Media eksperti Xalid Ağalıyev yazır:”Media uşaqlarla bağlı xəbərlərdə necə davranmalıdır?”

Xalid Ağalıyev

“Zərərin məhdudlaşdırılması” prinsipinə söykənən etik qaydalara mediada əməl edilməməsindən zərər görən kəsim sırasında uşaqlar öndə gələnlərdir. 18 yaşın altında olan bütün insanlar uşaq sayılır. Onların uşaq hüququ var. BMT-nin Uşaq Hüquqları Konvensiyası 18 yaşın altında olan hər kəsi uşaq olaraq təqdim edir, onların bütün insan hüquq və azadlıqlarına sahib olduğunu təsbit edir.

Azərbaycan təcrübəsində oğurluq edən, narkotik maddələr qəbul edən, boşanma məhkəmələrinin əsas predmetinə çevrilən azyaşlıların efirə çıxarılması, ad-soyadlarının açıqlanması adi hal kimi qəbul edilir. Media etikasının diqqətə alınmaması son olaraq, Qubadakı məşhur olayda nəzərə çarpır.

Belə olaylar medianın etik yanaşmada da ciddi problemlərinin olmasından xəbər verir.

Uşaqlardan bəhs edən xəbərlərdə etik çatımazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qisimdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər. Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir.

Media necə xəbərləməli?

Uşaqlarla bağlı belə durumlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb. Ancaq Azərbaycanda mediada çalışanların birgə razılaşdırdıqları, öz ofislərindən asıb-əməl etdikləri belə yayğın qaydalar yoxdur.

Etik çərçivələrin gözlənilməsi təcrübəsi baxımından, ABŞ örnək ölkələrdəndir. Orda media quruluşları və jurnalist birliklərinin hazırladıqları etik qaydalarda azyaşlılardan bəhs edən xəbərlərin hansı formada təqdim olunması aydın şəkildə ifadəsini tapır.

ABŞ Peşəkar Qəzetçilər Dərnəyinin etik qaydalarında media azyaşlılarla bağlı xəbərlərin hazırlanmasında diqqətli olmağa dəvət edilir:

– Jurnalistlər xəbərlərdən zərər görə biləcək insanlara münasibətdə diqqətli olmalıdırlar. Azyaşlıların parça olduğu xəbərlərə xüsusi diqqət yetirilməlidir;

– Jurnalistlər azyaşlı cinayət edənlərin, cinayətdən zərər görənlərin, təcavüz qurbanlarının, zorakılıq hallarının iştirakçısı olanların kimliklərini açıqlamaqdan çəkinməli, bundan mütləq qaçmalıdırlar.

ABŞ qəzetlərindən birinin – Çikaqonun “Sun-Times” qəzetinin etik qaydalarında da cinayət, zorakılıq xəbərinin parçası olan, eləcə də, ailəsinin adı skandallara qarışan azyaşlıların kimliyinin açıqlanmasını yolverilməz sayır: “Qəzetlər təcavüz, zorakılıq qurbanlarının adlarını açıqlamamalıdır. Ailəsinin adı ciddi skandala qarışan azyaşlıların kimliyinin topluma bildirilməsi də yolverilməzdir. Az ağır cinayət işlərində yetkinlik yaşına çatmayan uşaqların adları açıqlanmamalıdır. Ağır cinayət törətmiş azyaşlıların adı xəbərin az diqqət çəkən parçası formasında düşünülməlidir. Azyaşlıları qorumaq da, günahkarlar haqqında oxucularımızı məlumatlandırmaq da vəzifəmizdir.”

Uşaqlarla bağlı etik tövsiyələrdə Avropa təcrübəsində də eyni çağırışları eşidirik.

İngiltərənin Mətbuat Şikayətləri Komissiyasının etik qaydalarına görə, mətbuat xəbər parçası olan azyaşlıları qorumağa xüsusi diqqət yetirməlidir: “Mətbuat, qanunla yasaqlanmasa belə, cinsi təcavüz olaylarının 16-dan aşağı yaşlı qurbanlarının kimliklərini açıqlamamalıdır. Əgər mətbuat azyaşlının kimliyini açıqlayarsa, redaktorlar bu açıqlamanın ictimai faydalardan qaynaqlandığını sübut etməlidir.”

İspaniyanın Mətbuat Federasiyasının etik qaydalarında isə vurğulanır ki, azyaşlılardan bəhs edən xəbərlərin işlənilməsinə xüsusi diqqət göstərilməlidir: “Media cinayət qurbanlarının adlarının açıqlanmasından və qurbanların kimliklərinin ortaya çıxmasına imkan verən materialları yaymaqdan qaçmalıdır. Qəzetlər xüsusən, cinsi təcavüzlərlə bağlı xəbərlər hazırlayarkən diqqətli olmalıdırlar. Bu tip durumlarla bağlı xəbərlərdə azyaşlıların kimliyinin açıqlanmasından, onların fotolarının çəkilməsindən qaçmaq lazımdır.”

Türkiyə Jurnalistlər Cəmiyyətinin etik qaydalarında da birbaşa vurğulanır ki,“azyaşlılarla bağlı cinayətlər və cinsi təcavüz olaylarından bəhs edən xəbərlərdə yaşı 18-dən aşağı olan şəxslərin adları və fotoları yayımlanmamalıdır”…

Gəlinən nəticələr

ABŞ və Avropanın media etikası qaydalarından gətirdiyimiz örnəklərdən bu nəticəyə gələ bilərik.

Qurban uşaqdırsa, xəbərin əsas parçasıdırsa, media onların kimliyini gizli tutmalıdır. Azyaşlıların adlarının gizli tutulmasının əsas səbəbi bir tərəfdən qurbanları qorumaqdırsda, digər tərəfdən onların daha bir təcavüzə – medianın təcavüzünə məruz qalmasını önləməkdir.

İstinad etdiyimiz etik qaydalarda digər diqqətçəkən məqam azyaşlıların yekinlik yaşına çatanlarla müqayisədə daha artıq dərəcədə qorunmasıdır. Bunun səbəbi uşaqların yenidən cəmiyyətə qazandırılmasında dövlət və toplumla birgə medianın də çox önəmli vəzifələr daşımasıdır.

Media nəzərə almalıdır ki, onun bir diqqətsiz xəbəri ilə bir insan ömrü boyu damğa altında yaşamaq məcburiyyətində qala bilər.

Etik qaydaların işığında azyaşlılarla görüşən jurnalistlərin nələrə diqqət etməli oilması haqda da nəticələr çıxarmaq olar. Bunlar hansılardır?

– travmatik olaylar xəbər mövzusudursa, azyaşlının çəkdiyi acıları artıra biləcək suallardan, şərhlərdən qaçmaq lazımdır;

– azyaşlılara onun yaşam tərzi olmayan, təsadüf üzündən və ya ilk dəfə üzləşdiyi şeylər haqqında suallar vermək, azyaşlını xəbərə mövzü edən olayı yenidən onun gözü önündə canlandırmasına səbəblər vermək yolverilməzdir;

– jurnalist istər azyaşlıya, istərsə də yetkinlik yaşına çatmışlara onlarla hansı səbəbdən görüşdüyünü, onlardan alacağı bilgiləri necə istifadə edəcəyini onların özlərinə bildirməlidir;

– hər hansı görüş, habelə video, fotoçəkiliş üçün azyaşlının, eləcə də yetkinlik yaşına çatmış şəxsin icazəsi alınmalıdır;

– jurnalist azyaşlı ilə görüşərkən diqqətli olmalıdır, görüş iştirakçılarının sayına sərhəd qoyulmalı, azyaşlının özünü tam sərbəst hiss edəcəyi ortam yaradılmalı və belə bir ortamda olduğu azyaşlıya hiss etdirilməlidir.

Qənaətimcə, əsas problem aydın, asan anlaşılan qaydaların olub-olmaması deyil. Əsas problem belə qaydaların təcrübədə tətbiq edilib-edilməməsindədir. Mükəmməl şəkildə hazırlanmış qaydalar, əgər onları mənimsəyəcək, tətbiq edəcək peşəkarlar yoxdursa, faydalı olmayacaq.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button