Mayorun son döyüşü: “Gözlə, qayıdacam…” – ŞƏHİD HEKAYƏTİ

mayor-urfan-1
“Martın 31-i günorta idi. Dedi, Könül, evə gəlirəm, amma gedəsi olacam. Çantamı yığ. Qaçaraq gəldi və tələsik yeməyini yedi. Qəribə görünürdü. Soruşdum, nə olub? Dinmədi. Uşaqları çoxlu öpdü, iylədi və qalxdı. Dedi, tələsirəm. Çantasını da götürüb evdən çıxdı, mənə söz verdi ki, qayıdacaq…”Şəhid mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə danışır…

Düşmən gülləsi Urfana vədini tutmağa imkan vermir. Aprelin 2-də Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyotu vurulur. Vurulan zaman bortda 3 pilot olub: mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Əbubəkir İsmayılov. Döyüş yoldaşları Könülə danışıb ki, uçuşdan əvvəl Urfan yoldaşları ilə zarafatlaşıb da: “Hər kəs öz yerində əyləşsin. Sonra tabutlarımız səhv düşər, mənimkilər səni, səninkilər məni ağlayar”. Zarafata salıb gülüblər, amma ürəklərində hər biri tapşırığın ciddiliyini və məsuliyyətini yaxşı bilirdi.

Vəlizadə Urfan 1978-ci il noyabrın 1-də Bakıda dünyaya gəlib. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olur. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayır. 8 ildən sonra sinif yoldaşı Könüllə təsadüfü görüş onun sevgisini təzədən alovlandırır və o, bu dəfə cəsarətlənib Könülə sevgisini etiraf edir. “Heç vaxt hərbçiylə ailə qurmaram”, – deyən Könül isə bu sevgiyə laqeyd qala bilmir. 3 il sonra 26 iyun 2006-cı ildə Milli Ordunun yaranması, həm də Könülün doğum günündə evlənirlər. Bu evlilikdən Zehra və Betül adında iki qızı var. Ötən ayın 23-də Zehranın 8, 14-də Betülün 1 yaşı tamam olub. “İki qızım var. Üçüncüsü də olsa, lap xoşbəxt olaram!”. Bu sözləri Urfan hələ ötən ayın 23-də qızlarının birgə keçirdiyi doğum günü qonaqlığında demişdi.

– Onunla evli olduğum bu on il ərzində hərbçi arvadı olduğumu hiss etdirmədi mənə. Nə vaxt imkanı olurdusa, bizi gəzməyə aparardı, Zehranın dərsləri ilə məşğul olardı. Deyirlər, hərbçilər sərt olur. Urfan işində ciddi olsa da, ailəsinə qarşı heç vaxt sərt, kobud olmayıb. Hərdən deyirdim ki, Urfan, bir az uşaqlara acıqlan. Deyirdi, hələ uşaqdılar, nə vaxt böyüyərlər, onda. Mehriban ata, gözəl həyat yoldaşı olub Urfan. Kimsənin xətrinə dəyməzdi, incitməzdi. Uşaqlarını vətənpərvər böyüdürdü. “Çanaqqala” türküsü, “Qarabağ” şikəstəsini dinlədərdi. Çox danışmazdı, susub otursa, bəs edirdi. Həmişə çalışırdı ki, məni sevindirsin. Qızlarımızın doğum günündə dedim, əlavə xərc eləmə, evdə qeyd edərik. Dedi, yox, sən dincəl, restoranda edəcəm. Həmin günü Urfan elə bil başqa adamıydı. O ki var yedi, içdi, danışdı, güldü. Hətta mənim üçün mahnı da oxudu. Çox sevinirdi. Axırda məndən soruşdu ki, Könül, xoşbəxtsən? Dedim, həm də çox!

Könül xanım şəkərli diabetdən əziyyət çəkir. Gündəlik qəbul etdiyi dərmanlar bahalı olduğundan bəzən bitən dərmanı yoldaşından gizlədirmiş. Ailəsini daim qorumağa çalışan Urfan həyat yoldaşı üzülməsin deyə ona aldığı dərman qutularının üstünə “Bitanesin!”, “Çok Gözəlsən” kimi sözlər yazarmış. Bir zamanlar atmağı düşündüyü bu qutular bu gün Könül xanımın ən dəyərli əşyalarındandır. Urfanı əzizləyirmiş kimi həmin qutuları sevgiliykən Urfanın ona yazdığı sevgi məktublarıyla birgə saxlayır. Ən böyük nigaranlığı Urfan Vəlizadə adlı qəhrəmanın unudulub getməsidir. Ailə albomlarını vərəqləyirik.

– Bu albomu qızlarıma tez-tez göstərəcəm ki, atalarını unutmasınlar. İstəyirəm Urfana Milli Qəhrəman adı verilsin. Xalq qəhrəmanını tanısın. Qızımız Zehra da bizim məzun olduğumuz 210 saylı məktəbdə oxuyur. O məktəbə Urfanın adını versələr, çox sevinərəm. Urfan öz xalqını, millətini sevən oğlanıydı. Deyirdi, gərək Qarabağ problemini həll edək. Biz şərəfsiz deyilik. Bu dərdi övladlarımıza buraxmayaq. Bu gün o, sevdiyi torpaq uğrunda şəhid oldu.

Urfanın atası gəncəli, anası ağdamlıdır. Qarabağ müharibəsi zamanı yeniyetmə yaşında olan Urfanın ailəsi həm ana, həm də ata tərəfindən şəhidlər verib. Ailənin növbəti şəhidi də 38 yaşlı Urfan oldu. Böyük qızı Zehrayla söhbətləşirik:

– Böyüyəndə nəçi olacaqsan?

– Pilot!

Anası kənardan müdaxilə edir:

– Sərnişin təyyarəsi sürəcək.

Zehra dərhal etiraz edir:

– Yox! Atam kimi hərbi pilot olacam!

Urfan Vəlizadə bu il hərbidən təqaüdə çıxmalıymış.

– Martın 30-da tibbi müayinədən keçdi. Qaydalara görə, 1 həftə hospitalda yatmalıydı. Yatmadı. Evə gəldi. Dedim, bəs niyə qalmadın? Dedi, xahiş elədim, məni saxlamasınlar. Narahat olmayım deyə evdə müharibədən heç nə danışmazdı. Dedi, Könül, narahat olma, sabah bəlkə biz getdik. Gedəndə mənə dedi bir həftəlik gedirəm. Amma bəlkə arada gəldim. Həmişə mənə ümid verirdi. Dedim, tez get, tez də qayıt! Ayın 1-də evdə qonaq varıydı. Urfan zəng edəndə danışa bilmədim.

Bayaqdan bəri gözündə sıxıb saxladığı yaşlar yanağından süzülür.

– Özümü bağışlaya bilmirəm. Mən gərək o zəngə cavab verəydim. Görəsən, mənə nə deyəcəkdi? Nə sözü vardı? Mən ona nə vaxt zəng eləsəydim, cavablayırdı. Heç vaxt olmayıb ki, mən zəng edəm, o cavab verməyə. Şəkər xəstəsiyəm. Qızıma tapşırmışdım ki, birdən pis olaram, komaya düşərəm, atandan başqa heç kimə zəng eləmə. Atan harda olsa, özünü çatdıracaq. Səhəri, aprelin 2-si onun yarısı olardı zəng elədim ona. Soruşdum, Urfan, neynirsiz? Dedi, dərs keçirik. Soruşdum, sən keçirsən? Güldü. Dedi, yox, bu dəfə bizə dərs keçirlər.

Həmin gün Könülün anası Qətibə xalanın 65 yaşı tamam olurmuş.

– Nəsə narahat idim. Mamamın doğum gününə getmək istəmirdim. Dedi, Könül, siz gedin, bəlkə axşama gəldim. Bu sözdən sonra rahatlandım. Hələ evdən çıxmamışdıq ki, qonşu mənə dedi, xəbərin var, müharibə başlayıb? Ondan əvvəl Zehranın doğum günü üçün şirniyyat sifariş vermişdim. Onu götürməyə gedəndə orda da mənə demişdilər ki, müharibə başlayır. Mən də Urfana dedim, yoxsa müharibəyə gedirsən? Güldü, soruşdu, sənə bunu kim deyib? Heç mən özüm bilmirəm hara gedirəm, o hardan bilir?! Qonşumuz da deyəndən ürəyimə xal düşdü. Bilmədim doğum günü hardan gəlib, harda bitdi. Ürəyim Urfanın yanındaydı. Gecə evə gələndə baxdım ki, qızımın sinif yoldaşının anası mənə zəng elədi. “Könül, Urfan!…”, deyə qışqırırdı. Bədənim əsdi. Evə qaçdım ki, internetdəki məlumatlara baxım. Qardaşım bizdəydi. Qışqırıram ki, planşeti ver, vermir. Eləcə deyir, iynəni vur, sonra (şəkərə qarşı). İynəmi vurdum, yalvardım ki, planşeti verin. Bir də baxdım qonşular bizə gəldi. Hamısı da mənə qəribə baxır. Mən də dəli kimi qışqırıram ki, nolub? Kimsə mənə heç nə demir. Bir qədər sonra bacısıgildən zəng gəldi…

Otağa sükut çökür. Bayaqdan bəri anasının qucağında bir dəqiqə dinc dayanmayan balaca Betülün belə səsi çıxmır.

– On gün mən onun yolunu gözlədim. Ziyarətə getdim, dua etdim, Allaha yalvardım. Birdən yağış yağdı. Elə bildim, dualarım qəbul oldu, Urfanım sağ-salamat gələcək. Onun öləcəyinə inanmırdım. Çox qoçağıydı. İnanırdım ki, ölməyib, hardasa gizlənir. Yaralı olsa da, gələcək. On gün sonra Urfanın nəşini gətirdilər. Zehraya heç nə demədim, sadəcə 4 şəhidlə keçirilən vida mərasiminə apardım. Dedim, atasıyla o da vidalaşsın.

Zehra anasına tərəf sıxılır. Betül üstündə “atan hamıdan yaxşıdır” sözləri yazılan “soska”sını yerə salır və ağlamağa başlayır. Albomu vərəqləməyə davam edirik. Urfanla Təbrizin şəkli gəlir. Hansısa məclisdə çəkilib.

– 2014-ün yayında Urfangilə ölkədən çıxmağa icazə verdilər. Urfan bizi Türkiyəyə apardı. Ordan qayıdanda Gürcüstanda bizi Təbriz qarşıladı. Təbriz Urfanı yaman çox istəyərdi. “O mənim kumirimdi”, deyərdi. Bizi apardı Dmanisiyə, baba yurduna. Orda mən onun əmisi qızını gördüm. Çox xoşuma gəldi. Mənim də qardaşım subay idi. Gəldim evdə dedim. Onlar da bəyəndilər, qohum olduq. Qohum olmamışdan da əvvəl Təbriz bizə gəlib-gedirdi. Urfan kənardan acıqlı görünürdü. Təbriz danışırdı ki, Türkiyədən təzə gələndə, öz-özünə deyirmiş, necə qaraqabaqdı?! Zaman keçdikcə, bir-birini tanıdıqca, dost oldular. Gözləyirdi Urfan təqaüdə çıxsın. Deyirdi, Urfanın bütün paltarlarını mənə verərsən, mən geyinəcəm.

Övladlarını xoşbəxt, şəkər xəstəsi Könülü sağlam görmək istəyən Urfanın arzularından biri də anasının qəbrini düzəltdirmək olub. Bu arzusunu reallaşdırmağa nə zaman, nə də maddi vəziyyəti imkan izin vermədi.

Evlənəndən bir neçə dəfə kirayə mənzil dəyişən Urfanın ailəsi biz bu materialı hazırlayanda “Neftçilər” metro-stansiyası tərəfdə iki otaqlı təmirsiz evdə kirayə yaşayırdı.

Həmin kirayə evin eyvanından üç rəngli bayraq, bir də şəhid balası Zehra boylanırdı…

***

Material yayıma hazırlanarkən şəhid pilotlarımıza ölkə rəhbərliyi tərəfindən mənzil verildiyi barədə məlumat yayıldı…

Ləman Mustafaqızı

Lent.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button