Millətimizə böyüklüyünü qaytarmalıyıq!

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri

Məxsusi olaraq “Xural” qəzeti üçün

Hakimiyyət Azərbaycanın tarixi ilə düşmənçilik edir!..

Mövcud hakimiyyət Azərbaycanın dövlətçilik tarixinin birinci mərhələsini 1969-cu ildən, ikinci mərhələsini isə 1993-cü ildən hesablayır. Hər ilin iyun, iyul aylarında böyük bayram tədbirləri, atəşfəşanlıq təşkil edirlər.

Biz də düşünürük ki, niyə informasiya mübarizəsində, dövlətçilik tarixi ilə bağlı  mübahisələrdə, ərazi mübarizəsində bir olub erməniyə qalib gələ bilmirik, demokratik qərb də bizim haqq səsimizə səs vermir. İndi qərbin, avropalının yerinə siz olun, kimə inanırsınız? Biz tərəf olmayan yerdə, yalan da olsa iddia edir ki, bu coğrafiyada mənim yüz illərdir dövlətim olub, aidiyyəti olmayan hökmdarları təqdim edir ki, bunlar da mənim dövlət başçılarım olub, ikinci tərəf də hərəkətləri, davranışları ilə israr edir ki, bu ərazilərdə nə dövlət, nə də dövlət başçıları olmayıb – dövləti, yəni kommunist partiyasının hegemon olduğu dövləti 1969-cu ildə Heydər Əliyev qurub, daha sonra da 1993-cü ildə müasir Azərbaycan dövlətini qurub.

Bunlar özlərindən başqa hamını inkar edir – dişi ilə, dırnağı ilə, ağlının və qolunun gücü ilə Azərbaycanda dövlət qurmuş, tarixə düşmüş hər kəsə rəqib, düşmən gözü ilə baxır, o tarixi şəxsiyyətləri, imkanları daxilində tarixdən silməyə, böyük dövlətlərə malik millətimizi isə rəzil günə salaraq özlərinin mədhiyyəçilərinə çevirməyə çalışırlar. Başqalarından inciməyə haqqımız qalmır, Azərbaycan tarixinə düşmənçilik gözümüzün önündə baş verir.

Bir-iki il bundan əvvəl müxtəlif ölkələrdə sorğular keçirilirdi, məsələn, “ən böyük ukraynalı”, “ən böyük rus”, “ən böyük alman”, “ən böyük fransız” və s. kimlərdir?

 

Ukrayna xalqının rəyi belə idi:

1.Yaroslav Mudre,

2. Amosov (akademik),

3. Stepon Bondero,

4. Taras Sevçenko,

5. Valeri Lobonovski,

6. Çernovil və s.

 

Rusiyada ən çox qırğın törətmələrinə baxmayaraq, Stalin və birinci Pyotr öndə gedirdilər. Rəyi soruşularların əksəriyyəti də bunu həm Stalinin, həm də birinci Pyotrun rus millətinə böyük imperiya bəxş etdirdikləri və rus millətini dünyanın sayılan millətləri sırasına çıxardıqları ilə əsaslandırırdılar.

Almaniyada Adenauer və Bismark daha çox qəbul olunurdu.

Bu mövzuda müxtəlif mübahisələr, diskussiyalar aparmaq olar. Amma fakt faktlığında qalır, inkişaf etmiş millətlərin hər biri öz tarixinə sahib çıxır, dövlətini qurmuş hökmdarlarını, dövlət başçılarını önə çıxardır, millətini tanıdan hər kəsi şükranlıqla yad edir. Bəs bizdə sorğu keçirilsə necə olacaq? Cavab aydındır.

YAP iqtidarının iyul ayında bayram tədbiri keçirdiyi ərəfədə bir tarix – 17 iyul tarixi demək olar ki, kimsənin yadına düşmədi. Həmin tarix cəmi iki il ərzində Azərbaycanın şimalı ilə cənubunu birləşdirərək “Vahid dövlət” halına gətirən, daha sonra müxtəlif ölkələri və xalqları bu dövlətin tərkibinə daxil etməyi bacaran, indiki ərazimizdən təqribən 30 dəfə çox əraziyə Azərbaycan türkünün nəzarətini təmin edən, son 500 illik dövlətçilik tariximizin ən böyük hökmdarı, Azərbaycan Səfəvi dövlətinin banisi böyük Şah İsmayıl Xətainin doğum tarixidir. Heç uzağa getmirəm, yaxın qonşularımızın belə bir tarixi şəxsiyyəti olsaydı, o boyda ərzilərə nəzarət etsəydilər, indi onların qabağında durmaqmı olardı?

Hər dövrün öz tələbləri var. Onda da ərazilərin siyasi cəhətdən birləşməsi, mərkəzləşmiş dövlətlərin formalaşması, kapitalist istehsalının əmələ gəlməsi baxımından Avropa daha irəlidə idi. Onda da gərgin ictimai-siyasi vəziyyət mövcud idi, pərakəndəlik idi və s.

Hansı millətlərin tarixində böyük dövlətləri, dövlət başçıları, imperiyaları mövcud olubsa, o millətlərdə bir böyüklük hissi olur. Biz millətimizə məhz o böyüklüyü qaytarmalıyıq. Bunun üçün tarixçilərimizin üzərinə böyük iş düşür. Xeyli iş görmüş alimlərimiz, araşdırmaçılarımız, yazıçılarımız var ki, onlara təşəkkür düşür.

Şah İsmayılın və qurduğu Səfəvilər dövlətinin millətimizin tarixindəki böyük rolu barədə dünya çapında qəbul olunan məşhur alimlərin, araşdırmaçıların çoxlu sayda yazıları, əsərləri var.

Dünyanın müxtəlif ölkələrinin (Britaniya, Hindistan, Rusiya, Türkiyə və s.) muzeylərində səlnəmələr, tarixi mənbələr mövcuddur, nə qədəri də üzə çıxmayıb bir Allah bilir.

Şah İsmayılın böyüklüyü və kimliyi Azərbaycanda hələ də təəssüflər olsun ki, tam dərk olunmur, bəzən sərsənmələr də olur. Tarixi mənbələr və sənədlər isə hər sualın cavabını verir. Deməli, həm tariximizi öyrənməli, həm də sahib çıxmağı bacarmalıyıq.

Dövlətin də vəzifəsi tariximizi və tarixi şəxsiyyətlərimizi “öldürmək” deyil, “diriltmək” olmalıdır.

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button