Mətbuatın özünümüdafiə sistemi aktual olaraq qalır

29.02.2012

Çərşənbə günü Bakıda İSR Plaza otelində “Azərbaycanda siyasi azadlıqlar sahəsində vəziyyət” adlı ictimai forum ölkədə ifadə azadlığı ilə bağlı problemlərin müzakirəsi ilə işinə başlayıb.

KİV və QHT nümayəndələrinin, xüsusən Mehman Əliyev, İlqar İbrahimoğlu, Günay İsmayılova, Şahvələd Çobanoğlu və digərlərinin çıxışlarında söz azadlığı sahəsində vəziyyət kritik olaraq qiymətləndirilib.

Azad mətbuatın inkişafına mane olan iki məqama – KİV-in iqtisadi azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib.

Mətbuatın iqtisadi əsaslarının sarsıdılması üzrə 1998-ci ildə başlamış dövlət strategiyası müstəqil KİV-lərə ciddi zərbə vurub və çox sayda çap, elektron və İnternet KİV-in icra hakimiyyətinə tabe olması ilə başa çatıb.

Çap KİV-lərinin reklam bazarı ildə 2 mln. manata qədər azaldı. Mətbuatın yayım sistemi inhisara alınıb, qəzetlərin tirajları isə yüzlərlə, hətta onlarla nüsxəyə enib, deyə məşhur publisist Şahvələd Çobanoğlu bildirib.

Mətbuata qarşı 13 il əvvəl başlamış fiziki və məhkəmə təzyiqləri azalmaq bilmir ki, bu da jurnalist mühitində qorxu və özünüsenzura formalaşmasına gətirib çıxarıb. Son vaxtlar jurnalistlərin KİV-dən uzaqlaşması müşahidə olunur, jurnalistika isə təhlükəli fəaliyyət sahəsinə çevrilib, deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun eksperti Günay İsmayılova bildirib.

Media Hüquqları İnstitutunun məlumatına görə, 2011-ci ildə 72 jurnalist fiziki və psixoloji təzyiqə məruz qalıb. Jurnalistlərə qarşı diffamasiya ittihamı ilə 32 məhkəmə iddiası verilib. İddiaçılar 8 jurnalistin cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.

Jurnalistikanı hakimiyyətin diktatından azad edə biləcək məsələlərin kompleks həlli üçün Turan agentliyinin direktoru Mehman Əliyev müstəqil KİV, jurnalist və hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət konsorsium formalaşdırmağı təklif edib.

Bu qurum 4 əsas problemlər blokunu həll etməlidir: mətbuatın iqtisadı azadlığına nail olmalı, beynəlxalq peşəkar-etika standartlarını müəyyən etməli, informasiya əldə etmək azadlığını təmin etməli, jurnalist və KİV-lərin etibarlı müdafiə sistemini yaratmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə işlərə hazırlıq başlayıb.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button