MALAYZİYADA SİYASİ ZƏLZƏLƏ…- 92 yaşlı keçmiş diktator hakimiyyətə xilaskar kimi necə qayıtdı?

“News.ru”

Əsl siyasi zəlzələ Malayziyada baş verib. Dünyanın ən yaşlı siyasətçisi Mahathir Məhəmməd ölkəni idarə edən hakim koalisiya üzərində inamlı qələbə qazanıb və baş nazir postunu tutmağa hazırlaşır. Bu koalisiya Malayziyaya düz 60 il idi – ölkə Britaniyadan ayrılıb müstəqilliyini elan etdiyi vaxtdan bəri rəhbərlik edirdi.

«Bəli, bəli, hələ sağam», – deyə 92 yaşlı siyasətçi seçkidən dərhal sonra keçirdiyi mətbuat konfransında zarafatla sözə başladı. Və yeni hökuməti ən qısa zamanda formalaşdıracağına söz verdi. Hazırda Mahathir MəhəmmədMalayziyanın 48 yaşlı kralı beşinci Məhəmmədin onun namizədliyini təsdiqləməsini gözləyir.

Bəzi yerli KİV-lər ehtmal edir ki, monarx Mahathirə qarşı çıxacaq, məğlub olan hakim koalisiya isə seçkinin nəticələrini tanımayaraq opponentlərini satın almağa (hər birinə 6 milyon dollar təklif edərək) çalışacaq.

Mahathir Məhəmməd

Mahathirin “Ümid alyansı” (Pakatan Harapan) 2015-ci ildə 4 müxalif (solçu və mərkəziçi) partiyanın iştirakı ilə təsis edilib. Alyans bu seçkilərdə Nümayəndələr Palatasında 113 yer qazanıb.

Buna qədər hakim “Xalq Cəbhəsi” (Barisan Nasional) koalisiyası seçkiləri 13 dəfə dalbadal udmuşdu və sonuncu dəfə 5 il əvvəl 222 mümkün yerdən (depuat mandatı) 133-nü tutmuşdu. Bu dəfə isə koalisiya cəmi 79 yer qazana bilib.

Keçmişdə M.Məhəmməd özü də hakim koalisiyada – Birləşmiş Malayziya Xalq Təşkilatı ilə təmsil olunurdu. O, düz 22 il (1981-2003) Malayziyanın baş naziri postunu tutub.

İki il əvvəl yenidən siyasətə qayıdan Mahathir Məhəmməd baş nazir Nəcib Razakı sərt tənqid etməyə, onu korrupsiyada ittiham etməyə başladı.

Üç il əvvəl baş nazir Razak tərəfindən təsis olunan “1MDB” dövlət investisiya fondunun adı ətrafında böyük qalmaqal yaşanmışdı. İddialara görə, fondun 4,5 milyardlıq vəsaiti təyinatı üzrə xərclənməmişdi.

Həmin vaxt Qərb mətbuatı baş nazir Nəcib Razakın şəxsi hesabına investisiya fondu ilə əlaqəli olan şirkətlər tərəfindən 700 milyon dollar vəsait daxil olması barədə yazmışdı. Baş nazirin tərəfdarları bunu hökumət rəhbərinin nüfuzuna xələl gətirən siyasi sabotaj adlandırmışdılar.

Buna baxmayaraq, yoxlama zamanı həmin vəsaitin Razakın şəxsi hesablarında olduğu təsdiqlənmişdi. Razak bu vəsaitin onun rəhbərlik etdiyi BMMH-yə (Birləşmiş Malay Milli Hərəkatınına) aid olduğunu və Yaxın Şərqdəki sponsorlar tərəfindən göndərildiyini bildirmişdi.

Sonradan Honkonq polisi Razaka məxsus olduğu güman olunan hesabları yoxlamağa başlamışdı. Hüquq-mühafizə orqanlarına daxil olmuş məlumatda baş nazirə məxsus Honkonqdakı dörd şirkətin hesabında ümumilikdə 260 milyon dollar vəsait olduğu məlum olmuşdu.

Nəcib Razak

O da müəyyən olunmuşdu ki, Nəcib Razak şəxsi hesabında olan 700 milyon dollardan 23 milyonuna xanımına çəhrayı brilyantla bəzədilmiş boyunbağı alıb.

Malayziyanın özündə iş üzrə istintaq dayandırılsa da, ABŞ Maliyyə Nazirliyi ötən il bununla bağlı xüsusi təhqiqat başlatdı.

Razak özü isə ittihamları rədd edərək onu devirməyi hədəfləyən siyasi tələnin qurbanı olduğunu bildirib.

Nəcib Razak hakimiyyəti dövründə yanacaq üçün subsidiyaları ləğv etdi, 2015-ci ildə mal və xidmətlərə yüzdə altı nisbətində vergi tətbiq etdi. Onun hökuməti eyni zamanda fərqli fikirləri boğurdu.

Mahathirin baş nazir postunda nə qədər qalacağı hələ ki məlum deyil. Dediyinə görə, ona hakimiyyət lazım deyil və postunu hazırda həbsdə olan müxalif lider, Malayziyanın keçmiş baş nazir müavini Ənvər İbrahimə ötürməyə hazırdır. Mahathir onun azadılığa çıxmasına nail olacağını da bəyan edib.

“Xalq Cəbhəsi”nin əleyhdarları deyirlər ki, Ənvər İbrahimə saxta ittihamlar irəli sürülüb və onun həbsi siyasi motivlidir.

Qəribəsi budur ki, öz avtoritar idarəetmə şəkli ilə Malayziyada demokratik institutlarla mübarizə aparan Mahathir indi siyasi səhnəyə xilaskar kimi qayıdır.

Bir çox ekspertlər keçmiş baş nazir Mahatharin hakim koalisiya üzərində qələbə qazanacağına inanmırdılar.

“Al Jazeera” yazır ki, “Xalq Cəbhəsi” üzərində qələbə “Malayziya sunamisi” – ölkədəki bütün etnik qrupların hakim koalisiyaya qarşı gəlməsi ilə mümkün oldu.

92 yaşlı siyasətçi bəyan edib ki, onlarla eyni düşünməyənləri cəzalandırmaq fikrində deyil. Lakin ölkədə qanunçuluq tam bərqərar olunacaq və qanunun aliliyi təmin olunacaq.

Mahathir bir vaxtlar idaretmə tərzinin avtoritar olduğunu, diktator üsul-idarəsi yeritdiyini, opponentlərinə qarşı repressiyalara yol verdiyini də etiraf edib.

Lakin bütün bunlar ona “Müasir Malayziyanın atası” titulunu qazanmağa mane olmamışdı. Hakimiyyəti dövründə o, Malayziyanı regionun müasir sənaye ölkəsinə çevirə bilmişdi.

Mahathirin seçkiöncəsi vədlərindən biri də Çinlə bir sıra sahələrdə, eləcə də “Yenii ipək yolu” layihəsində əməkdaşlığın davam etdirilməsi idi. Lakin o bir sıra razılaşmaların şərtlərinə yenidən baxılacağını da bildirib.

Malayziya Asiyadakı Çin investisiyalarının ən böyük (34,2 milyard dollar həcmində) alıcılarındandır. Bu fakt müxalifətə hökumətin Malayziyanı Çinə satdığına dair tənqidlər səsləndirməsinə əsas yaradırdı.

Müxalifət cəbhəsindəki eyforiyaya baxmayaraq, Mahathirin qələbəsi bir çox vacib sualı gündəmə gətirib. Qərar sahibinin kral olduğu nəzərə alınsa, Ənvər İbrahimin əfi necə baş tutacaq? Hakimiyyətin müxalifətə ötürülməsi (müstəqillikdən sonra ilk dəfə) prosesi ağrısız ötüşə biləcəkmi? Hakimiyyətin bütün qollarında təmsil olunan “Xalq Cəbhəsi” hakimiyyəti bölüşə bilərmi? Və nahayət, hazırkı koalisiya nə dərəcədə fərqli və sabitdir?

Hələ ki bu suallar açıq qalır və cavabını yalnız zaman göstərə biləcək…

Tərcümə Strateq.az-ındır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button