“Mənim işimə məhkəmələrdə yox, Prezident Administrasiyasında baxılmalıdır”

«Mənim işimə məhkəmələrdə yox, Prezident Administrasiyasında baxılmalıdır. Başda İlham Əliyev, sağ-solunda da Fuad Ələsgərovla Əli Həsənov…», – ilahiyyatçı Taleh Bağırzadə belə deyir.

O, aprelin 16-da yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 20 illik cəzasının daha beş ay artırılması barədə hökmdən verilən şikayətə baxılır. İlkin baxış iclasında T.Bağırzadə deyib ki, işinə məhkəmələrdə baxılmasına etiraz edir. Çünki onun həbsi də, verilən ittihamlar da hüquqi deyil, siyasidir: «Mən şəxsən İlham Əliyevin sifarişi ilə həbs olunmuşam. Ona görə də mənim işimə birbaşa Prezident Administrasiyası baxmalıdır. Başda İlham Əliyev, sağ-solunda da Əli Həsənovla Fuad Ələsgərov. İclas katibi Ramiz Mehdiyev, prokuror da Zakir Qaralov olmalıdır…».

Hakim T.Bağırzadəyə ittihama aidiyyəti olmayan məsələlərdən danışdığını söyləyərək, ona irad tutub.

T.Bağırzadə bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirilir. İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.

T.Bağırzadənin vəkili Fariz Namazlı həmin kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatətlər qaldırıb.

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı aprelin 23-nə təyin olunub.

 (azadliq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button