MƏTBƏƏ “XURAL” QƏZETİNİN ÇAPINDAN İMTİNA ETDİ

2011-10-21 – 10:56:00
Oktyabrın 21-də “Xural” qəzeti işıq üzü görməyib. “Media forum” saytına açıqlama verən baş redaktor Əvəz Zeynallı deyib ki, “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib: “Texniki avadanlığımız tam müsadirə olunsa da, oktyabrın 20-də həmkarların, dostların ayırdığı noutbuklar hesabına çalışıb növbəti sayı çapa hazırladıq. Ancaq təəssüf ki, illərdir çap olunduğumuz “Ekspress” mətbəəsinin rəhbərliyi bizimlə əməkdaşlığı dayandırdığını bəyan etdi”.

Əvəz Zeynallı əlavə edib ki, “Ekspress”in imtinası mətbəəyə hakimiyyət rəsmilərinin təzyiqləri ilə bağlıdır: “Başqa mətbəə axtarırıq. Buna məcburuq”.

“Xural” qəzetinin əmlakı oktyabrın 19-u axşam saatlarında müsadirə olunub. İcraçılar redaksiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərlinin “Xural”a qarşı iddiaları üzrə çıxarılmış qərarlara görə gəliblər. Məhkəmə qərarlarına görə, “Xural” Ramiz Mehdiyevə 10 min manat, Vüqar Səfərliyə 5 min manat təzminat ödəməlidir. Təzminat ödənmədiyindən bu ilin mayında “Xural”ın əmlakı siyahıya alınıb.

Qəzetin baş redaktoru Əvəz Zeynallı əmlakın müsadirəsinin siyasi sifariş olduğunu deyir, bunu “Xural”ın Azərbaycan hakimiyyətinə, ölkə rəhbərliyinə qarşı tənqidi materiallar dərc etməsi ilə bağlayır.

“Xural” qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib. Ötən ay Mətbuat Şurası qəzeti “reket” elan edərək “qara siyahı”ya salıb.

“Media forum”

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button