Media Qanunvericiliyi: dəyişim tendensiyası – Senzura qayıdırmı?!

Media Klub 3 may Ümumdünya Mətbuat Günü münasibətilə “Media sahəsində qanunvericilik: senzura qayıdırmı?” mövzusunda ictimai dinləmələr keçirib. Media üzrə tanınmış ekspert, hüquqşünas Ələsgər Məmmədli əsas məruzəçi kimi çıxış edib. Ümumilikdə, sənəd “dəyirmi masa” iştirakçılarının əksəriyyəti tərəfindən dəstəklənib. Odur ki, KİV qanunvericiliyi sahəsində vəziyyətə dair aydın təsəvvürün olması üçün sənədin icitmaiyyətə təqdim olunması qərara alınıb.

 

Ələsgər Məmmədli

Bu addımlar bizi hara aparır?

Azərbaycanda son illər sistemli şəkildə media qanunvericiliyinə müdaxilələr olur və medianın hüquqi vəziyyəti gedərək daralır. Qanunvericiliyə gətirilən dəyişikliklərin böyük əksəriyyəti sırf məhdudlaşdıırcı xarakterdədir.

2001-ci ildə Azərbaycanın Vropa Şurasına üzvlük məsələsinin aktuallığı və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiya edilməsi media qanunvericiliyinin də liberallaşması ilə nəticələnmişdi. KİV haqqında qanuna ciddi dəyişikliklər olmuş, tele-radio sahəsi ayrılaraq ayrı qanunvericiliklə tənzimlənmiş, jurnalistin fəaliyyətinə mane olan və ona vəzifələr yükləyən maddələr qanunvericilikdən çıxarılmışdır.

2007-ci ildə etibarən KİV haqqında qanuna müdaxilələr başladı və gətirilən əlavə və dəyişikliklərin hamısı birbaşa mövcud fəaliyyət mühitini daraltmağa hesablanmışdı. Təsadüfi deyil ki, 2018-ci ilin mayın 2-dək bu qanuna tam 13 dəfə əlavə və dəyişiklik edilmiş, bunların hər birində yeni məhdudiyyətlər gətirilmişdir. Eyni yanaşma 2002-ci ildə qəbul edilən Telerdio Yayımı haqqında Qanuna da olmuş, Qanun qəbul edildikdən sonra keçən dövrdə 7 dəfə bu qanuna müdaxilələr olmuş, teleradio yayımına nəzarət edən Şuraya öncə cərimə tətbiq etmək, sonra yayımı qısamüddətli dayandırmaq, ən sonda isə məhkəmə qərarı olmadan yayıma son verərək lisenziyanı ləğv etmək hüququ verilmiş, inzibati sanksiyalar hər dəfə bir az daha artırılmışdır. Təsadüfi deyil ki, 2016-cı il 18 iyulda ANS teleradiosunun bağlanması da bu çərçivədə baş vermişdir.

Ümumiyyətlə, bu məhdudlaşdırma tendensiyası davam etməksdədir. Keçən il bu istiqamətdə yeni dalğa olmuş, dəyişikliklər sadəcə media qanunvericiliyinin əsas hissəsi ilə məhdudlaşmayaraq, İnformasiya, informasiyalaşma və informasiyanın mühafizəsi haqqında qanunu da əhatə etmişdir.

2017-ci ilin fevral ayının əvvəlində İnternet mediasının bloklanması və bağlanmasına hüquqi zəmin yaradıldı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna bir fəsil əlavə edildi. Bu əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan qaldıran müddəalardır. Dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məhkəmə qərarı olmadan medianın internet resursunu bağlamaq hüququ verdi. Beləliklə, fevralda qanunvericiliyə gətirilən bu məhdudlaşdırıcı dəyişiklik ilk olaraq tənqidi mövqeyi ilə seçilən və cəmiyyəti alternativ mənbə kimi məlumatlandıran resurslara – www.azadlıg.orgwww.azadlıq.infowww.azerbaycansaatı.comwww.turan.tv və www.meydan.tv saytlarına girişin qadağan olunması ilə nəticələndi. Əlbəttə, bu sadəcə başlanğıc idi. Hazırda məhkəmə qərarı olmadan məhdudlaşdırılan resursların sayı 40-dən çoxdur və hər gün bu siyahıya yeniləri əlavə edilir.

Bir problem də həmin resurslara dair verilən qərarların qısa müddətdə məhkəməyə daşınmamasıdır. Halbuki bloklanan resursun bloklanmasına dair verilən inzibati qərar məhkəməyə çıxarılmalıdır. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nədənsə özünə bu əziyyəti vermir və resursları ucdantutma bloklamaqla işini bitmiş sayır. Nazirlik ayrıca ona vəzifə kimi tapşırılan bloklanmış resursların reyestrini (siyahısını) yaymaq vəzifəsini də icra etmir və beləliklə, qeyri-şəffaf və səlahiyyətli senzura qurumu kimi fəaliyyətini sürdürür.

2017-ci ildə media sferasının ikinci böyük şoku fevralın 14-də “Hərbi vəziyyət haqqında” qanunun qəbulu ilə yaşandı. 1998-ci ildə rəsmi senzuranın ləğvindən sonra ilk dəfə mətbuata senzuranın tətbiqinə dair müddəalar yenidən qanunvericiliyə qaytarıldı. Halbuki 1995-ci ildə qəbul edilən və 1998-ci ildən qüvvədə olan konstitusiyanın 50-ci maddəsinin 2-ci bəndindəki müddəaya əsasən, “Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır”. Konstitusiya senzuranı açıq şəkildə yasaqlayır. Ona görə senzuranı hətta istisna hal, məhdudlaşdırma sanksiyası kimi də heç bir halda tətbiq etmək olmaz. Hərbi senzura dövlət senzurasıdır. Dövlət senzurasını isə ali hüquqi norma olan Konstitusiya ilə qadağan edib. Deməli, “Hərbi vəziyyət haqqında” qanunda senzuranın nəzərdə tutulması konstitusiyanın kobud şəkildə pozulmasıdır. Bu qanunda senzuranı nəzərdə tutan Milli Məclis Konstitusiya ilə ona müəyyən olunan çərçivəni aşaraq, Konstitusiyada müəyyən olunandan artıq dərəcədə insan hüquq və azadlığını məhdudlaşdırıb. Konstitusiyanın 71-ci maddəsi hakimiyyətin hər üç qoluna, o cümlədən Milli Məclisə bunu qadağan edir.

Buna qədər hərbi vəziyyət rejimində KİV azadlığına məhdudiyyətlər tətbiq edilə bilsə də, senzuranın tətbiqi mümkün deyildi. Yeni qəbul olunan “Hərbi vəziyyət haqqında” qanunun 1.0.3-cü maddəsində isə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması tələbi qoyulur. Beləliklə, medianın nəyi yayacağı, nəyi yaymayacağı öncədən dövlət qurumlarının və vəzifəli şəxslərin düşüncələrinə, dünyagörüşünə, hüquq bilgisinə və nəhayət, demokratiya anlayışına bağlı olacaq. Həmin qanunun 10-cu maddəsi isə hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər içərisində kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsini də nəzərdə tutur. Ayrıca, cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsinin də bu çərçivədə səlahiyyətlər içərisində olduğunu vurğulayır.

2017-ci ilin may ayında Milli Məclis jurnalistlərin əsas hüquqi münasibətlərini tənzimləyən “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavələr etdi. Yuxarıda bəhs edilən və hüquqi baxımdan legitim sayılmayan dəyişikliklər bu qanuna da salındı. Üstəlik, 3-cü maddədə, anlayışlar qismində internet informasiya resursları da mətbuat halqasına əlavə edildi, sui-istifadə hallarının çevrəsi genişləndirildi. Aydın ifadə edilən və yayılmasına yol verilməyən şəxsi həyat sirləri, qanunla qorunan sirlər hissəsinə qeyri-müəyyən və nə olduğu bilinməyən “yayılması qadağan edilən digər informasiya” da əlavə olundu, bulanıq tənzimləmə gətirildi. Avropa Məhkəməsinin qərarlarında da çox aydın ifadə edilir ki, qanun açıq, aydın, anlaşılan olmalıdır. “Digər informasiya”nın içərisinə hər şeyi əlavə etmək olar. Bu maddə məhz məsuliyyət yaradan halları müəyyən etdiyi üçün jurnalist bilməlidir ki, konkret nə məsuliyyət yaradır. “Qanunla qadağan edilən digər informasiya”nın adı, qoruduğu hüquqi mənafe bəlli deyil. Bu formada məhdudlaşdırma ilə məsuliyyətin yaradılması hüquq nəzəriyyəsini alt-üst edir.

“KİV haqqında” qanuna edilən digər bir dəyişiklik də bu qanunun mahiyyətini geri plana atdı və müasir medianın əslində internetin üzərində olduğunu gözardı edərək, internet informasiya ehtiyatlarının məhdudlaşdırılmasını “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna həvalə etdi. Yəni fevralda gətirilən məhdudlaşdırıcı və qeyri-legitim tənzimləmələrin “KİV haqqında” qanunun üzərində olduğunu göstərmiş oldu. Beləliklə, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına qəbulu ilə bağlı geniş müzakirələrə səbəb olan və hüquqi ekspertizalardan keçirilən, sonda da bir sıra pozitiv dəyişikliklərə məruz qalan “KİV haqqında” qanunun mahiyyəti sürətlə eybəcərləşməyə və jurnalistləri qurumamaqdan çıxıb, təhdid edən forma almağa başlayıb.

2017-ci ilin sonlarına doğru Milli Məclis oktyabr və dekabr aylarında inzibati və cinayət məsuliyyəti yaradan normalara dəyişiklik etdi. Cəzaları və cərimələri artırıb, yeni cəza növləri gətirdi. Həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə jurnalistləri və ifadə azadlığından istifadə edən hər kəsi çərçivələyəcək, qurxudacaq, çəkindirəcək müddəalar daxil edildi.

Dekabrın 1-də İnzibati Xətalar Məcəlləsinə məsuliyyət yaradan iki fərqli maddə (388-1 və 370-1-ci maddələr) əlavə olundu. Bunlardan biri yuxarıda qeyd etdiyim internet informasiya ehtiyatında “yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyəti nəzərdə tutur. Bu maddə ilə internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər 2000-2500 manat manatadək məbləğdə cərimə edilir. Ayrıca həmin maddədə bir qeyd də var: “Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”. Yəni bu əməl cinayət məsuliyyəti də yaradır.

Yeni əlavə edilən 370-1-ci maddə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sözünə dərhal baxmayan provayder və operatorların cəzalandırılmasını nəzərdə tutur. Burda provayder və operatorların fiziki şəxslərdən daha az cərimələnməsini nəzərdə tutan parlament cərimələrin məbləğini fiziki şəxslərə nisbətdə daha az qoyub. Vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir. Məsələn, “Azercell” qaydanı pozsa 1500 manat, vətəndaş Azər qaydanı pozarsa 2000-2500 manat cərimə olunacaq. Əslində bu fərq də göstrərir ki, əsas hədəf vətəndaşı və informasiya resursları sahiblərini hədəf alıb, qorxutmaqdır.

Diqqət çəkən bir məqam, vətəndaşa və jurnalistə qarşı tətbiq edilən cərimələrin miqdarında parlament çox səxavətlidir və yüksək cərimələri nəzərdə tutur. Lakin nədənsə İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsində kütləvi informasiya vasitələrinin yayılmasına mane olmaya, yaxud 382-ci maddədə jurnalistlərin hüquqlarının pozulmasına görə tətbiq edilən cərimələrin miqdarı 100-150, 300-500 manat arası dəyişir və 2017-ci ildə bu cərimələrin miqdarı artırılmadı. Halbuki əsas hədəfi jurnalistlər olan Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) və 148-1-ci (sosial mediada böhtan və təhqir) maddələrində nəzərdə tutulan cərimələrin miqdarı 2017-ci ilin may və oktyabr aylarında 3 dəfədən çox artırılıb və 300-1000 manat arası cərimələr 1000-1500 manat olub. Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələri də əslində yazışma və özəl həyat sirlərinin yayılmasına görə cəzaları nəzərdə tutduğundan bu maddələr də birbaşa media və jurnalistləri təhdid edən maddələrdir. 2017-ci il həm də bu maddələrdəki sanksiyaların 5-10 dəfə atrırılması ilə yadda qaldı. 100-500 manat arasında olan cərimələrin miqradı 1000-2000 manatadək artırıldı.

2018-ci ilin may ayını 2-də Milli Məclis daha bir məhdudlaşdırıcı addım ataraq, hərbi vəziyyət haqqında qanunda müəyyən olunan senzuranı KİV haqqında qanuna da əlavə edərək, bir daha Konstitusiyanın 50-ci maddəsini pozub. Ayrıca, İnzibati Xətalar Məcəlləsinə 517-2-ci maddə əlavə edərək, inzibati sanksiyalar nəzərdə tutub. Bu onu göstərir ki, medianın azadlığını sona qədər dayandırmaq və bütün nəfəslikləri bağlamaq əsas hədəflərdəndir.

Təsadüfi deyil ki, bu yaxınlarda Sərhədsiz Refortiyorlar Təkilatı Dünyada Media Azadlığı indexsini açıqlayıb. Azərbaycan azadlığları boğulan və xəritədə Qara rənglə təsvir olunan ən problemli ölkələrlə bir yerdədir. Qonşu Ermənistan siyahıda 80-ci yerdə qərarlaşarkən biz ondan tam 83 pillə geridə 163-cü yerdə qərarlaşmışıq. Çox təssüf ki, ölkəmiz Şimali Koreya, Etriya, Cibbuti, Ekvotorila Qvienya, Səudiyyə Ərəbistanı, Somali, İran kimi antidemokratik rejimlərlə yan-yana eyni stausu paylaşır.

Son bir ildə Jurnalistlərin diffamasiyaya (böhtan və təhqirə) görə cəlb edildikləri məsuliyyət növlərinə yenisinin əlavə olunması ilə də yadda qalıb. Mehman Hüseynov, İkram Rəhimov və onun informasiya mənbəyi olan şəxs diffomasiyaya görə həbs olunub və məhkum edilib.. Təəssüf ki, diffamasiyanın dekriminallaşması məsələsi illərdir növbəti – qeyri-müəyyən illərə təxirə salınır. 20 oktyabr 2017-ci ildə Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyalarına 3 ilədək azadlığın məhdudlaşdırılması sanksiyası da əlavə edildi. Anoloji dəyişiklik 156.2-ci maddədə də oldu, sanksiyalar arasına 2 il azadlığın məhdudlaşdırılması əlavə edildi. Beləliklə, hər iki sanksiyanın tətbiq dairəsi birbaşa ifadə azadlığı daşıyıcılarıdır. Təsadüfi deyil ki, 2017-ci ildə bloqçu Mehman Hüseynov, İkram Rəhimov və digərləri məhz 147.2-ci maddə ilə azadlıqdan mərhum edilib.

Araşdırmalar göstərir ki, ölkədə media qanunvericiliyinə müdaxilələr sistemli hal alıb və bu tendensiya hər keçən dönəm bir az daha mürtəce xarakter alır. Bu prosesin dayandırılması və qanunvericiliyin yenidən monitorinq edilərək, media üçün azad mühit yaradacaq hüquqi tənzimləmələrin gətirilməsinə ciddi ehtiyac var. Bu proses dayanmazsa, ölkənin informasiya təhlükəsizliyi milli təhlükəsizlik problemi kimi çox fəsadlarla üzləşə bilər. Çünki, ölkədaxili media cəlbedici olmaqdan, informasiya mənbəyi olmaqdan çıxır, daxili auditoriya ölkə xaricindən formalaşan informasiya axınını qəbul etmək məcburiyyətində buraxılır. Azad jurnalistika olmazsa, azad media olmasa cəmiyyət ciddi kataklizmalarla üzləşə bilər. Bu yanlışlar dərhal dayandırılmalı, ölkə medi qanunvericiliyi beynəlxalq öhdəliklər və Avropa Məhkəməsi qərarlarındakı yanaşma nəzərə alınmaqla yenidən liberallaşmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button