Milli Məclisdə qalmaqal

sabir rüstemxanliS.Rüstəmxanlı: “M.Ə.Rəsulzadənin büstünə çuval keçirilib”

O.Əsədov: “Özünüzü göstərmək nəyə lazımdır ki, hamı hamını yaxşı tanıyır”

M.Quliyev: Sabir Rüstəmxanlının Rəsulzadəyə belə ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin…

Milli Məclisin iclasında mübahisə yaranıb. Deputat Sabir Rüstəmxanlı plenar iclasda cari çıxışlara vaxt ayrılmamasına etirazını bildirib. “Azərbaycanda o boyda hadisə oldu, bina yandı. Binaların üzlənməsinə külli miqdarda vəsait xərclənib, amma binalar yararsız materialla üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”.
Millət vəkili Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə qarşı çox böyük hörmətsizlik edildiyini də vurğulayıb. “Dünən 28 May Müstəqillik Günü idi. O müstəqilliyin hesabına biz bu gün burada oturmuşuq. İlk respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma o büstün də başına çuval keçirilib. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsinə bənzəyir. Əgər Gəncə şəhər  İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Yoxsa, zəhmət çəkib onun yeni büstünü qoysun”.
Deputatın çıxışı spiker Oqtay Əsədovla mübahisəyə səbəb olub.
O.Əsədov: “Siz hər dəfə Milli Məclisin iclası başlayanda bu cür təpki verirsiniz. Mütləq nəsə qulp qoyursunuz”.
Sabir Rüstəmxanlının mikrofonu sönülü olsa da, yerindən spikerə cavab verdi:  “Həmişə olmur, yalan danışmayın”
O.Əsədov əsəbi cavab verdi: “Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”.
İclasda çıxış üçün söz alan deputat Musa Quliyev də Sabir Rüstəmxanlının Rəsulzadənin büstü ilə bağlı dediklərinə etiraz edib.
 “Sabir Rüstəmxanlının burada Rəsulzadənin abidəsinin başına çuval keçrilməsi ilə bağlı səsləndirdiyi çıxış çox lazımsız və mənasız idi. Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır. Oradakı parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də həmin abidənin üstü təmir işləri ilə bağlı örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdu. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının Rəsulzadəyə belə ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı da təmir etdirsin, yeni büst də qoysun. Bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və ağıllarına gələni danışırlar. Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur” – deyə Gəncə 40 saylı dairədən deputat bildirdi.
O.Əsədov ona “filankəsin qudasıdır” kimi ifadə işlətməsinə görə iradını bildirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button