Milli Dövlətçilik Partiyasının sədri, siyasi məhbus Nemət Pənahlı azadlıqda – VİDEO

1

Martın 17-də prezidentin əfv sərəncamı ilə 14 siyasi məhbus həbsdən azad olundu.  Dünəndən sərəncam icra olunmağa başlayıb və bir çox siyasi məhbus azadlıqlarının ilk günlərini ailələrilə birgə keçirirlər. Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Müalicə Müəssisəsindən azadlığa buraxılıb.

Nemət Pənahlı (Pənahov) 1962-ci ildə ldə Azərbaycan SSR-in Naxçıvan MSSR-də anadan olub. Azərbaycanda müstəqillik yolunda ilk addım sayılan Meydan hərəkatının aparıcılarından, ilk rəhbərlərindən olub. Ümumiyyətlə isə N. Pənahov 1988-ci ildə başlayan milli azadlıq hərəkatının qabaqcıl simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biridir. 1989-cu il dekabrın 31-də N. Pənahovun təşəbbüsü və başçılığı ilə milli azadlıq hərəkatı iştirakçıları tərəfindən Naxçıvan ərazisində bir neçə kilometrlik məsafədə Şimal və Cənub Azərbaycan arasında tikanlı məftillər kəsilərək sərhəd aradan götürülmüşdür. Həmin gün Dünya Azərbaycanlılrının Həmrəylik günü kimi qeyd edilir.

90-cı illərin əvvəllərində Heydər Əliyev tərəfdarlarına qoşulub, onun hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında çalışıb. 1995-ci ildə parlament seçkisinin saxtalaşdırılacağını iddia edərək istefa verib. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçkiyə bir həftə qalmış namizədlərdən birinin xeyirinə saxtakarlıq ediləcəyi iddiası ilə kampaniyanı dayandırıb.

Milli Dövlətçilik Partiyasının sədridir.

Son illər fəal siyasətə dönən Nemət Pənahlı 2011-ci ilin yanvar ayında “Silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək” 6 il müddətinə azadlıqdan məhrum edilib. N.Pənahlı ona qarçı irəli sürülən iddiaları qəbul etməyib və həbsini siyasi fəaliyyətilə əlaqələndirib. Beynəlxalq hüquq təşkilatları da N.Pənahlının həbsinin siyasi xarakterli olduğunu bəyan edib.

17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub.

Xural.com-un hazırladığı videogörüntüləri şərhsiz oxucularımızın diqqətinə təqdim edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button