Mehriban Əliyevanın namizədliyini irəli sürən partiya bütün suallara aydınlıq gətirdi

DADP 105.07.2013
Əlisahib Hüseynov: “Siyasi partiya möhür və ştampdan ibarət deyil. Əsas olan xalqın partiya il birgə olmasıdır”
Bu gün Demokratik Azərbaycan Dünyası Partiyası mətbuat konfrans keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, konfransda 16 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində DADP tərəfindən Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsinin həqiqi səbəbləri, “Yeni Müsavat”, “Azadlıq”, və “Siyasət” qəzetlərində DADP-in bəzi funksionerlərinin xarici dairələrdən idarə olunması dair dərc edilən informasiyaların yanlış olması və Fatma Əliyevanın özünü partiya sədri kimi qələmə verməsinin hüquqi tərəfləri haqqında məlumatlar verilib.
İlkin olaraq çıxış edən DADP təmsilçisi Sevda Xurşudova partiyanın keçdiyi həyat yolu və yaranma tarixi haqqında məlumat verdi. Partiyanın 1992-ci ildə yarandığını bildirən Sevda Xurşudova, 1993-95-ci illərdə iki dəfə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığını söylədi: “ Partiyamızla bağlı hətta mərhum prezident Heydər Əliyevin xeyir duası da olub. Partiyamız ulu öndər Heydər Əliyevin siyasi xəttini dəstəkləyərək bu günə qədər gəlib çıxıb. Referendum seçkilərində prezidentimiz cənab İlham Əliyevə çox ciddi şəkildə dəstək vermişik. Hazırda partiyanın 68 rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Keçirilən referendum seçkilərində 43 minə yaxın imza toplamışdıq. Lakin partiyamızın özünün kifayət qədər ciddi siyasi xətti olduğu üçün ölkənin birinci xanımı Mehriban Əliyevanı partiyamızın lideri kimi görürük və onun namizədliyini irəli sürmüşük.”
Sonra çıxış edən DADP sədri Əlisahib Hüseynov media nümayəndələrinin suallarını cavablandırdı. Yaxın günlərdə DADP rəhbərliyinin Prezident Administrasiyasına çağırılmasına dair suala aydınlıq gətirən partiya sədri bildirdi ki, sözü gedən qurum ali bir orqandır və istənilən şəxs dəvət oluna bilər: “Dəvət sadəcə hansısa sənədlərlə bağlı idi ki, onları da administrasiyaya təqdim etdik. Partiya sədri olaraq bütün medianı vətəndaşlığa, qardaşlığa və səmimiyyətə çağırıram. Prezident Aparatına çağırılmağımız Mehriban xanımın namizədliyi ilə heç bir əlaqəsi yoxdur.”
Əlisahib Hüseynov bundan sonra partiyanın sənədlərinin və fəaliyyətinin saxta olmasına dair səsləndirilən fikirlərə aydınlıq gətirdi: “Bizdən öncə Mirkazım Seyidovun namizədliyi dövründə qurultay çağırıldı və Fatma Əliyeva partiyaya sədr seçildi. Hansı ki, onun xarici vətəndaş saydığı şəxs iclası aparmışdı. Martın 13-ü 2013-cü ildə də növbəti qurultay çağırıldı və mən sədr seçildim. Lakin maraqlı olan budur ki, qurultayla Mirkazım Seyidovun sədrlikdən getməsinə baxmayaraq Fatma Əliyeva getmədi. Halbuki Mirkazım Seyidov ondan qat-qat savadlı və ziyalı bir şəxs idi. Siyasi partiya möhür və ştampdan ibarət deyil. Əsas olan xalqın partiya il birgə olmasıdır. Eyni halda partiyamızın əsl möhürü bizdədir.”
Fatma Əliyevanın partiyadan getməməsinin onun düzgün təhsil almaması və siyasi partiya anlayışının olmaması ilə əlaqələndirən Əlisahib bəy, “onun qeyri-qanuni fəaliyyət göstərməsi mümkünsüzdür. Bununla bağlı ictimaiyyətə müəyyən narazılıqlar mövcuddur. O, eyni halda Mehriban xanımın namizədliyinin tərəfdarı deyil”, – deyə bildirdi: “Prezident Aparatında Rasim Musayev adlı bir şəxsin bizə təzyiq etdiyi bildirilir. Əvvəla Rasim Musayev kimdir ki, bizə də təzyiq etsin.”
Sonra çıxış üçün növbəti dəfə söz alan Sevda Xurşudova, DADP-çilərin Mehriban xanıma görə partiyaya gəldiyini bildirdi: “ Mehriban xanımın namizədliyi 2006-cı ildən etibarən gündəmdədir. DADP balaca bir partiya deyil ki, göbələk kimi dərhal yerdən çıxıb nəyisə təklif etsin. Bizim artıq 133 min üzvümüz var və 1992-ci ildən yaranmışıq. Verdiyimiz qərar tam qanunun tələblərinə uyğundur. Buna görə də kimlərinsə narahatlığını anlaya bilmirik.”
Tədbirin sonunda partiyanın Mehriban Əliyevanın namizədliyi və Fatma Əliyevanın DADP sıralarından çıxarılması ilə qətnamə verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button