Millətin kölə olması üçün «40 illik siyasət» aparılır

Əvəz Zeynallı bu gün 42 yaşını Bakı İstintaq Təcridxanasında qarşılayır

Bu gün – dekabrın 16-da Əvəz Zeynallının 42 yaşı tamam olur. 42 yaş ömrün ən məhsuldar dövrüdür. Bütün təzyiq və təcridlərə baxmayaraq, saxta itihamlarla saxlanıldığı təcridxanada yenə kitablar oxumaqda, yenə kitab yazmaqda davam edir. Üzərində işləyir. Onun bu fədakarlığını çox vaxt Redyard Kiplinqə bənzədirəm. Kiplinq ingilisdilli ədəbiyyatın ilk nümayəndəsi kimi Nobel mükafatına layiq görüləndə 42 yaşı vardı. Özü də bu mükafat ona «parlaq müşahidə qabiliyyətinə, təxəyyülünün təkrarsızlığına, ideyalarının yetkinliyinə görə» verilmişdi. Sonralar, aradan keçən yüz il ərzində bu rekordu təzələmək heç kəsə müəssər olmadı…
Əvəz Zeynallının ad günündə həbsinin səbəbləri, istintaqın gedişi, bu işdə birbaşa iştirakçı olanlar haqda nəsə deməyi lazım bilmirəm. Səbəb də bəllidir, nəticə də, təkrarçılığa nə ehtiyac var?! Onsuz da hansı yöndən baxsaq, bu hadisə baş verməli idi. Əvəz Zeynallı prezidentin ünvanına yazdığı yazılarına görə məhz oktyabrın 28-də həbs olunmalı idi və bu, ona azadlıqda qalması üçün verilmiş son tarix idi. «Xural» kimlərdən yazmadı ki? Hakimiyyət məmurlarını tənqidi yazıları ilə «cana doyuran», onlara xalqdan qopardıqları tikənin haramlığını xatırladan, mətbuatı əlində çilingağaca döndərib oynatmağa cəsarət edənləri hər zaman tənqid edən bir jurnalisti, əlbəttə ki, həbs etmək üçün planlar hazırlanacaqdı.
İllərdir onu yaxından tanıyan, onunla silahdaş, yaxın dost olan bir insan kimi olanları analiz edərkən, «əgər həbs olunacağını bilsəydi, «Xural»ı kəskin, sərt tonlarda dərc etdirməkdə davam edərdimi?» deyə düşünürəm.
Əlbəttə edərdi! Çünki daxilindəki azadlıq hissi, köləliyə olan nifrəti, insanlara sevgisi, millətinə düşkünlüyü mövcud hakimiyyətin apardığı siyasətlə üst-üstə düşmürdü və əvvəl-axır onun yolunu həbsxanadan salacaqdı. Saldı da…
Bu günlər müstəntiqin ona dediyi sözləri bir daha xatırladım. Müstəntiq Əvəz Zeynallıya, «Səni hələ buradan 1-2 il buraxmaq olmaz» deyib. Səbəbini soruşanda, «səni çox yaralamışıq» cavabını verib. Mövcud hakimiyyətin siyasəti budur. Azad fikirli, kölə olmayan insanları yaralamaq – şərlə, böhtanla, əl b(q)uyruqları vasitəsilə. Bununla da özünə potensial düşmən qazanmaq. Bu gün yüz minlərlə insan hakimiyyətin apardığı siyasətdən narazıdır. Sanki bu siyasət millətin məhvinə yönəlib. Saxta ittihamlarla həbsxanalara salınan elə oğullarımız var ki, nəinki Azərbaycanı, daha böyük dövlətləri layiqincə idarə etmək qüdrətindədirlər. Mövcud iqtidar dövlətin çiçəklənməsinə xidmət edəcək siyasət aparmaq əvəzinə, Vətən oğullarını zindanlarda «yaralamaq» siyasətini aparır.
Tarixdən bəllidir ki, Musa peyğəmbər yəhudi xalqının düşüncəsindən köləliyi silib atmaq üçün 40 il onu səhralarda gəzdirdi. Sağ qalanlarla dövlət qurdu. Halbuki Azərbaycan xalqı, türk milləti heç bir zaman kölə olmadı, onu zorla buna vadar edənlərə qanı və canı bahasına etiraz etdi, savaşdı və zəfər qazandı. Zatən bu etiraz olmasaydı, 70 il əsarətində qaldığı bir imperiyanın dağılmasına səbəb olmazdı. «Azadlıq» meydanına toplaşan milyonlarla insanı necə «kölə» adlandırmaq olar? Məgər, 20 il əvvəl o meydanlarda «Azadlıq» qışqıran insanlarımız deyilmi bu günkü nəsli ərsəyə gətirən? Nə oldu? Nə baş verdi? İnsanların şan-şöhrətə hərisliyi bütün dəyərlərindən üstünmü oldu? Məncə, yox. Sadəcə, bu hakimiyyət insanlara bacardığı qədər qorxu, hürkü yüklədi. Əvəzində cəsarətsiz və qorxaq topluma sahib oldu. Ölkəni daha asan idarə etmək üçün. Başını qaldıranın başından basdı. «Azadlıq» deyənləri çamurlayıb zindanlara atdırdı, səsini batırmağa çalışdı, Həcc ziyarətində olmuş möminləri «sevgiladə»lərlə şərlədi, rüşvətə qarşı çıxanları korrupsiyada ittiham etdi. Budur mövcud hakimiyyətin apardığı siyasət!
Heç bir zaman güclü, millətinə və torpağına sadiq olan «padşah»ları tarix bu qədər çarəsiz görmədi. Sultanlar «möhtəşəm yüzillər» boyu dövlət idarə etdilər və bir kimsəni narazı salmadılar. Ancaq özünə və taxtına söykənənlərə Tanrı da layiq bildiyi cəzanı kəsdi. Aman istəyənləri azmı gördük?
Dünyanı yaşadan kölələr deyil, azad düşüncəli, cəsur və cəsarətli insanlardır.
«Qadını ər doğmaz qorxaq millətin!» Amma görünür, Azərbaycanı öz naşı siyasətilə idarə edənlər əvvəlcə milləti qorxaq, məsum etmək istəyirlər ki, dünyaya gətirdikləri övladlar da hansısa kölə qanı daşıyan millətlərin quluna, köləsinə çevrilsinlər. Ağrılı da olsa, siyasət budur. Söhbət tək Əvəz Zeynallının həbsindən getmir. Təcridxanaya salınanda ilk günlər yarızarafat, yarıgerçək göndərdiyi mesaj da ürəyimizi sızlatmışdı: «Mən elə bilirdim Azərbaycanda mərd kişi qalmayıb. Sən demə, hamısı burada imiş…» Burada, yəni millətin öz haqqı, öz pulu hesabına hər gün tikilən və avrostandartlara cavab verildiyi iddia olunan həbsxanalarda, təcridxanalarda… Hesab soran da yoxdur ki, cəmi 9 milyon xalqı olan, heç 5 milyon fəalı qalmayan bir millət üçün bu qədər həbsxananı tikməyə, böyütməyə, genişləndirməyə nə ehtiyac var?
Sanki millətin «islah olunmuş kölə» olması üçün 40 illik siyasət aparılır. 40 ilin tamamında son nəfərimizə qədər kərgədanlaşacaq, kölələşəcəyik.
Bu siyasət əvvəlcə millətin düşünən beyinlərini, azad təfəkkürlərini susdurmağa yönləndirilir. Əvəz Zeynallı kimi oğullar nə qədər az olsa, ölkədə hegemonluğun və harınlığın da həddi-hüdudu olmayacaq. 4-cü hakimiyyətin susqunluğu nəticədə insanları müdafiəsiz qoyacaq. Özü də demokratiya pərdəsi altında… Hər gün bir günahsızı qanı bəlli olmayanların əli ilə həbsə atdırmaq hər nədirsə, demokratiya deyil. H.Əliyev 12 il əvvəl qəbuluna gələn əcnəbi insanlara söylədiyi «demokratiya alma deyil ki, xalqına istədiyin müddətdə yedirəsən. Bunun üçün vaxt lazımdır» demişdi. Həmin vaxtdan 12 il keçir və ötən müddətdə alma demokratiyaya deyil, demokratiya almaya çevrildi və çürüməyə başladı…
Əvəz Zeynallı müstəqil, öz düşüncəsi və öz mülahizələri olan, hər şeydən çox sevdiyi peşəsinə sadiq insandır; Ədalət və haqq uğrunda mübarizə aparan, millətinə xələl gətirən səhvləri bağışlamayan, buna görə hər zaman bütün cəbhələrdən təpkilərlə üzləşən, buna baxmayaraq, ən əziz bildiyi adamlara belə tənqidi yanaşan bir insandır. Onu yaxından tanıyanlar bunu yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Ə.Zeynallının cəmiyyətdən təcrid olunduğu hər gün onun qarşısına daha işıqlı sabahlar açılır. Bu sabahlardan birində Əvəz bəy yenidən öz qələmi ilə öz sevimli işinin başında olacaq.
Əvəz bəy, ad günün, mübarizə yolun mübarək! Düşünən zehniyyətin hər zaman iti olsun!

M.Zeynallı

Əlaqəli məqalələr

1 şərh

  1. “Cəsarətsiz və qorxaq” toplum – gozel sozlerdi, yerinde deyilmis isabetli benzetmedi. Ama men toplum demezdim, topluluq deyerdim. Men ne M-den ne de I-dan yana olan bir sexs, vetendaw kimi, sadece insanlarimizin ehtiyac, sefalet, uzlerinde acizlik yorgunlugu olmadan yawamagini istiyirem. Her bir vetendawin ozunu beraber hiss etdiyi bir cemiyyetde yawamasini istiyirem. Qoy hec kim Azerbaycanda nedense, haradansa daniwanda bura filan-kesindi, filan iwe filan-kes nezaret edir, filan-binalar,magazalar filan-kesin qohumunundu demesin, butun nemetler haminin – butun vetendawlarin olsun. Bu gozel olkemizin bizim oldugunu, Azerbaycanin bizim dogma evimiz oldugunu bir derin nefes, bir urekden guluw qeder hiss ederek yawlanmagimizi isteyirem.Dovranin qarwisindaki acizliyinde qacaraq Rusyaya uz tutan, yaxud cixiw yolunu intiharda goren, gunu-gunden xerebi cixan, meneviyyati zombilewen, bir-birine yadlawan genclik gormek istemirem.Edaletli cemiyyetle yetiwen, edaleti olmagi vediw etmiw, aga-bey, kimdense ustun, kiminse agasi, muduru, amiri olmagi istemeyen, insani,insanligi seven insan kimi yawayan guleruzlu genclik istiyirem.Nehayetki toplulugun topluma, toplumunda bawi ile dusunen xalqa cevrilmesini istiyirem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button