Manatın ucuzlaşması bir neçə ay ləngiyəcək

mezenneMərkəzi Bankın valyuta ehtiyatlarının artmasına hansı amillər səbəb olub?
Samir Əliyev: «Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır»

xural.com  bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının may ayına olan məlumatına görə valyuta ehtiyatında artım müşahidə edilir. Belə ki, son bir ayda Bankın valyuta ehtiyatları 43 milyon dollar artaraq 8,4 milyarda yüksəlib. Ötən ilin ortalarından başlanan «ərimə» prosesindən sonra ilk dəfə olaraq artım baş verib. 

 AMB beynəlxalq aktivlərinə gəlincə, qurumun aprel ayına olan açıqlamasına görə yenə azalma qeydə alınıb. Belə ki, AMB-in aprel ayı üçün açıqladığı rəqəmə görə, beynəlxalq aktivlər 11,6 milyard dollardan 10,7 milyard dollara qədər düşüb. Yanvar ayı ilə müqayisədə dörd ayda 4,3 milyard dollar azalma müşahidə edilir. Qeyd edək ki, AMB aktivlərinin ən pik həddi 2014-cü ilin avqust ayında olub-17,7 milyard dollar. Neftin ucuzlaşması, dolların bahalaşması, ABŞ valyutasına təlabatın artması Mərkəzi Bank rezervlərinin enməsinə gətirib çıxarıb.
Beynəlxalq aktivlərdəki azalmanın başlıca səbəblərindən biri aprel ayında valyuta ehtiyatlarında 1 milyard dollara yaxın azalması idi. May ayındakı artım çox güman ki, beynəlxalq aktivlərin sabit qalmasını təmin edə biləcək.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, artımın gözlənilməsi barədə birmənalı fikir söyləmək çətin idi: «Məntiqlə valyuta ehtiyatının azalması apreldən dayanmalı idi. Çünki panika dayanıb, əmanətlərin valyutaya çevrilməsi, demək olar ki, yekunlaşıb. Ancaq gözləntilərin əksinə olaraq apreldə də azalma qeydə alındı. Deməli, səbəb başqadır. Söhbət ölkədən kapital axınından gedir. Manat üçün də məhz bu amil təhlükə törədir. Mərkəzi Bankın may ayında artıma nail olmasını heç də kapital axının səngiməsi kimi qymətləndirmək olmaz. Bu vaxta qədər likvid kapital ölkədən çıxarılıb. İndiki sakitliyə səbəb qeyri-likvid kapitalla bağlıdır ki, onların likvidə çevrilməsi adətən zaman aparır. Bu, aylar da çəkə bilər. Biz bunun əlamətlərini iyul-avqust aylarından başlayaraq müşahidə edəcəyik».
S.Əliyevin fikrincə, ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar: «2014-cü ilin sonlarından başlayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxardıb. Nəticədə banklar manat qıtlığı ilə üzləşib. Təxminən 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən yığılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38%-ni təşkil edən avronun may ayında 2%, 13%-ni təşkil edən funt sterlinqin isə 0,4% ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib».
Ekspertin sözlərinə görə neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. «Eyni zamanda Mərkəzi Bank inflyasiya təzyiqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də hələki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır. Böyük ehtimalla seçkilərə qədər 1 dollar 1,03-1,06 manat çərçivəsində saxlanacaq. Neft 70 dollar həddini keçərsə, manat bir az da güclənə bilər. Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik əldə edib»,- deyə S.Əliyev qeyd edib.
İqtisadçı-ekspert Rövşən Ağayev isə valyuta ehtiyatının artmasının başlıca səbəbini belə izah edib: «İlin ilk 3 ayına nisbətən may ayında neftin hər barrelinin orta hesabla 10 dollardan çox bahalaşması;  valyutaya çevrilə biləcək likvid manat kütləsinin mübadilə prosesinin başa çatması və bir mərhələdə xarici valyutaya tələbin doyması;  ölkədən kənara valyuta axınının azalmasıdır. İqtisadçı vurğulayıb ki, əgər bu amillər dəyişməz qalarsa, yaxın aylarda manatın sabitliyini qorumaq problem olmayacaq: «Yaxın dövrdə manatın sabitliyinə təhlükə yarada biləcək əsas səbəblər bunlar ola bilər:
1) Neftin qiyməti yenidən 50-55 dollara və daha aşağı düşür, aşağı qiymət səviyyəsi ən azı 5-6 ay davam edir;
2) Artıq dollara tələbat yaradacaq likvid manat kütləsi demək olar ki, yoxdur. Bundan sonra siyasi və iqtisadi səbəblərdən zəngin ailələrin və oliqarx kapitalı ətrafında formalaşan iqtisadi qrupların əmlaklarını (avtomobil, mənzil, zinət əşyaları, müəssisə və s.) valyutaya çevirib ölkədən çıxarmaq istəməsi valyutaya tələbin yeni dalğasını formalaşdıra bilər. Buna hakimiyyətdaxili mübarizənin daha da kəskinləşməsi, hakimiyyətin xarici basqının daha da sərtləşməsi kimi siyasi amillər daha çox təsir edə bilər.
R.Ağayevin qənaətinə görə, burada çatışmayan məlumat kənardan alınacaq xarici borcların məbləğidir: «Məsələn, son illər hər il bank sektoru və hökumət kənardan orta hesabla 1.5 – 2 milyard borc cəlb edib. Məlumat üçün deyim ki, 2014-cü ildə alınan xarici borcların həcmi 2.5 milyard dollara yaxın olub. 2015-ci il və sonrakı aylarda bu borcun məbləğinin necə olacağı barədə məlumat yoxdur.
Daha bir çatışmayan məlumat isə kənara yönəldiləcək birbaşa investisiyaların və kənardan bizə gələcək birbaşa investisiyaların həcmilə bağlı məlumatların yoxluğudur.
Hər halda manatın yaxın 2-3 ayda bir qədər rahat nəfəs alması üşün şərait yaranıb. Bu ən çox dollarla krediti olan bank sektorunun və banklara valyuta krediti olan vətəndaşların maraqlarına uyğundur. Dollarla alınan idxal məhsullarını istehlak edən bütün əhali də öz yerində»-deyə R.Ağayev vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button