su verin içsin” dedilər.

Ə.Zeynallı:

– Doğurdan deyirəm, su verim için. Sizdə bu vətənin oğlusunuz. Baxmayaraq ki bir-birimizə düşmən kəsilmişik.

Hakim:

– Zeynalov o vəzifəsini yerinə yetirir.

Lətif Əliyev:

– Siz ürəyinizdə bilirsiniz ki mən düzəm.

Ə.Zeynallı:

– Sizdə ürəyinizdə bilirsiniz ki mən düzəm. Bunu burda deyə bilərsiniz?  Siz əvvəl incəsənətlə məşğul olmamısınız ki? Bu  instrumental incəsənətə aid olan bir məsələdir. Çünki sizdən əvvəl ifadə verən ekspert deyəsən şou-biznesdə işləyib.

L.Əliyev:

– Yox, incəsətən sahəsində işləməmişəm.

Ə.Zeynallı:

– Bunu ona görə soruşdum ki, siz  instrumentalistsiniz, bu üzrə ekspertsiniz.

Hakim:

–  Zeynalov ekspertizadə bu termin var. Nə yaxşı siz bunu bilmirsiniz?

Prokuror:

– Bilir, sadəcə özü belə edir.

Bu zaman prokurorun mobil telefonundan maraqlı səs gəldi. Ə.Zeynalı isə buna reaksiya verdi.

Ə.Zeynallı: (üzünü prokurora tutaraq)

– O nə səsdir, mafiya səsidir?

Hakim: (əlini pəncərəyə tərəf uzadaraq)

– Səs bayırdan gəlir.

Prokuror:

– Telefonumun radiosunun səsidir.

Ə.Zeynallı: (gülümsəyərək)

– Ay Ramazan müəllim bu nə mafiya səsidir, qorxdum ee.

Prokuror:

– Qorxmayın, siz təhlükəsiz yerdəsiniz.

Ə.Zeynallı:

– Qorxuram, indi prokurorluq da mafiyadır.

Daha sonra məlum oldu ki, eyni gündə, yəni 2011-ci il oktyabrın 20-də G.Əhmədovanın KQMİ-nə təqdim etdiyi səsyazısı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunub, elə həmin gün bu mərkəzin ekspertləri ekspertiza arayışını hazırlayıblar və elə həmin gün Respublika Prokurorluğuna təqdim ediblər. Elə həmin gün də Respublika Prokurorluğu həmin arayış əsasında istintaq işinə başlayıb. “Azərbaycanda bu sürətlə ancaq siyasi sifariş olan işlər gedə bilər. Yoxsa cəmi bir günün içində bu məmləkətdə bir neçə qurumun ildırım sürətilə işləməsi insanda istehza doğurur. Belə fantastik sürət ona görə lazım idi ki, mənə qarşı aparılan əməliyyat həbsimlə nəticələnsin”, – deyə Ə.Zeynallı bildirdi.
Şahid ifadəsini bitrəndən sonra 5 dəqiqəlik fasilə elan olundu.
Məhkəmənin Ə.Zeynallıya qarşı qaldırılmış AR CM-nin 213.1 maddə üzrə prosesə dəvət etdiyi ekspert də Ə.Zeynallının vəsatəti əsasında dinlənilmədi. Məhkəmə Vergilər Nazirliyinin xüsusi qərarlara əsaslanan Audit şöbəsinin əməkdaşı Elçin Əliyevi dinləməkdən imtina etdi. Ə.Zeynallı: “Mən başa düşə bilmirəm. Necə ola bilər ki, Vergilər Nazirliyi bizə qarşı əsasız iddia qaldırsın, onun bi əməkdaşı heç bir əsas olmadan bizə qarşı ağlasığmaz məbləğdə cərimə iddiası qaldırsın, digər əməkdaş isə gəlib, burada onun dediklərini inkar etsin? Belə şey olarmı? Vergilər Nazirliyinin, Fazil Məmmədovun mandatını daşıyan 2 vergi mütəxəssisi bir-birlərini inkar edə bilərlərmi? Ona görə xahiş edirəm ki, bura müstəqil, heç bir qurumla bağlılığı olmayan, beynəlxalq təşkilatların əsasnamələrilə çalışan müstəqil ekspertlər dəvət olunsun…”.  Prokuror isə “heç bir ekspertə ehtiyac yoxdur” deyərək baş redaktorun dediklərinə reaksiya verdi.

Ə.Zeynallı:

– Ramazan müəllim yenə öz ampulasına qayıdır.

Prokuror:

– Ramazan müəllim həmişə öz ampulasındadır.

Hakim:

– Biz dedik ki, bu suallara aydınlıq gətirmək üçün ekspert dəvət edək.

Vəkil Rəşid Hacılı:

– Bu şəxs isə tərəfdir axı.

Ə.Zeynallı:

– Demək istəyirəm ki, vergilər naziri Fazil Məmmədovun bir işçısı, digər işçisini təkzib etməz.

Hakim: (üzünü şahidə tutaraq)

–  Gedə bilərsiniz. Biz yoldan keçəni ekspert kimi tutub, bura gətirə bilmərik.

Ə.Zeynallı:

– Ramella xanım sizdə elə himə bəndsiniz ee…

Hakim:

– Zeynalov yenə başlama!

Ə.Zeynallı:

– Qubad İbadoğlu, “Turan” informasiya agentliyində çalışan və digər onlarla müstəqil ekspertləri var. Onlar yoldan keçən ekspertlər deyil axı.

Hakim:

– Bu işə yenidən baxarıq.

Elçin Sadıqov:

Bəlkə vergi sahəsində mütəxəssis olan nazir Fazil Məmmədova müraciət edək.

Hakim:

– Yaxşı də səndə başlama

E.Sadıqov:

– Tutaq ki, ekspert gəlib desə ki, Əvəz Zeynallı 100 manat vergidən yayınıb. Sizdə də ekspert rəyi var. Onda necə olacaq?

Hakim:

– Qiymət verəcəyik.

Ə.Zeynallının vəkilləri vəsatət verdilər ki, vergi ilə bağlı sənədlər ekspertə verilsin və ekspert o sənədlərlə tanış olandan sonra məhkəmədə dindirilsin. Hakim bu vəsatəti qəbul  etdi.
Məhkəmə növbəti prosesi 2013-cü il fevralın 6-da saat 14.00-a təyin etdi.

Gozetci.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button