Media nümayəndələri və Jurnalist təşkilatlarının bəyanatı

Biz Azərbaycanın media nümayəndələri və jurnalist təşkilatları olaraq son zamanlar “Xural” qəzetinə qarşı diffamasiya maddələri ilə qaldırılmış iddialar və qəzet üçün yerinə yetirilməsi çətin olan məhkəmə sanksiyalarının tətbiq edilməsinə görə narahatçılıq keçirir və bunu mediaya qarşı edilən növbəti təzyiq kimi qiymətləndiririk.

Qeyd edək ki, 2007-ci ildə “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovun “Xural” qəzetinə qarşı iddiası üzrə qəzetə kəsilmiş 1000 manat maddi imkansızlıqdan ödənilmədiyi üçün yanvarın 18-də Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqov tərəfindən Əvəz Zeynallıya xəbərdarlıq edilib, fevralın 3-də Nərimanov rayon Məhkəməsində hakim Sevinc Quliyeva müğənni Nüşabə Ələsgərlinin iddiası ilə qəzeti 3000 manat məbləğində cərimələyib. Habelə 2010-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsinin qəzetə qarşı çıxardığı 500 manat cərimə qərarı üzrə cavabdehin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi anormal qərar çıxararaq, “Xural”ı 5000 manat həcmində cərimələyib. Bundan başqa, 2010-cu ildə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə “Xural” qəzeti 10000 manat həcmində cərimələnib.

Belə ki, bəzi dövlət məmurları onlara qarşı edilən tənqidlərə dözümsüz yanaşırlar və diffamasiyaya görə məhkəmələrdə kosmik rəqəmlər tələb etməkdən əl çəkmirlər. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli ona qarşı səslənən fikirlərə qarşı daha dözümlü olmalıdır. Amma Vüqar Səfərli qanunla üzərinə düşən vəzifəni, yəni KİV-in inkişafına dəstək verməyi inkişaf etdirmək əvəzinə, müstəqil olmayan məhkəmələrlə qəzetləri susdurmağa çalışır. Bu kimi məsələlərdə daha çox özünütənzimləmə mexanizmlərindən (məsələn, xüsusi ekspertlər yazıda təhqir olub-olmadığı barədə tövsiyə xarakterli rəy verə bilər və qəzet də bu rəyə əsasən təkzib verər) istifadə edilməlidir.

Habelə biz Prezidentin İcra Aparatının rəhbəri cənab Ramiz Mehdiyevə üzümüzü tutaraq, onu az büdcəli bir qəzetə qarşı qaldırdığı böyük məbləğli iddiasından imtina etməyə çağırırıq. Qərb təcrübəsinə də nəzər salsaq görərik ki, orada həm sadə vətəndaş, həmçinin də dövlət məmurları tənqid edilə bilər. Qərb təcrübəsinə görə dövlət məmurunun şərəf və ləyaqəti olmur. Beləliklə, Ramiz Mehdiyevi də bir məmur kimi tənqid etmək olar. Çünki o, ictimai fiqurdur, dövlətin adından çıxış edir və onun fəaliyyətini də tənqid edən həmin dövlətin vətəndaşlarıdır.

Biz bir daha dövlət məmurlarına, ictimai-siyasi və incəsənət xadimlərinə müraciət edərək onları jurnalist və qəzetlərə qarşı dözümlü olmağa, çoxsaylı məhkəmə çəkişmələrinə son qoymağa və yuxarıda qeyd etdiyimiz özünütənzimləmə mexanizmlərindən istifadə etməyə çağırırıq.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button