Minsk Qrupunun sonuncu Qarabağ planı: 5 rayon+2 rayon və referendum…

137546_res_01

Qarabağda 4 günlük müharibə Minsk Qrupunu fəallaşdırıb, xüsusən həmsədr ölkələrdən Rusiya tərəflərin hərbi əməliyyatları dayandırması və danışıqlar masası arxasına keçməsi üçün güclü təzyiqlər göstərib. Hələlik danışıqların başlayacağını göstərən əlamət yoxdur, bununla belə açıqlanıb ki, masa üzərində hansısa “Lavrov planı”, yaxud 2011-ci ildə Kazanda prezidentlərin imzalaması üçün nəzərdə tutulan sənədin müəyyən redaktələr edilmiş yeni variantıdır.

Hansı ki, həmin sənəd məzmunu artıq bəlli olan, Dağlıq Qarabağın yekun statusunun referendumda müəyyən edilməsi müddəasını özündə əks etdirən Madrid prinsiplərinə əsaslanır. Və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyir ki, hələ ermənilərə Madrid prinsipləri qədər sərfəli olan nizamlama variantı olmamışdı.

Belə görünür ki, Oskanyan haqlıdır. Çünki 22 ildir davam edən danışıqlarda Minsk Qrupunun irəli sürdüyü təkliflərin heç birində Dağlıq Qarabağın müstəqilliyinə “Madrid prinsipləri”ində olduğu qədər faktiki təminat yaradılmırdı. Üstəlik ətraf rayonların boşaldılmasının formatı da indikindən daha məqbul görünürdü.

Ötən əsrin 90-cı illərinin sonlarında prezident Heydər Əliyevin göstərişi ilə Minsk Qrupunun danışıqlarda tərəflərə ayrı-ayrı vaxtlarda təqdim etdiyi üç saziş layihəsi mətbuatda dərc edildi. Bu təkliflərdən ikisini-“Paket həll variantı”nı və “Mərhələli həll variantı”nı Azərbaycan tərəfi danışıqlar üçün əsas kimi qəbul edib. “Ümumi dövlət” modeli isə rədd edilib. O vaxt bu təkliflər ətrafında geniş polemikalar aparılıb.

Virtualaz.org Qarabağda son döyüşlərdən sonra vasitəçilərin sülh təklifləri ətrafında müzakirələrin qızışdığını, “5 rayon qaytarılır” məzmunlu bəyanatları nəzərə alaraq 17 il əvvəl dərc edilmiş həmin sənədləri növbə ilə təkrar oxucuların nəzərinə çatdırır. Və onlarla indiki “Madrid prinsipləri”, yaxud “Kazan sənədi” arasında müqayisə aparmağı təklif edir. Beləliklə,

Madrid prinsipləri

Təklif 2007-ci ildə tərəflərə təqdim edilib. Qısa mahiyyəti belədir ki, Dağlıq Qarabğdan kənarda işğal edilmiş 5 rayon Azərbaycana qaytarılır, Qarabağ aralıq status alır,  sülhməramlılar yerləşdirilir.Dağlıq Qarabağın yekun statusu referendumla həll edilir. Kəlbəcər və Laçının taleyi 5 il sonra razılaşdırılır. İndiyədək bu sənədin bir neçə variantı müzakirə edilib, sonuncu variantı “Kazan sənədi”dir.

2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyan və həmsədrlərdən başqa Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də iştirak ediblər. Görüşdən sonra həmsədrlər aşağıdakı birgə bəyanatla çıxış ediblər:

TÖVSİYƏ OLUNUR

Azərbaycan və Ermənistan hökumətlərinə

1. 2008-ci ilin seçkilərinə qədər aşağıdakı prinsiplərdən ibarət sənədi razılaşdırmaq:

a) təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi,

b) Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş bütün ərazilərdən çıxarılması, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla,

c) deportasiya olunmuş əhalinin qayıtması,

d) Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi, bütün nəqliyyat və ticarət yollarının açılması.

2. Bütövlükdə sənəd üzrə konsensus alınmayanda razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə göstərmək.

3. 2008-ci ilin seçki kampaniyası dövründə siyasi xadimlərin sülhə və kompromislərin zəruriliyinə müsbət yanaşmasına şərait yaratmaq.

Ermənistan və Azərbaycan hökumətlərinə, həmçinin Dağlıq Qarabağın de-fakto hakimiyyətinə

4. 1994-cü ilin atəşkəsinə hörmət etmək, güc tətbiqindən çəkinmək, hərbi büdcələrin artırılmasına, qarşılıqlı ittihamlara, həmçinin barışmaz və təhrikçi ritorikaya son qoymaq.

5. Qeyri-rəsmi diplomatiyaya və yuxarıda göstərilən prinsiplər daxil olmaqla kompromis qərarlar haqda diskussiyalara yardım etmək, ölkə parlamentlərini belə diskussiyaların açılmasına həvəsləndirmək və azərbaycanlılarla ermənilər arasında əlaqələri asanlaşdırmaq.

6. Dağlıq Qarabağın de-fakto hakimiyyəti işğal olunmuş ərazilərin ermənilərlə məskunlaşdırılmasına, o cümlədən bu rayonlarda özəlləşdirmənin aparılmasına, infrastrukturun inkişaf etdirilməsinə və yerli strukturların yaradılmasına son qoymalıdır.

7. Azərbaycan Qarabağ azərbaycanlılarına öz icmalarının rəhbərini seçmək imkanı verməli, neft gəlirlərindən bütün vətəndaşların, o cümlədən deportasiya olunmuş şəxslərin yararlana bilməsi üçün şəffaflığın artırılmasına, korrupsiyanın azaldılmasına birgə səylər göstərməlidir.

Minsk qrupunun həmsədrlərinə (Fransa, Rusiya və ABŞ) və geniş beynəlxalq ictimaiyyətə

8. Əsas prinsiplərin razılaşdırlmasına nail olunması üçün birgə səyləri artırmaq, Ermənistanda və Azərbaycanda 2008-ci il prezident seçkilərindən sonra danışıqlar prosesini davam etdirmək və bu prosesdə meydana çıxacaq hər hansı fikir ayrılıqlarını dəqiq qeyd etmək.

9. Həmsədrlərin təmsilçilik səviyyəsini artırmaq, Ermənistan və Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlər zamanı Dağlıq Qarabağ probleminin nizamlanmasını əsas elementə çevirmək.

10. Danışıqların məzmunu haqqında daha çox informasiya dərc etmək və hədsiz nikbin bəyanatlarla gözləntiləri süni şəkildə şişirtməkdən qaçmaq.

Avropa Birliyinə

a) Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliyinin rolunu artırmaq; nümayəndəlik Minsk prosesinin gedişini izləməli, bütün tərəflərlə əlaqə saxlamalı, Dağlıq Qarabağa səfərlər etməli, Azərbaycanda deportasiya olunmuş vətəndaşlarla görüşməli və Avropa Komissiyası ilə birgə münaqişə çərçivəsində zəruri maliyyələşdirmənin miqyasını qiymətləndirməlidir,

b) Avropa Qonşuluq Strategiyası proqramından və onun maliyyələşdirilməsi mexanizmlərindən istifadə etməklə etimadın möhkəmləndirilməsinə, həmçinin insan haqlarına hörmətin və qanunun aliliyinin təmin olunmasına yönəlmiş institutların qurulmasına şərait yaratmaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button