Maliyyə Nazirliyinə verilməsi üçün rayonların təhsil şöbələrinə «haqq» qoyulub

04.02.2012

Yeni ilin başlaması ilə əlaqədar olaraq, ötən ilin maliyyə yoxlamalarını aparan Maliyyə Nazirliyi hazırda rayon Təhsil Şöbələrini təftiş edir. Bu barədə TİA.AZ-a məlumat verən mənbə bildirir ki, artıq bir çox rayonlarda aparılan yoxlama prosesləri başa çatıb. Lakin bu yoxlamalarda «hər şey qaydasındadır» prinsipi hakimdir ki, səbəbi də məlumdur.

Məlumatda deyilir ki, rayon Təhsil Şöbələrində aparılan yoxlamalarda üzə çıxan neqativ halları görməzdən gələn Maliyyə Nazirliyinin əməkdaşları bunun müqabilində qazanc əldə edirlər. Mənbənin iddiasına görə, nazirliyin əməkdaşları daha əvvəlki kimi, Təhsil Şöbələrinin rəhbərlərindən deyil, birbaşa Təhsil Nazirliyindən haqq istəməyə başlayıb. Elə bu səbəbdən də sözügedən nazirlik yerli şöbələrinə göstəriş verib ki, təcili olaraq pul yığsınlar.

TİA.AZ-a daxil olan məlumatda vurğulanır ki, yerli təhsil şöbələrinin (bura ancaq yoxlama aparılan rayonların sözügedən qurumları daxildir-müəl.) həmin pulu düzəltməsi isə direktorların hesabına baş verir. Mənbənin bildirdiyinə görə, artıq Lənkəran və Ağsu rayon Təhsil Şöbələrinin rəhbərləri bütün direktorlara göstəriş veriblər ki, Maliyyə Nazirliyinə çatacaq məbləği düzəltmək üçün «kassaya düşsün»lər. Direktorlar isə bunun qarşılığında müəllimlərdən tutmuş, şagirdlərə qədər hər kəsdən pul yığmağa başlayıblar.

Lənkərandan gələn xəbərlərə görə, bu yaxınlarda Maliyyə Nazirliyinin əməkdaşlarını «layiqincə» yola salan təhsil şöbəsinin müdirəsi Şahanə Əhmədova direktorların hesabına üzü ağ Təhsil Nazirliyinə hesabat verə bilib. Digər bir təhsil şöbəsi isə Ağsuya aiddir ki, 1 ildir rəhbər təyin olunmuş Tahir Xasıyev nazirliyin qarşısında üzü ağ olmaq üçün direktorları artıq yığıma sövq edib. Verilən məlumatda deyilir ki, T.Xasiyev bu məsələdə ciddi əziyyətlə üzləşsə də, Təhsil Nazirliyinin tapşırığını yerinə yetirmək məcburiyyətindədir.

TİA.AZ

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button