Milli Şura rəhbərliyi “Bandotdel”ə çağırıldı

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri  Eldəniz Quliyev, Oktay Gülalıyev, Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli oktyabrın 14-nə  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb. BMCQMİ-nin İstintaq Şöbəsinin rəis müavini  Canpolad Daanov adı çəkilən şəxləri saat 10:30-dan yarım saat intervalla  idarəyə dəvət edib. Məlumatı həmin şəxslər özləri feysbuk səhifələrində yayıb. Amma hansı səbəbdən çağrılmaları barədə onlara məlumat verilməyib.

AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində məsələyə münasibət bildirib.  “Çətinə düşən kimi milli mentalitet arxasında gizlənənlər utanmadan qadın siyasətçini, AXCP sədrinin müavini Gözəl Bayramlını “bandotdel”ә çağırıblar. Azərbaycan siyasətini bu qədər aşağılamaq lazım deyil. Gözəl Bayramlı mənim müavinimdir. Mənim tapşırıqlarımı yerinə yetirir. Onun siyasi fəaliyyətinə görə mən məsuliyyət daşıyıram. Suallarınız varsa, məni dəvət edin, cavablandırım. Azərbaycanın mübariz, fədakar, vətənsevər xanım siyasətçisindən – Gözəl Bayramlıdan isə əl çəkin!”,-deyə AXCP sədri bildirib.

AXCP sədrinin müavini Gözəl Bayramlı da feysbuk vasitəsilə MCQMİ-yə çağırılmasına reaksiya verib. “Bu, rejimin son çırpıntılarıdır. Milli Şuranın və AXCP-nin qətiyyətli və ardıcıl mübarizəsi bunları lap  hövsələdən çıxarıb. Guya bizi “bandotdel”ə çağırmaqla nəyə nail olacaqlar ki? Bir an belə mübarizəni dayandırmaq yox! Şəxsən öz adıma deyirəm, öldü var, döndü yoxdur. Azərbaycanın bu rejimdən xilas olacağı günə qədər mübarizənin ən ön sırasındayam. Mübarizə varsa, həbs daxil hər şeyi  göz önünə almaq da  var. Bu gün həbsdə olan mübarizə dostlarımın heç birindən artıq deyiləm  Lütfən, narahat olmayın. 1988-ci il noyabr ayının 23-dən 24-ə keçən gecə  ilk dəfə rus qoşunları Azadlıq meydanına yeridiləndə əl-ələ tutuşub meydanı tərk etməyənlərin sırasında olanlardanam”, – deyə o yazıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button