Malik Həşimovun qamış çəpərinə uduzan Ceyhun Cəfərov-FOTO

Və yaxud Kürdəmirdə qaz çəkilişinə necə nəzarət edilir?..

aydın canıyev

ANS-dən görünməklə tanınmaq üçün poz verən polis Həbib Sadıqov

Kürdəmir ölkənin siyasi gündəmini o qədər də məşğul etməyib, amma Kürdəmirin icra başçısı Ceyhun Cəfərov daha çox faktların gizlədilməsi – gah özünün, gah oğlunun avtomobil qəzaları, gah işçilərinin yeyib-içmək məkanlarında demarşları, gah da Eldar Mahmudov şəbəkəsinə bağlılığı ilə gündəmi zəbt edib. Bugünlərdə isə tez-tez mətbuatda Kürdəmir rayonunda əhalinin təbii qazla təmin olunmasında “Azəriqaz”ın xidmətlərinə lent kəsən Ceyhun Cəfərov Şilyan kəndində qamış çəpərə dirənib.

Belə ki, Kürdəmirin Şilyan kəndində  qaz  çəkilişi zamanı Əhmədova Xatirə İsmayıl qızının, Əhmədov Məharət Həşim oğlunun, Əhmədov Səlim Həşim oğlunun evlərinə çəkilməli olan qaz borusunun qarşısına qamış çəpərini söküb qoymaqla dövlət layihəsinə mane olan, onu əsas yolundan döndərib maşın yoluna çıxaran kənd sakini, qonşu Həşimov Malik Məhəmməd oğlu bütün yerli idarə orqanlarını iflic edə, üç evin qazlaşdırılmasını üç ay yubada bilib.

Kənddə idarəetməni özbaşınalığa və qoluzorluluğa üstünlük verməklə sərgiləyən, icra hakimiyyətindəki “xaç atası” Tacəddin Novruzova arxalanan Füzuli Hidayətov isə qaz xəttinin çəkilişini uğurla başa çatdırmağa yardımçı olmaqdansa, qanunlara, vəzifə borcuna arxa çevirib. Həyətyanı sahəsini qanunsuz yolla artırmaq istəyən Malik Həşimova və onun “qanun yazan” qamış çəpərinə müəmmalı olduğu qədər də aydın bir səbəbdən dəstək olur.

kürdəmir

Zibilə düşən dövlət qaz layihəsi

Üç ayda baş verən bu qanunsuzluqları sadəcə sadalamaq bir xeyli yer tutacaq: qanunsuz villaların söküldüyü bir dövrdə qanunsuzcasına yeri dəyişdirilmiş qamış çəpərə bütün rayonun gücü çatmır, qaz borusunun dəyişdirilmiş layihəsi ilə maşın yolu daralan vətəndaşlar dəfələrlə aidiyyatı orqanlara, rayon prokurorluğuna, Ağsu Regional Qaz İdarəsinə, Kürdəmir Rayon İcra Hakimiyyətinə ərizəylə müraciət etməli olub. İcra başçısının qəbulunda, prokurorluqda, Ağsu Regional Qaz İdarəsində olaraq problem barədə məlumat verib. Nəticə isə ibrətamizdi, narahat olmağa başlayan Ceyhun Cəfərov qoçu qismində birinci müavini Tacəddin Novruzova və onun yerli vassalı Füzuli Hidayətova işi təcili “bağlamaq” haqda göstəriş verib. Problemlə maraqlanan səlahiyyətli yoldaşlara X.Əhmədovanın ərizəsiylə tanış olduğunu, qanunun onun tərəfində olduğunu bildirən, birinci gün məsələnin həll olunmasına söz verən Tacəddin Novruzov əlaltından yerli qoçusu Füzuliyə bazar günü “işi bitirməyi” tapşırıb. İş icraçısı qanunsuz işdə iştirak eləmədiyini deyəndə, Füzuli müəllim özü işi icra eləməyə, fəhlələrə yarımçıq saxlanılmış qanunsuz çəkilişi davam etdirmək barədə göstəriş verməyə, təzyiq göstərməyə başlayıb, hətta sakinin 12 yaşlı oğluyla telefon çəkilisinə mane olmaq məqsədilə əlbəyaxa olub. Əlacsız qalan kənd sakini benzin butulkasına əl atıb. Yalnız bundan sonra müvəqqəti olaraq hadisə yerini tərk edən F.Hidayətov  Tacəddin Novruzova telefon edərək “müəllim, imkan vermir”, – deyə  raport verib təlimat aldıqdan sonra  ordan uzaqlaşıb və az keçmədən vətəndaşın evinə dörd polislə basqın edib hədələməyə başlayıb. Çarəsiz qalan vətəndaş ANS-ə müraciət etməli olub, bundan sonra kəndə məsələni həll etmək adıyla “nümayəndə heyəti” göndərilib ki, bunlara  da yenə həmin… Tacəddin Novruzov baçşılıq edib.

Məlumat üçün bildirək ki, “Azəriqaz”ın əməkdaşları kəndə qaz çəkilişinə başlayarkən icraçılara Malik Həşimov maneçilik törədəndə, Mikayıl adlı iş icraçısı layihədən kənara çıxa bilməyəcəyini, bunun üstündə onun əllərini kəsəcəklərini bəyan etsə də, “katta-pristav”ların təhdid və təzyiqlərindən sonra nala-mıxa vurmaq zorunda qalıb. İlkin layihəni üzə çıxarmağa mane olmaq məqsədilə nümayəndə heyətində rayondan gələn qeyri-mütəxəssis… memar vətəndasa vərəqdə layihə çızmağa başlayıb.

kürdəmir1

“Qanun yazan” qamış çəpər

Bəli, söhbət iyirmi birinci əsrdəki olaydan gedir. Hələ də bizim kəndlərdə “qaz lələyi qanun yazır” və Xudayar bəylərin üsulu ilə idarə olunur, başsız qadına eyni cür zülm edilir, intihar həddinə çatdırılır. Ortada aydın görünən tragikomik fakt isə odur ki, Malik Həşimov Füzuli Hidayətovun dəstəyinə arxalanaraq Ceyhun Cəfərovu qamış çəpəriylə divara dirəyib.

Bütün bu qanunsuzluqların təntənəsi baş verərkən vətəndaş ANS-ə zəng edəndə polis əməkdaşı Həbib Sadıqov “daha da camaaat bizi tanıyar”, – deyə nümayişkaranə şəkildə təkəbbür və ironiya ilə hırıldayıb, zövq alıb, halbuki… situasiya özünüöldürmə həddində olub. Və biz həmin qanun “keşikçilərinin” istəyini nəzərə alaraq şəkillərini də oxuculara – camaata təqdim edirik, qoy “daha da camaat tanısın” onları.

Əlavə olaraq bildirək ki, 102 qaynar xəttinə zəng də əks effektini yubatmayıb!

Çıxış yolu isə bircə budur ki, hadisə yerindən çəkilmiş şəkillər, olayın təfsilatı yaxın günlərdə telekanallara və mətbu orqanlara təqdim olunmaqla ictimailəşdirilsin.

A.Məmmədoğlu

kürdəmir2

kürdəmir3

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button