Mahmud Əhmədinejadın tutulması xəbərinin əsas hədəfi – ŞƏRH

İranda keçirilən beşgünlük etiraz aksiyası fonunda 6-cı prezident Mahmud Əhmədinejadın həbsi barədə xəbərlər yayıldı. Altmış bir yaşlı keçmiş prezidentin bu aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunduğu iddia edilirdi. Buna əsas kimi onun Buşehr şəhərində sakinlərlə görüşündə hakimiyyətdəkilərin sadə insanların problemlərindən xəbərsiz olmalarını deməsi göstərilirdi. Ancaq elə həmin gün Mahmud Əhmədinejadın vəkili Adil Heydəri hüquqlarını müdafiə etdiyi siyasətçinin saxlanılmasına dair məlumatları təkzib edib: “Müvəkkilim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”.

İranın rəsmi orqanları isə məlumatı hələlik nə təsdiq edib, nə də təkzib verməyib.

İranın müvafiq qurumlarının məsələyə münasibətindən asılı olmayaraq, Həsən Ruhani prezident olandan sonra Mahmud Əhmədinejad tənqid hədəfi seçilmişdi. Bunun səbəblərindən birincisi onun hakimiyyətdaxili mühafizəkar xəttin təmsilçisi olaraq prezident seçilməsi idi. İkincisi, ölkədə həll edilməyən çoxsaylı problemlərə görə məsuliyyət daşıyan şəxs kimi tənqid edilirdi. Üçüncüsü, mühafizəkar xətt daxilində də onu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə qarşı olduğu iddia edilirdi. Əhmədinejadın daha çox Mesbah Yəzdi ilə məsləhətləşdiyi barədə xəbərlər yayılırdı. Sabiq prezidentin ABŞ-a səfəri zamanı atom-nüvə proqramı və s. məsələlərlə bağlı müsahibələrdə Xaməneinin adını çəkməməsi mühafizəkarların narahatlığına səbəb olmuşdu.

İranın altıncı prezidenti Mahmud Əhmədinejad

Ümumiyyətlə, Əhmədinejad prezidentliyi dövründə islahatçılarla yanaşı, mühafizəkarlar tərəfindən də tənqid edilirdi. 2012-ci Ayətullah Məkarim Şirazi onu iqtisadi məsələlərdə təkbaşına qərarlar qəbul etməkdə günahlandırırdı: “Bahalıq məsələsi, eləcə də digər iqtisadi və məişət problemləri xalqa təzyiqin gündən-günə artmasına səbəb olub. Ölkədəki vəziyyət indiki templə davam etsə, vətəndaşlar daha ağır təzyiqlərə məruz qalacaqlar. Xalqın dözümünün müəyyən həddi var. Elə bilməyin ki, bu vəziyyətə həmişə dözə biləcək. Əgər iqtisadi problemləri həll edə bilməsək, xalqın da hakimiyyətə dəstəyi get-gedə azala, belə olan halda da ciddi problemlər ortaya çıxa bilər. Eşitdiyimə görə, ölkə prezidenti bir sıra iqtisadi məsələlərdə təkbaşına qərarlar qəbul edir. Bu isə düzgün deyil və belə olmamalıdır”. Hətta Əhmədinejad 2017-ci ildə keçirilən prezident seçkisində yenidən namizədliyini irəli sürmək istəyirdi. O, Xamənei xeyir-dua vermədiyindən bu istəyindən əl çəkib. Bununla belə, 2005-2013-cü illərdə prezident olmuş Əhmədinejad ikinci dəfə prezident seçilmək istəyən indiki hökumət başçısını sərt tənqid edərək onun bu vəzifəyə layiq olmadığını söyləmişdi.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və İranın hazırkı prezidenti Həsən Ruhani

İranın 6-cı prezidentinə qarşı sərt çıxışlar isə iranlı iş adamı, milyarder Babək Zəncaninin həbsindən, yaxud 2013-cü ildə Həsən Ruhani prezident olandan sonra başladı. O, şirkətləri vasitəsilə milyardlarla dollar həcmində neft gəlirlərini gizlətməkdə ittiham olunurdu. Babək Zəncani dələduzluq və iqtisadi cinayətlərdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. İranın vitse-prezidenti İshaq Cahangiri bildirmişdi ki, o, mənimsədikləri vəsaitləri geri qaytaracağı təqdirdə azad ediləcək. Zəncaninin vəkili Zöhrə Rezali məhkəmə qərarının “siyasi motivli” olduğunu demişdi: “Bu işdə Babək Zəncaninin, sadəcə, borclu olduğuna inanırıq”. Babək Zəncaninin var-dövlətinin təxminən 13,5 milyard dollar olduğu deyilir. İranın ən varlı adamlarından biri olan Babək Zəncani İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə günahlandırılaraq ABŞ və Avropa İttifaqının qara siyahısında olub. O, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Malayziyada şirkətlər açıb hökumətin adından milyonlarla barrel İran nefti satdığını etiraf etmişdi. Zəncaninin bankdakı hesabları və müsadirə edilən əmlakı ölkə prokurorluğunun nəzarəti altındadır. İran məhkəmə sisteminin təmsilçisi Qulamhüseyn Möhsüni Ejei isə bildirmişdi ki, Babək Zəncani ölkə daxilində və xaricindəki hesabları barədə özü məlumat verib: “Apardığımız ilkin araşdırmaya əsasən, bu hesablardakı vəsait Babək Zəncaninin borclarının qaytarılmasına yetərlidir”. B.Zəncani həbsindən əvvəl deyirdi ki, beynəlxalq sanksiyalara görə hökumətə borclu olduğu 1,2 milyard dolları qaytara bilməyib. Deməli, Zəncani Əhmədinejatın prezidentliyi illərində milyarder olub. Bu, həm də ABŞ başda olmaqla Qərblə İran arasında Tehranın atom-nüvə proqramına görə ziddiyyətlərin gərgin olduğu vaxtdır. Həmin illərdə İranın neft ixracatına belə sanksiya tətbiq edilmişdi. Bu qadağaların bir qismi isə 2015-ci il iyulun 15-də imzalanan Əhatəli Razılaşma müqaviləsindən sonra aradan qaldırıldı.

İranlı iş adamı Babək Zəncani

İranın vitse-prezidenti İshaq Cahangiri Tehranda keçirilən toplantılardan birindəki çıxışında Zəncaninin adını çəkmədən ona İran hökumətinin, başqa sözlə, Mahmud Əhmədinejat tərəfindən göstərilən maliyyə güzəştlərini tənqid etmişdi: “Neft gəlirlərinin 2,7 milyard dollardan çoxunun bir gənc tərəfindən necə əldə edildiyini fikirləşmək lazımdır. Bu milyardlar ölkənin maliyyə sisteminə əlavə edilməzsə, bu, İran üçün bir qara ləkə olacaq”. O, keçmiş hökumətin Babək Zəncaniyə yüksək məbləğdə maliyyə vəsaiti verməsini əsaslandıra bilmədiyini söyləşmişdi. Vitse-prezident Mahmud Əhmədinejat hökumətinin maliyyə siyasətini də tənqid etmişdi. O vurğulamışdı ki, beynəlxalq iqtisadi sanksiyalara görə İran hökuməti beynəlxalq maliyyə bazarlarında heç bir əməliyyat apara bilmədiyi halda, gizli şəkildə bu prosesi idarə etmək üçün İstanbula və Dubaya 18 ay ərzində 20 milyard dollardan çox pul köçürməsi həyata keçirilib. İshaq Cahangiri beynəlxalq sanksiyaların təsirini azaltmaq məqsədi ilə iqtisadi güzəştlərdən qanunsuz istifadə edənlərə qarşı ölçü götürüləcəyini və onların cəzalandırılacağını da söyləmişdi. Prezident Həsən Ruhani isə məsələ ilə bağlı demişdi: “Ölkənin inkişafı üçün fəaliyyətin şəffaf və etibarlı olması önəmlidir. Xüsusi imtiyazlardan sui-istifadə edərək korrupsiya qurşanma və qanunsuz yolla qazanc əldə edib varlananların cəzalandırılması üçün təcili tədbirlər görülməlidir”.

Mahmud Əhmədinejadın həbsi və ya ona qarşı təzyiqlərlə bağlı xəbərlərin yayılması bu baxımdan təsadüfi sayılmaya bilər. ABŞ-da İran əsilli Türkiyə vətəndaşı Rza Zərrabın həbsi Mahmud Əhmədinejadı ölkə gündəliyinə yenidən çıxardı. Bir sıra ehtimallara əsasən, Babək Zəncani Rza Zərrabın patronu sayılır.

İran əsilli Türkiyə vətəndaşı Rza Zərrab

Ötən gün tələbələr adından Həsən Ruhaninin istefa verməsinin tələb edilməsi xəbəri yayıldı. Tələbələr prezidenti seçkiqabağı dövrdə verdiyi öhdəlikləri yerinə yetirə bilməməkdə ittiham edirlər.

Beləliklə, zəncirvari ittihamlar davam edir. Həsən Ruhani hökuməti Qərblə danışıqlara getmək istəyir. Ona görə də ehtimal etmək olar ki, Zərrab məsələsi ilə bağlı işə öz töhfəsini verməsi istənilir. Bu zəncirin həlqələrindən, yaxud qurama fiqurlarından biri Zəncani, digəri Zərrabdı. Bu əldəqayırma fiqurlar Əhmədinejadın prezidentliyi dövründə varlanıblar. Zəncani və Zərrab həbsdədir. Onları böyük ehtimalla çoxdan danışdırıblar. Bu məsələdəki fiqurlardan biri isə Əhmədinejaddır. Odur ki, etirazlar fonunda Əhmədinejadı ölkədə xaosun təşkilatçısı elan etməklə suçlu tapılır. Bununla həm etiraz aksiyalarının təşkilatçısı tapılır, həm də İrana qarşı sanksiyanı pozanların başlıca oyunçularından biri cəzalanır. Bundan sonra əldə ediləcəyi ehtimal olunan çoxsaylı dəlil və sübutlarla qonşu dövlətləri, hakimiyyətdaxili məlum və ya naməlum qüvvələri təhdid etməyə başlayırlar. Nəticə etibarilə Əhmədinejadın vurulması üçün etiraz aksiyaları çox gözəl şəraitdir.

 

Report

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button