Mehman Hüseynova 2 il həbs verildi

Martın 3-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 2 il azadlıqdan məhrum etmə qərarı oxunub.
Abzas.net xəbər verir ki, məhkəməyə sədrliyi hakim Ceyhun Qədimov edib. Hökmdən əvvəl məhkəmə heyəti müşavirəyə gedib və çox qısa vaxtdan sonra qərarı elan edilib.
Bloqqerin vəkili Elçin Sadıqov bildirib ki, məhkəmə çəkişmə prinsipini pozdu, xüsusi ittihamçını məhkəməyə gətirmədi, vəsatətlərimizin heç birini təmin etmədi, müdafiə çıxışı üçün 1 həftə vaxt istəsə də çıxışa vaxt vermədi:
“Əvvəl 30 dəqiqə vaxt verdiyini desə də 10 dəqiqədən sonra gəldi və çıxış etməyimi tələb etdi. Çıxışdan sonra Mehmana qısa son söz verdi və 5 dəqiqəlik müşavirədən hökmü elan etdi”.
Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Məhkəmə zalından həbs olundu.

Vəkil deyib ki, Mehman Hüseynov möhkəmdir və həbs ediləcəyini əvvəlcədən bilirdi.
Mehman Hüseynovun CM-nin 147.2-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunması istənilirdi. Onun polisə böhtan atdığı iddia olunurdu. Mehman Hüseynov yanvarın 10-u açıqlamasında polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.
***
Martın 2-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.
Azadlıq Radiosunun məlumatına görə, Mehman Hüseynov son sözündə deyib ki, bu, jurnalist fəaliyyətinə görə yuxarıdan gələn sifarişdir.
İddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti müşavirəyə gedib.
Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.
Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button