Mahmudəli Çöhrəqanlı, Əhməd Obalı və Babək Çələbiyanlı İran Azərbaycanında son hadisələri şərh edir

img1939063

Noyabrın 6-da İranın dövlət televiziyasında “Fitilə” adlı proqramda Azərbaycan türklərinin təhqir edilməsinə reaksiya olaraq bir sıra şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilib. Bununla yanaşı, Azərbaycan vilayətlərinin rəsmiləri İran dövlət televiziyasına etiraz bildirərək, proqrama görə üzr istənilməsini istəyib. Bu reaksiyalar “Fitilə” proqramının dayandırılması ilə nəticələnib. Lakin Azərbaycan fəlları etirazların davam etdiriləcəyini bildirir. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı və Azərbaycan Milli Dirəniş təşkilatının sözçüsü Babək Çələbiyanlı və GünAz televiziyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinin “Amerika icmalı” proqramının xüsusi buraxılışında İran Azərbaycanında son hadisələr, Azərbaycan türklərinin tələbləri və hadisələrin səbəbləri və mümkün nəticələrini müzakirə edib.

Xalqın mütəşəkkillik göstərdi

Mahmudəli Çöhrəqanlı: “Güney azərbaycanlılar uzun müddətdir mənfi assimilyasiya prosesinə məruz qalıblar. Müxtəlif dövrlərdə, Xiyabani qiyamı, 1945-46-cı illərdə Pişəvəri hərəkatında və 1979-1980 xalq müsəlman hərəkatında millət qiyam edib, qalxıb və öz etirazını bildirib. Bu hərəkatlar ona gətirib çıxarıb ki, millətin mənfi assimilyasiyasının qarşısı alınıb və milli və siyasi cəhətdən ayılıb, maarifləndirilib və bilgiləndirilib.Yeni dönəmdə bu, 20 ildir davam edir. Son hadisəyə gəldikdə, İran televiziyası dövlətin tam nəzarətindədir. Bu, bilərəkdən edilmiş hadisədir və bununla azərbaycanlıların reaksiyasının yoxlamağa çalışırlar ki, bu millət 100 ilə yaxındır ən ağır mənfi assimilyasiya nəticəsində ölüm halındadır, təpki verə bilmir, yoxsa həyatdadır, yüksək şüura malikdir və vaxtında etirazını və təpkisini bildirə bilir. Millət bu son hadisəyə ən şiddətli təpki verdi və təpki verməyə davam edir.”

2006-cı il hadisələrindən fərqlər

Əhməd Obalı: “2006-cı il hadisələr millətə qarşı təhqir nəticəsində baş vermişdi. Dövlətin siyasəti baxımından 2006 və 2015-ci il arasında fərq yoxdur, eyni siyasət davam edir. Millətin reaksiyasına baxanda isə fərq var. 2006-cı ildə hadisələrə reaksiyalar bir neçə gün sonra verildi. Hərəkat universitetlərdə başladı. Bu dəfə isə reaksiya dərhal verildi. Millət 2006-dan fərqli olaraq oyanması aydın şəkildə görsənir. Millətin bu dəfə bütün təbəqələri, sinifləri etiraz etdi. Etirazlar o qədər güclü idi ki, İran rejiminin içində olan məmurların bir hissəsi, o cümlədən millət vəkilləri, Xameneyinin Azərbaycanın müxtəlif şəhərlərində olan nümayəndələr, vilayət rəsmiləri millətə qoşuldular.

Babək Çələbiyanlı:” İranın ikinci kanalında proqramdan 24 saat ərzində Azərbaycan milli hərəkatı və siyasi təşkilatları olaraq qərar gəldik ki etiraz edək. Azərbaycan milli hərəkatı son 20 ildə o qədər təcrübəyə sahib olub ki, 24 saat içində Azərbaycan millətini səfərbər etməyə nail olub bu təhqirlərə reaksiya göstərə bilib. Etirazlara baxsaq burada təkcə Azərbaycan milli fəlları hərəkata mənsub olan insanlar iştirak etməyib. Güney Azərbaycan toplumunda olan insanlar, fəhlələr, müəllimlər və bütün siniflərə mənsub insanlar və qeyd edildiyi kimi Azərbaycan millət vəkilləri və rəsmilər etiraz etdi. 2006-cı illə 2015-i müqayisə etsək şəhidimiz yoxdur. Bu da onu göstərir ki, İran İslam Respublikası lazımi dərs alıb. Azərbaycan milli hərəkatına qarşı davranış, rəftar 10 il bundan əvvəllə müqayisədə çox fərqlidir. Bu da Azərbaycan milli hərəkatnın gücünü, Azərbaycan xalqının gücünü göstərir.  ”

Həbslər

Babək Çələbiyanlı:” Azərbaycan milli hərəkatı və siyasi təşkilatlar xalqdan dinc şəkildə etiraz etməsini istədi. İnsanlar küçələrə çıxıb mədəni şəkildə etirazını bildirdi. Amma bütün bunlara baxmayaraq, etirazların sakit keçməsinə baxmayaraq, İran İslam Respublikasının polis və təhlükəsizlik qüvvələri bəzi şəhərlərdə insanlara qarşı zorakılıq işlədib. Yaralılar var. Çox sayda insan həbs edilib. Urmiyada, Ərdəbildə və Əhər şəhərində adları bəlli oldu ki, 18 nəfər həbs edilən var. Mən həbslərin davam edəcəyini gözləyirəm. Milli fəallardan aldığımız məlumata görə, həbs edilənlərin sayı çoxdur. Bu günə qədər əldə etdiyimiz məlumata görə, 200-yə yaxın həbs edilmiş şəxsin adı məlum olub. Amma biz təxmin edirik ki, həbs edilənlərin sayı bundan çoxdur.”

Vilayət rəsmiləri xalqla bir deyil

Mahmudəli Çöhrəqanlı: “İran rəsmilərinin etirazı onların xalqın səsinə səs verdiyi demək deyil. Azərbaycan məsələsi Azərbaycan türklərinin istədiyi kimi həll olunsa, İran rejimi bitmişdir. Yəni 35 milyon Azərbaycan türkləri milli-siyasi şüura malik olsa, seçmə hüququna malik olsa, əvvəl özünü, sonra onu millət edən ünsürləri tanıyıb, onları mənimsəyə bilsə və dilinə, tarixinə, qəhrəmanlarına, milli varlığına təəssübü olsa və dostunu, düşməni tanısa, öz haqlarını bilib onu əzənləri tanısa, əgər azərbaycanlı belə olsa, öz müqəddəratını təyin edə bilər. Öz torpağına, vətəninə, millətinə, maddi-mənəvi varlığına sahib ola biləcək….Bəli, bunlar azərbaycanlıdır, amma daha irqçidirilər…Azərbaycana ən radikal insanları təyin ediblər. Onlar rejimə çox bağlıdır. Onların hamısı Sepah və Ettealatın nümayəndələridir….Ona görə Azərbaycanda fiziki hiss olunmaz güclü bir əsgəri hökumət hakimdir.”

Ana dili tələbi

Əhməd Obalı:”İran dövləti irqçilik siyasəti yürüdür. Bu siyasət davam etdiyi qədər Azərbaycan türkcəsi bütün ölkədə deyil, təkcə Azərbaycan vilayətlərində də rəsmi dil olmayacaq. İran konstitusiyanın 15-ci maddəsinə əsasən, bizim ana dilimizdə təhsil almaq hüququmuz var. Ona belə icazə verilmir. Ana yasanın 15-ci maddəsinin icrasını tələb etmək günah sayılırsa, bu ölkədə ana dilinin rəsmi olmasından danışmaq və ya buna ümid bağlamaq çox çətindir. Bu o zaman ola bilər ki dövlət siyasətini dəyişdirsin, irqçiliyə son qoysun. O siyasətə çatsa onda ümid ola bilər. Hələlik o ümid yoxdur.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button