Milyonların 78 faizi bir mənbədən satın almaya yönəldilib – ARAŞDIRMA

Hesablama Palatası büdcə vəsaitlərinə divan tutulduğunu təsdiqləyir
Tender komissiyası pulu təyinatından yayındıraraq maaş kimi götürüb
Hesablama Palatasının müxtəlif dövlət qurumlarında apardığı auditin satınalmalar sahəsində ortaya çıxartdığı nöqsanlar keçirilən tenderlərdə “Bizim Yol” qəzetinin aşkarladığı pozuntularla üst-üstə düşür. Məlumatların təhlili göstərir ki, audit edilən qurumlar tərəfindən malların, işlərin və xidmətlərin satın alınması zamanı əksər vaxtlarda qanunvericiliyin tələblərinə əməl olunmayıb. Əslində dövlət satınalmalarının rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi bir tərəfdən keyfiyyətli xidmətlərin əldə olunması və vəsaitlərə qənaət edilməsinə, digər tərəfdən, bazarın hər bir iştirakçısına bərabər şərtlərin yaradılması və gəlirlərin daha ədalətli şəkildə yenidən paylanmasına xidmət edir. Bu sahəni tənzimləyən normativ-hüquqi aktların tələblərinə riayət edilməsi isə mümkün korrupsiya risklərinin qarşısının alınmasına hesablanıb.
Dövlətin pulları ciddi səbəb olmadan eyni adamlara verilib
Lakin audit olunan qurumlarda satınalınmanın müxtəlif metodlarının tətbiqində çeşidli və hər il təkrarlanan nöqsanlar müəyyən edilib. Məlum olub ki, malların satın alınması zamanı tenderlərin 14%-i açıq keçirilib, 1%-i kotirovka, 3%-i təkliflər sorğusu, 77,8%-i bir mənbədən satınalma yolu ilə baş tutub. 4.2%-i isə ümumiyyətlə, satınalma metodu tətbiq edilmədən keçirilib. Açıq tender və kotirovka sorğusu metodlarının tətbiqi, təkliflər sorğusu və birbaşa müqavilələrin bağlanılması üzrə təhlil bir sıra qurumlarda satınalmanın birbaşa müqavilələrin bağlanılması və təkliflər sorğusu tətbiq etməklə həyata keçirilməsinə üstünlük verildiyini göstərib. Kotirovka sorğusunun tətbiqi zamanı 3-dən az olmamaq şərti ilə potensial imkanı olan podratçıların siyahısının tərtib edilməməsi, kotirovka sorğusu şərtlərində malların qiyməti və digər zəruri məlumatların təqdim olunması ilə bağlı qeydlərin aparılmaması, təklif zərflərinin açılmasında da bir sıra nöqsanlara yol verilib. Beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına reallaşdırılan layihələr üzrə aparılmış nəzarət tədbirlərində isə məlum olub ki, vəsaitlərin xərclənməsi satınalma prosesini tənzimləyən beynəlxalq sənədlərə uyğun icra edilib və beynəlxalq müsabiqəli açıq tender metoduna üstünlük verilib.
Bir mənbədən satınalma proseduru “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilmiş tələblər, o cümlədən satın alınan malların yalnız hər hansı konkret podratçıda və ya hər hansı malgöndərənin konkret həmin mallar üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olduğu halda tətbiq edilməsi ilə bağlı tələblər gözlənilmədən, həmçinin, malların və işlərin ehtimal olunan qiyməti müəyyən olunmadan reallaşdırılıb. Tender keçirilməsi üçün kifayət qədər vaxt olmasına baxmayaraq ilin əvvəlində bir mənbədən satınalma keçirilməsi üçün müvafiq razılıq alınması, satınalmanın isə ilin sonunda aparılması kimi hallara rast gəlinib. Bir mənbədən satınalma metodu tətbiq edilməklə imzalanan birbaşa müqavilələrin əsasən tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyi bəlli olub. Bu isə cəmi məbləğin 94,5%-ni təşkil edib.
Bir mənbədən satınalma alternativ olmadıqda baş tuta bilər
“Dövlət satınalmaları haqqında” Qanunun 21-ci, “Bir mənbədən satınalma metodundan istifadə şərtləri”nə görə satın alınan mallar yalnız hər hansı konkret podratçıda və ya hər hansı konkret malgöndərən həmin mallar üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; fövqəladə hallarla əlaqədar həmin mallara təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; sifarişçi təşkilat hər hansı podratçıdan mallar, avadanlıqlar, texnologiya və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin podratçıdan satın alınması qənaətinə gəldikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bir mənbədən satınalma üsulundan istifadə edə bilər. Podratçı tərəfindən təklif edilən işlərin qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə satınalan təşkilat Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır. Amma Palatanın audit nəticələrindən belə görünür ki, audit olunan təşkilatlarda iş və xidmətlərin 80%-ə yaxını bir mənbədən satın alınıb. Araşdırmalarımızdan da məlum olub ki, büdcədən maliyyələşən təşkilatlar milyonlarla dəyəri olan iş və xidmətləri ciddi səbəb olmadan əsasən bir şəxs və ya təşkilatdan alırlar və əksər hallarda da tenderlər rəqabətsiz keçirilir.
Qiymətlər “havadan” alınıb
Nəzarət tədbirləri zamanı satınalmaların keçirildiyi hər bir təşkilatda qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına bu və ya digər dərəcədə riayət edilmədiyi müəyyən edilib. Məlumatların təhlili qurumlarda tender komissiyalarının tərkibinin düzgün formalaşdırılmadığını, tenderin əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlərin cəlb edilmədiyini, tender prosedurlarının başlanmasından əvvəl satın alınan mal və xidmətlərin ehtimal olunan qiymətinin müvafiq qaydada müəyyən edilmədiyini, peşəkar qiymətləndiricilərin dəvət olunmadığını göstərib. Bir çox hallarda tender elanlarının məzmununda, həmçinin şərtlər toplusunda göndəriləcək malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri, malların yollanması və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və xidmətlərin göstərilməsinin qrafiki qeyd olunmayıb.
Podratçıların iddiaları imkanlarını aşır
Tender komissiyalarının fəaliyyətinin təşkilində də bir sıra nöqsanlara yol verilib. Bəzi satınalma prosedurları ilə əlaqədar tender komissiyası tərəfindən iclas protokolları və satınalma prosedurlarının keçirilməsi ilə bağlı daxil olan sənədlərin qeydiyyatı üçün qeydiyyat kitabı tərtib olunmur, tender təklifləri və ya ofertaların təqdim edilməsindən əvvəl podratçıların ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirilmir, satınalmada iştirak üçün podratçıların ixtisas göstəriciləri, o cümlədən müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə məlumatların alınması təmin edilmir, iş və xidmətlərə dair hər hansı özünəməxsus xüsusiyyətlər, planlar, cizgilər, eskizlər, tələblər və ya təsvirlər satınalınan mal və xidmətlərin obyektiv texniki və keyfiyyət göstəriciləri əsaslandırılmır.
Audit olunan qurumlarda tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumatın 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilmədiyi və rəsmi internet saytında yerləşdirilmədiyi, keçirilmiş satınalma prosedurları haqqında məlumat cədvəli hazırlanmadığı, qalib elan edilmiş malgöndərənlər tərəfindən müqavilənin yerinə yetirilməsinin təminatı olaraq bank zəmanətinin alınmaması hallarının da mövcud olduğu müəyyən edilib.
Texniki və kadr potensialı olmayan podratçılar işi sübmüqaviləçiyə ötürüb 
Satınalma prosesinin yekunu olaraq müqavilələrin bağlanılması zamanı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə əməl olunmaması, satın alınan mal və xidmətlərin mənşəyinin göstərilməməsi, uyğunluq sertifikatları və avans ödənişlərinin təminatının alınmaması, zəruri prosedurlara əməl olunmadan iş və xidmətlərin hər vahidinin qiyməti və meyarını dəyişdirməmək şərti ilə bağlanmış satınalma müqavilələrinin həcminin artırılması bu sahədə tez-tez rast gəlinən nöqsanlardandır. Müqavilələrin tərtibində müqavilə şərtlərinə əməl edilmədiyi halda çox zaman cərimələrin nəzərdə tutulmadığı müəyyən edilib. Bu cərimələrin nəzərdə tutulduğu hallarda onların tətbiq olunmadığı da ortaya çıxıb. Yol verilən digər nöqsan müqavilələrin mövcud qanunvericiliklə müəyyən edilmiş həddi aşmaqla ayrı-ayrı submüqavilələrə bölünərək icra olunmasıdır. Daha əvvəl də dəfələrlə qeyd etmişdik ki, texniki və kadr potensialı olmayan podratçılar çox vaxt aldıqları işi sübmüqaviləçiyə ötürür, bu isə işin qiymətini süni şəkildə artırmaqla bərabər keyfiyyətə də təsir edir.
Quzunu qurda tapşırmağın nəticəsi
Satın alınacaq malların siyahısında dəyişikliklərin edilməsi məqsədilə müvafiq qaydada razılıq əldə edildikdən sonra razılaşdırılan malın deyil, digər malların alınması hallarına da rast gəlinib. Həmçinin, audit olunan qurumlarda mal və xidmətlərin satınalınması zamanı keçirilmiş tenderlərdə iştirak haqlarının toplanmaması, bir sıra hallarda isə toplanmış vəsaitin təyinatının dəyişdirilərək bu vəsait hesabına tender komissiyası üzvlərinə əmək haqqı ödənilməsi və digər tədbirlərə yönəldilməsinə rast gəlinir. İşə nəzarət etməli olan tender komissiyasının vəsaitin təyinatından yayındırılması hesabına özlərinə maaş almaları satınalma proseslərinin əmin əllərdə olmadığını bir daha göstərir.
Dövlət vəsaitlərinə qənaət edilməyib, satınalma keçirilməyib
Satınalma prosesinin nəticələri barədə müvafiq qaydada məlumatların təqdim edilməsi ilə bağlı xeyli prosedur nöqsanları da müəyyən edilib. Nəzarət tədbirləri bir sıra hallarda müqavilələrlə bağlı zəruri məlumatların həmin dövrdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanının satınalmalar üzrə məlumat reyestrində əks etdirilmədiyini, reyestrə daxil olunmayan müqavilələr üzrə məlumatların audit olunan qurumlar tərəfindən müvafiq qaydada təqdim edilmədiyi, bəzi hallarda isə məlumatların təqdim edilməsinə baxmayaraq aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən reyestrə daxil olunmadığını göstərir. Audit olunan qurumlar tərəfindən eyni təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə müqavilələrin bağlanıldığı, yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə məxsus olan iddiaçılara dəvət göndərildiyi, həmçinin bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması halları aşkarlanıb. Dəfələrlə yazmışıq ki, tenderlər bir qrup adamın monopoliyasındadır və eyni şirkətlər pulun xatirinə, kadr potensialı oldu-olmadı, ən müxtəlif işlərin qulpundan yapışır.
Satınalma metodlarının, hətta təkliflər sorğusu kimi əməktutumlu metodun tətbiqi zamanı satınalmaların cəmi 5-6 günə yekunlaşdırılması, şərtlər toplusunda və eləcə də iddiaçıların təkliflərində alınacaq mallar haqqında çox məhdud məlumatların verilməsi, ehtiyac olmadığı halda tələbat həcminin artırılması kimi nöqsanlar da müəyyən edilib. Vəsaitin bir sıra hallarda “Dövlət satınalmaları haqqında” Qanunun 17.2. və 20.1-ci maddələrinin tələblərinə riayət edilməyərək icra olunduğu, məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsi və satınalma metodu tətbiq edilmədən həyata keçirilməsi hallarına yol verildiyi aşkarlanıb.
Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button