Mehman Əliyevin həbsi ilə bağlı Məlumat

“Turan” İnformasiya Agentliyi qurumun rəhbəri Mehman Əliyevin həbs olunması və  həbsin mediada işıqlandırılmasının motivləri ilə bağlı Məlumat yayıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ilə bağlı 

Məlumat

Avqustun 25-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin veb-saytında Media və Kommunikasiya Mərkəzinin «“Turan İnformasiya Agentliyi” MMC-də yol verilmiş qanunsuzluqlar ifşa edilmişdir» başlıqlı məlumatı dərc olunmuşdur.

Məlumatda göstərilib ki, “Turan»da Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlamışdır.
Mehman Əliyevin müdafiəsi bəyan edir ki, bu iddia həqiqətdən tamamilə uzaqdır. Belə ki, adıçəkilən cinayət işi 07 avqust 2017-ci il tarixində başlanmış, istintaq idarəsinin eynitarixli qərarı ilə «Turan»da növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Səyyar vergi yoxlamasına dair qərar informasiya agentliyinə sabahı gün, avqustun 08-də elan olunmuşdur.

Bu səbəbdən ictimaiyyətin nəzərinə çatdırırıq ki, cinayət işi hələ heç təyin olunmamış səyyar vergi yoxlamasının nəticələrinə əsasən başlaya bilməzdi. Burada yazı müəllifləri, görünür, avtomatik olaraq qanunla nəzərdə tutulmuş ardıcıllığa istinad etmiş, Mehman Əliyevin işində ifrat dərəcədə ciddi və çoxsaylı qanun pozuntularına yol verilməsini nəzərə almamışlar.

Avqustun 24-ü saat 16:45-də internet informasiya portallarından birində hüquq mühafizə orqanlarına istinadən məlumat yayılmışdır ki, guya Mehman Əliyev Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Halbuki, həmin vaxt M.Əliyev İstintaq Departamentinin otaqlarından birində sərbəst oturmuş, o, yalnız saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur.

İttiham barəsində

Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirlən şəxs qismində cəlb edilmişdir.
Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) ilə nəzərdə tutulmuş əmələ görə məsuliyyətdən o zaman söhbət gedə bilərdi ki, «Turan» sahibkarlıq fəaliyyəti ilə:
1) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan məşğul olsun;
2) və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan və ya lisenziyalaşdırılma şərtlərinin pozulması ilə məşğul olsun;
3) və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə məşğul olsun.

Təkzib:
1. “Turan” qanunvericilik ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb və vergi uçotundadır.
2. İnformasiya agentliyinin fəaliyyəti üçüy heç bir lisenziya (xüsusi razılıq) tələb olunmur.
3. “Turan” mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməyib.
• Buradan birmənalı olaraq o nəticə çıxır ki, Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq cinayətinin baş verməsindən söhbət belə gedə bilməz, çünki həmin maddənin dispozisiyasında göstərilmiş zəruri elementlərdən heçcə biri yoxdur.

Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə bağlı müdafiə tərəfi bir daha vurğulayır ki, «Turan»da səyyar vergi yoxlaması davam etməkdədir, müvafiq akt tərtib edilməyib. Halbuki, qanunla müəyyən edilmiş ardıcıllıq bu cürdur: əvvəl yoxlama aktı tərtib olunur, onun əsasında vergi orqanı qərar qəbul edir, sonra isə vergi ödəyicisinin (o cümlədən «Turan»ın) həmin qərarı inzibati qaydada və ya məhkəmə qaydasında mübahisələndirmə hüququ var. Bu müddətdə nəinki kiminsə cinayət məsuliyyətinə cəlb olunması, hətta cinayət işinin başlanılması qanuni deyildir. Onu da əlavə edək ki, agentlik barəsində 2016-cı il üzrə keçirilmiş vergi yoxlaması nəticəsində hesablanmış mənfəət vergisinə dair qərar «Turan»ın inzibati şikayəti əsasında Vergilər Nazirliyi tərəfindən ləğv edilib; kameral qaydada vergi hesablanmasına dair qərarlara dair agentliyin iddia ərizəsinə dair iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır.

O ki qaldı CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilmiş ittihama, bu da tamamilə gülüncdür: Burada göstərilir ki, qanunsuz sahibkarlıq (yəni CM-nin 192-ci maddəsi ilə nəzərdə tutulan əməl) və vergi ödəməkdən yayınma (CM-nin 213.1-ci maddəsi) yolu ilə Mehman Əliyev dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Qısaca deyək ki, istintaq orqanı kauçuka çevrilmiş 308.1-ci maddəsini M.Əliyevin ayağına yazdığı 192 və 213-cü maddələrdən törəmə hesab etdiyindən, aydındır ki, 308-ci maddədən də danışmaq olmaz.

• Beləliklə, belə M.Əliyevə verilmiş ittiham hətta formal-hüquqi baxımdan belə əsassızdır, iş üzrə icraata xitam verilmə və o, dərhal azad edilməlidir.

Məlumat üçün: Müdafiə tərəfi Mehman Əliyevin tutulması və barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərarlardan şikayətləri məhkəməyə təqdim edib.

Bastainfo.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button