Miqrasiya Xidmətindən Azərbaycana utanc gətirən addım

Müharibə veteranının həyat yoldaşı, 2 uşaq anası ölkədən deportasiya olundu

Dövlət Miqrasiya Xidməti Qarabağ müharibəsi iştirakçısı, Samux rayonu Fizuli kənd sakin İlham Xəlilovun həyat yoldaşı, 2 uşaq anası Emilya İsayevanı ölkədən deportasiya edib. Bu barədə müxbirimizə məlumatı İ.Xəlilov verib.
İ. Xəlilovun sözlərinə görə, həyat yoldaşı E.İsayeva Gürcüstan vətəndaşıdır: “Biz dörd il əvvəl ailə həyatı qurmuşuq. Mən həyat yoldaşıma daimi yaşamaq izni verilməsi üçün Miqrasiya Xidmətinin Yevlax şəhərində yerləşən regional şöbəsinə müraciət etdim. Miqrasiya Xidməti həyat yoldaşıma yeddi il müddətinə Azərbaycanda yaşamaq izni verməlidir. Miqrasiya Xidmətində mənə lazımi sənədlərin siyahısını verdilər. Həmin sənədləri toplayıb təhvil verdim. On beş gün sonra miqrasiya xidmətindən mənə zəng edərək bildirdilər ki, həyat yoldaşım üç yüz manat məbləğində cərimə olunub. Dedilər ki, yoldaşınız on bir aydır ki, qanunsuz olaraq Azərbaycanda yaşayır, o, hər üç aydan bir mütləq Gürcüstana getməlidir. Onlara bildirdim ki, bu barədə bizə niyə vaxtında məlumat vermədiniz? Dedilər ki, bizim məlumat verməyə vaxtımız yoxdur. Daha sonra mənə bildirdilər ki, 300 manat cərimə ödəməliyəm və həyat yoldaşım Gürcüstana deportasiya olunmalıdır. O 1 il müddətinə Azərbaycana gələ bilməz”.
İ. Xəlilovun sözlərinə görə, 2 övladı var: “Bizim iki övladımız var. Üçüncü övladımız da dünyaya gəlməlidir. Uşaqlarımın hər bir sənədi var. Rəsmi nikahdayıq. İki uşaq anasını necə ölkədən qovurlar? Bu bir ailənin dağılması deməkdir. Neçə olur ki, istənilən idmançını, hardansa gələn kürdləri, pulu olan hər kəsi Azərbaycan vətəndaşı edirlər, amma 2 uşaq anasını ölkədən qovurlar? Yoldaşıma daimi yaşamaq üçün icazə belə verilmir”.
İ.Xəlilov Qarabağ müharibəsində iştirak etdiyini bildirdi: “Döyüşlərdə fərqləndiyim üçün dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışam, Müdafiə nazirinin fəxri fərmanı ilə təltif edilmişəm. Bu vətən üçün canımı fəda etmişəm. Amma indi mənim övladlarımın anasını ölkədən qovurlar”.
İ.Xəlilov Azərbaycanda müharibə iştirakçılarına biganə münasibət göstərildiyini bildirdi: “Mən karetə üzrə qara kəmər ustasıyam. Bir çox beynəlxalq turnirlərdə iştirak etmişəm. Gəncə İdman Məktəbində karate üzrə məşqçi işləyirdim. İdman ustası və Qarabağ müharibəsi veteranı olmağıma baxmayaraq, məni min bir bəhanə ilə işdən azad etdilər”.
Dünən redaksiyamızla əlaqə saxlayan İ.Xəlilovun yaxınları Azərbaycana utanç gətirən məlumat verdilər. Onların sözlərinə görə, həyat yoldaşının ölkədən deportasiya edilməsinə etiraz edən Qarabağ müharibəsi veteranı ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. İ.Xəlilovun hazırda Gürcüstanda olduğu bildirilir.
Məsələyə münasibət öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinə dəfələrlə zəng etdik. Lakin zənglərimizə cavab verən olmadı.
Mövzunu diqqətdə saxlayacağıq.

Əfqan

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button