Mehriban Əliyeva evsizlərə mənzil paylayır

Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.

Virtualaz.org-un məlumatına görə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Məlumat verilib ki, Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində isə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib: “İlk növbədə, sizin hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına əmin-amanlıq, yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Ramazan ayı dünya müsəlmanlarını sülh və birlik yoluna, xeyirxah əməllərə, saf niyyətlərə, mərhəmətə və mənəvi kamilliyə dəvət edir. Ramazan ayı bizim hər birimizi ehtiyacı olan, çətinliklərlə üzləşən insanlara yardım etməyə dəvət edir. Bugünkü görüşümüz bu baxımdan rəmzi məna daşıyır. Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi bu gün yeni mənzillərlə təmin olunur, onların yaşayış şəraiti yaxşılaşır. Sizin həyatınızda yeni dövr başlayır. Sizin həyat tərziniz yaxşılaşacaq. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm, yeni mənzillərinizdə sizə xoşbəxt ömür arzulayıram”.

Sonra Füzuli rayonundan məcburi köçkün Rafiz Kərimov, Şuşadan Vüsalə Fətəliyeva, Laçından Zabilə Cəfərova və Əmirxan Zeynalov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı şəhərindən şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində yaradılan şəraitlə tanış olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button