“Mətbuat Şurası məmurlardan sifariş alıb məndən “Bandotdel”ə şikayət yazıb”

Mətbuat Şurasının mənimlə bağlı “Bandotdel”ə ünvanladığı məktub yalan olmaqla yanaşı, həm də üzəduranlıqdır”.

Bunu həbsdə olan jurnalist Fikrət Fəraməzoğlu sözügedən məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, MŞ-nin atdığı addım mahiyyət etibarı ilə heç bir cinayət əməli törətməyən bir media mənsubunun həbsinə şərait yaratmaq, onu şərləmək və cinayətdə ittiham etməkdir: “Mənim MŞ-nin “düşməninə” çevrilməyimə səbəb onların ayrı-ayrı məmur, idarə və müəssisə rəhbərləri ilə bağlı xahişlərini nəzərə almamağımdır. Bu təşkilat adətən, onun sözünə baxmayan tanınmış mətbuat nümayəndələrini gah özünün “qara siyahı”sına salmaqla hədələyir, gah da müxtəlif dairələrdə qaralamaqla məşğul olur. Mənə qarşı edilən hərəkət isə sözün həqiqi mənasında qisasçılıq hissidir”.

Fikrət Fəraməzoğlu qeyd edib ki, “Bandotdel”in istintaqçıları onu “günahkar”, “cinayətkar” çıxarmaq üçün istintaq etdiyi əsas rəylərdən biri kimi MŞ-nin bu quruma ünvanladığı məktubu götürüb: “Həmin məktubu imzalayan MŞ-nin rəhbərinin kassiri funksiyasını həyata keçirən Rəhim Hüseynov yazıb ki, guya mən yazdığım yazılarda “böhtan”, “şantaj” dolu ifadələrə geniş yer vermişəm. Bu qoca utanmaz yazdığı şər-şəbədəyə rəğmən, heç bir arqument və ya fakt göstərə bilməyib. Yalnız Masallı rayon Icra Hakimiyyətinin şikayəti əsasında elan etdiyi “xəbərdarlığı”nı məktuba əlavə edib. Bu azmış kimi, “Bandotdel”dən xahiş edib ki, mənim barəmdə ölçü götürsünlər. Buna hansı ad vermək lazım gəldiyində çətinlik çəkirəm. Yəni Mətbuat Şurası o qədər aciz və zavallı duruma düşüb ki, bir jurnalisti müdafiə etmək əvəzinə, onun həbsi üçün dəridən-qabıqdan çıxır”.

Baş redaktor vurğulayıb ki, hər hansı QHT-nin birtərəfli qaydada xəbərdarlığı heç bir hüquqi əsas sayıla bilməz. Onun sözlərinə görə, əgər xəbərdarlıq sayt və ya qazet rəhbəri üçün “cinayət” əməli sayılsaydı, o zaman ölkə mətbuatının mütləq əksəriyyəti üçün bu keçərli olmalıydı: “Mənə maraqlıdır, Mətbuat Şurası məhkəmədir ki, yazılarda böhtan, şantaj elementlərini müəyyən edib, hökm çıxarsın? Bu təşkilatın rəhbərliyi anlamır ki, onlar ən yaxşı halda hər hansı bir qazet və saytla bağlı yalnız tövsiyyəedici rəylər bildirə bilərlər. Yəni, onların hökm vermək hüququ yoxdur. Kim onlara belə bir haqq və hüquq verib?”.

Fəraməzoğlu deyib ki, istintaqın təkcə əxlaqsızlıq yuvaları və qumarxana rəhbərlərinə deyil, həm də Mətbuat Şurasına sığınması biabırçılıq və acizlikdir: “Ölkənin ən mühüm baş idarəsinin belə adamların arxasında gizlənməsi, onların imkanlarından yararlanması utancvericidir. Bu idarənin əməliyyatçıları və müstəntiqi o qədər zavallı durumdadır ki, özünün çirkin əməllərini ört-basdır etmək üçün ən axırıncı yollara baş vurub. Mətbuat Şurasının “Bandotdel”in əlində alətə çevrilməsi və məndən qisas almaq üçün bu baş idarəyə yalvarması rəzalətdən başqa bir şey deyil”.

Fərəməzoğlu qeyd edib ki, Mətbuat Şurasının onun həbsindən sonra yaydığı məlumat və Əflatun Amaşovun açıqlaması da qərəzlidir: “Mən həbs olunandan sonra açıqlama yayıblar ki, guya mən hələ azadlıqda olanda “Jam.az” saytı reket siyahısına salınıb. Bu yalandır və Amaşov həbsdə olduğumdan istifadə edərək bu açıqlamanı verib. Adama sual verərlər ki, niyə o siyahını açıqlamırdın bəs? Yəqin Amaşov “Nə gündəsən, Amaşov” başlıqlı yazmın qisasını belə almaq istəyir? Ayıbdır, sabah onların özü də bura düşə bilər. İkincisi də, reketliyə dəstək verən bir təşkilat necə başqa media orqanını reket saya bilər? Rəhim Hüseynov bütün mediaya zəng edib hansısa məmurun “xahiş”ini edəndə Amaşovun adından istifadə etmirmi? İndi durub mənim haqqımda qeyri-obyektiv və qərəzli məlumat ötürür. Mən bu mövzuda geniş bir yazı ilə çıxış edəcəm, narahat olmasınlar”.

“Məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinyətkarlığa Qarşı Mübarizə İdarəsi həbs edib. İstintaqı da bu idarə aparıb. Mən dəfələrlə bildirmişəm ki, “Bandotdel”in apardığı istintaqı qərəzli, sifarişli və qeyri-obyektiv sayıram. Müraciət etdim ki, bu məsələni Baş Prokurorluq araşdırsın. Amma müraciətlərim nəticəsiz qaldı. Mən həbsimi siyasi sifariş hesab edirəm və yazdığım yazılara görə şərlənmişəm”, – baş redaktor bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button