Millətin Dirçəliş və Şərəf Günü –(II hissə) VİDEO

17 noyabr 1988-ci il tarixinin əks-sədası hələ də davam edir. 28 il bundan əvvəl başlayan bu möhtəşəm tarixin davamı olaraq bu il də bayram tədbiri keçirildi. Tədbir Vətəndaş Həmrəyliyinin qərargahındakı konfrans salonunda baş tutdu. Tədbiri təşkil edən Təşkilat Komitəsinin üzvlərinin gərgin əməyi və misilsiz çalışması sayəsində VHP-nin salonu ağzına qədər dolmuşdu. Əlavə gətirilən oturacaqlar dolmuş, arada qalan yerlər dolmuş, insanlar pilləkənlərə qədər enmişdi. Açığı, müxalifət cameəsinin son illərdə bu boyda tədbirini xatırlamıram.

Üzücü orasıdır ki, Təşkilat Komitəsi olaraq tədbiri düzənləmək üçün müraciət etmədiyimiz yer qalmadı. Əvvəlcə BMM-yə, sonra digər otel və konfrans salonlarına müraciət etdik. İşimizi yoxuşa sürdülər. Nə həzindir ki, Millətin Şərəf Günü olan 17 noyabrın önündə dayanan bütün maneələr qaldırılmalı ikən, əksinə, bu günün və tədbirin önünə kötüklər dığırlanmağa başladı. Biz dəstək görməli ikən, köstək gördük və bundan çox kədərləndik.

Bu tədbiri siyasi tədbir kimi dəyərləndirmədik. İstisnasız olaraq bütün siyasi yelpazəni dəvət etdik. Bir ucundan digər ucuna hamı orada olsun istədik. Əli Əhmədovdan, Siyavuş Novruzovdan, Zahid Orucdan Elman Türkoğluna, Yaşar Türkazərə qədər. Ayrı-seçkilik etmədən, siyasi monopoliya aparmadan siyasi aləmin bütün öndə və arxada gedənlərini bir çatı altına toplamaq istədik. Nisbətən nail də olduq…

t2

Düşünürəm ki, məhz bu səbəbdən də toplantı uğurlu alındı və siyasi dünyamızın bütün öndə gedənləri – kiçik istisnalar olmaqla – orada iştirak etdilər. Açığı, bəzi siyasət adamlarımızın “filankəs oradadırsa, mən yoxam” iddiasını anlamasam, bəzilərinin isə özlərini dartıb tədbirdə iştirak etməməsini anlasam da, bu, heç nəyi dəyişdirmədi. Biz yolumuza davam etdik. Əli Kərimli nümunəsi də oldu, Etibar Məmmədov nümunəsi də, Mirmahmud Mirəlioğlu nümunəsi də, Cəmil Həsənli nümunəsi də…

Məlum oldu ki, KXCP sədri Mirmahmud Mirəlioğlunun toplantıda iştirak etməsinin əleyhinə olub partiya. Amma özü demiş, Mirmahmud Mirəlioğlu da Mirmahmud Mirəlioğludur – partiyanın dirənişini qırdı, gəldi və sözünü deməyi də bacardı. Ya da Cəmil Həsənli – gəldi və danışdı. Cəmil Həsənli o toplantıya gəlməsəydi, biz tam məqsədimizi ifadə edə bilməyəcəkdik.

Bəzi media dostlarımız toplantını başqa cür dəyərləndirdilər. Toplantını kiminsə reabilitasiyası kimi qiymətləndirməyə çalışdılar. İlk günündən son gününə kimi tədbiri hazırlayanlardan və bütün işləri aparanlardan biri olaraq bəyan edirəm ki, əsla elə bir cəhd yox idi və deyilənlər həqiqətə əsla uyğun deyil. Tədbirin aparılması, aparıcıların kimlər olması (aparıcı ən azı 2 dəfə dəyişdi), kimlərin çıxış edəcəyi, hətta aparıcının nə danışacağı haqqında da əvvəlcədən razılıq oldu və kiçik istisnalar xaric olmaqla, hər şey planlaşdırıldığı kimi oldu. Çünki tədbir siyasi monopolistlərin əllərində olmadı və siyasi monopoliyaya olunan bütün təşəbbüslər ortadan qaldırıldı. Ona görə də tədbir uğurlu alındı. Ən müxtəlif fikirlərdə və iddiada olan şəxslərin hamısı danışdı.

Tədbirin keçirilməsi üçün çalışan bütün dostları təbrik edirəm. Tədbirin baş tutmaması üçün əlləşənləri də eyni həyəcanla təbrik edirəm. Tanrı hamıya öz ürəyinə görə versin!

Tədbirin yekun bəyanatı isə tədbirdə oxunmasa da, fikirlərimizi və düşüncələrimizi ehtiva edir. Onu da yazıma əlavə etmək istədim:

t

17 noyabr 1988-ci ildə başlanan Meydan hərəkatının 28-ci ildönümü münasibətilə 17 noyabr 2016-cı ildə təşkil olunan toplantının yekun

BƏYANATI

Meydan hərəkatının başlamasından 28 il ötür. Bu şanlı tarix bütün Azərbaycan xalqının xoş xatirələrlə xatırladığı şərəfli səhifələrdən biridir. 28 il bundan əvvəl Azərbaycan xalqı öz hüquqları uğrunda daha bir mübarizə mərhələsi başladı və bu mərhələdən alnıaçıq, üzüağ çıxdı. Təpədən-dırnağa zirehlə və qanla silahlanmış imperiya Azərbaycan xalqının havaya qalxan dəmir yumruqlarının qarşısında dözə bilmədi. Xalqı qana boyamaq istədi, amma özü öz qanı içində boğuldu.

Meydan hərəkatı 18 gün davam etdi. Bu 18 gündə 18 adamın burnu qanamadı, 18 insan narazı qalmadı. Tək bir yumruq kimi birləşdi Azərbaycan xalqı Meydanın ətrafında. Dərdi-səri bir oldu Millətin. Kimsə kimsənin burnunu qanatmadı, kimsə kimsəyə sataşmadı, qovğa etmədi. Hamı bir-birini qardaş-bacı, ata-bala bildi.

Noyabrın 23-dən etibarən o günə qədər “Lenin” meydanı kimi tanınan “Azadlıq” meydanı sovet ordusunun hərbi birləşmələri tərəfindən üzük qaşı kimi mühasirəyə alındı. Amma yenə bu millətin oğul və qızlarının birliyi və birləşmiş gücü sayəsində xalqın əzəmətli mübarizəsi davam etdi. Heç bir güc Millətin həmrəy olan birliyini poza bilmədi, ona gücü çatmadı…

1988-ci ilin noyabr-dekabr aylarında soyuğun, sazağın və ayazın altında 18 gün meydanda qalan Millətin oğul və qızlarının sayəsində 1989-cu ildə Azərbaycan xalqı “İlin Xalqı” elan edildi. Bu, Azərbaycan xalqının, onun qədirbilən övladlarının güclərinin və birliklərinin sayəsində mümkün oldu. Ardından, 20 yanvar faciəsi gəldi, ardından müstəqillik gəldi. Başlanan yol müstəqillik qərarının alınması və Azərbaycanın müstəqil dövlətə çevrilməsi ilə nəticələndi.

O günləri, o günlərin birliyini və möhtəşəmliyini unutmadı Azərbaycan xalqı. Heç bir zaman onun övladları olan bizlər də unutmamalıyıq bu şərəfli tarixin gətirdiyi ibrətamiz dərsləri. Bütün Azərbaycan xalqı hər zaman Meydanın o əzəmətli ruhu ilə nəfəs almalı, yumruq kimi birləşməyi bacarmalıdır. Biz o ağır və dumanlı günlərdə birləşməyimiz, bir olmağımız sayəsində “dəmir pərdə”ni dağıda, parçalaya bildik. Biz indi də o gücdə və qüdrətdəyik, sadəcə o birliyimizi və bir-birimizə olan sevgimizi sanki itirmişik.

Meydanda Azərbaycanda yaşayan bütün insanlar, bütün millətlər və xalqlar bir yumruq kimi birləşmişdi. İndi də o birliyi nümayiş etdirə bilərik. İndi də birləşə bilərik. Ki, indi bu birlik bizə hava-su kimi lazımdır. O zaman düşmənimiz bəlkə də 1 idi, indi düşmənimiz bəlkə də 10-larladır.

Siyasi düşüncəsindən və daşıdığı fikirdən asılı olmayaraq hər kəsi birliyə, bərabərliyə, gələcəyimiz uğrunda səfərbərliyə çağırırıq. Bu gündən tarixə və gələcəyə səslənirik:

Bizi “Meydan ruhu”, milli maraqlarımız naminə birlik xilas edəcək!”

Əvəz Zeynallı

17 noyabr 2016-cı ildə keçirilən tədbirin II hissəsi:

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button