Media Hüququ İnstitutu məmurları «Yeni Müsavat» qəzetinə qarşı məhkəmə çəkişmələrindən çəkinməyə çağırır

Media Hüququ İnstitutu (MHİ) tənqidçi xəbər mediasına mənsub olan yazarların və media qurumlarının ictimai önəmli yazılarına görə çoxsaylı və əsassız defamasiya iddiaları ilə üzləşmələrindən narahat olduğunu bildirib.

Bununla baqlı MHİ tərəfindən yayılan bəyanatda deyilir:

Defamasiya iddialarına baxarkən məhkəmələrin belə işlərin ədalətli və düzgün araşdırılması və qərarlar verilməsi üçün zəruri olan meyarları, özəlliklə Avropa İnsan Haqları Məhkəməsinin Konvensiyanın 10-cu maddəsiylə bağlı düzənlədiyi meyarları hələ də tətbiq etməmələri də ölkədə ifadə azadlığına, jurnalist haqlarına ciddi qorxu yaradan narahatlıq mənbəyi olaraq qalır.

Son dövrdə ölkənin azsaylı tənqidi qəzetlərindən biri olan “Yeni Müsavat” qəzeti belə kütləvi defamasiya iddialarının hədəfinə çevrilib. “Yeni Müsavat”a qarşı qaldırılan iddiaların hamısı qəzetdə toplumu ilgiləndirən və toplum üçün önəmli olan mövzular kontekstində dərc olunan yazılarla bağlıdır. İddiaçı və şikayətçilərin hamısı ictimai fiqurlar, ya da məmurlar və hökumətə bağlı inhisarçı özəl qurumların rəhbərləridir.

“Yeni Müsavat” hökuməti, ayrı-ayrı məmurları tənqidi yazılarına görə davamlı olaraq basqı altında olub. Son 5 ildə qəzet 50 dəfədən artıq məhkəməyə çəkilib, əməkdaşları 70 dəfədən artıq basqı ilə üzləşib. Qəzetə qarşı qaldırılan məhkəmə davaları əksər hallarda “Yeni Müsavat”ın əleyhinə bitib. 2011-ci ildə “Yeni Müsavat”a qarşı məhkəmə davaları xüsusilə artıb. Son ildə “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə davalarının qısa icmalı:

1. Millət vəkili cənab Cəlal Əliyev “Yeni Müsavat”a qarşı – Cənab C.Əliyevin tələbi məhkəmələr qəzeti 1500 AZN kompensasiya ödəməyə məcbur edən qərar veriblər;

2. Müdafiə Nazirinin müavini cənab Çingiz Məmmədov “Yeni Müsavat”a qarşı – Azərbaycan Respublikasının silahlı qüvvələrində baş verən ölüm halları barəsində yazılara görə Müdafiə Nazirinin müavini cənab Çingiz Məmmədov “Yeni Müsavat”ı məhkəməyə verib. Nazir müavini “Yeni Müsavat”ın silahlı qüvvələrdən yazan yazarlarının həbs olunmasını tələb edir. Şikayətçi üstəlik tənqidçi nəşrin üzərinə 100 000 AZN təzminat qoyulmasını da istəyir;

3. “Gilan” Qəbələ Konserv Zavodu “Yeni Müsavat”a qarşı – “Gilan” 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş yazılara görə, qəzetdən 1 milyon AZN alınıb ona ödənilməsini tələb edir. Bu məbləğ “Yeni Müsvat”ın 10-15 illik büdcəsinə bərabərdir. İddiaçı “Gilan”ın istehsal etdiyi Jalə adlı meyvə şirələriylə bağlı yumor stilində yazılmış göşə yazısının bu şirələrin satışına ciddi zərər vurduğunu, satışın kəskin azaldığını, zavoda böyük ziyan dəydiyini deyir;

4. Azərbaycan Respublikası Nəqliyyat nazirinin oğlu, ZQAN şirkətlər qrupunun prezidenti cənab Anar Məmmədov “Yeni Müsavat” qəzetinə qarşı – cənab A.Məmmədov qəzetdən ona vurulduğunu iddia etdiyi 500 000 AZN təzminat tələb edir;

5. Haciqabul rayonunun icra başçısı cənab Əhməd Muxtarov “Yeni Müsavat” qəzetinə qarşı – Cənab Ə. Muxtarov rayon təsərrüfatının durumu barədə qəzetdə dərc olunan bütün tənqidi yazıların təkzib olunmasını tələb edir;

6. İsa Məhərrəmov “Yeni Müsavat”a qarşı – Bu iddianı bu ilin aprel ayında Bakı şəhərində keçirilən etiraz aksiyalarında inzibati binaların pəncərələrini qırdığı iddia olunan Şirvan şəhər sakini İsa Məhərrəmov qaldırıb. Həmin aksiyalar zamanı əksər tənqidçi qəzetlər adıçəkilən şəxsin etiraz aksiyasına yönəlmiş təxribatlarda iştirak etdiyi barədə bilgiləri, onun fotolarını yaymışdı. Həmin bilgilərin uydurma olduğunu deyən iddiaçı “Yeni Müsavat”ın 25 000 AZN təzminat ödəməsini tələb edir.

MHİ azad mətbuatın cəmiyyətin ən mühüm təməllərindən birini təşkil etdiyini, onun təkcə xoş qarşılanan, ziyansız sayılan bilgiləri deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən bilgiləri yaymaq haqqının olduğunu xatırladır, bunlar olmadan demokratik toplum quruculuğunun mümkünsüzlüyünü bir daha diqqətə çatdırır. MHİ hökumətdə yüksək vəzifə tutan şəxslərin, onlara bağlı şəxsləri “Yeni Müsavat”a qarşı məhkəmə davalarından geri çəkilməyə, mətbuatın demokratik toplumda oynadığı əvəzedilməz rolu yerinə yetirməsini əngəlləyən addımlardan çəkinməyə çağırır.

MHİ hökumətin ifadə azadlığından yararlanmağa görə, özəliklə təhqir və böhtana görə cinayət məsuliyyətini aradan qaldıran qanunun qəbulunu gecikdirməsini doğru siyasət hesab etmir. MHİ hökuməti ifadə azadlığı ilə bağlı işlərdə ədalətli qərarlar verməyi təmin edən, demokratik ölkələrin məhkəmə təcrübəsində, özəliklə Avropa Məhkəməsinin baxdığı işlərində sınaqdan keçmiş test və meyarları özündə birləşdirən defamasiya qanununu tezliklə müzakirəyə çıxarmağı və qəbul etməyi vacib sayır. MHİ belə bir qanun layihəsi mətnini hələ 2 il öncə hökumət qurumlarına və Milli Məclisə təqdim etdiyini yada salır. MHİ habelə yada salır ki, Mətbuat Şurasının ATƏT expertləriylə birgə işləyib hazırladığı başqa bir layihə də hökumətə təqdim edilib.

30 Noyabr 2011 

“CONTACT”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button